Daxili İşlər Nazirliyi karantin rejimi ilə əlaqədar Göygöl rayonu ərazisində quraşdırılmış polis postunda baş verən insidentlə bağlı məsələyə münasibət bildirilib.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrin birində Göygöl rayon sakini olan gənc qız – Aytac Məmmədova iddia edir ki, özü və üç dostu rayon polis əməkdaşları tərəfindən döyülüblər, avtomobillərinin şüşələri sındırılıb, xəsarət alıblar, 12 min manatları götürülüb:
“Xanım polis əməkdaşlarını əsassız ittiham etməklə əsl həqiqəti gizlədir. Bildiririk ki, xüsusi karantin rejimi ilə əlaqədar Göygöl rayonu ərazisində quraşdırılmış polis postunda bu il mart ayının 31-də xidmət aparan əməkdaşlar gecə saat 00.30 radələrində “KİA Optima” markalı avtomobilin posta yaxınlaşdığını görüb, təlimata uyğun olaraq onu saxlayıb, sürücünün və maşındakı biri xanım olmaqla, üç sərnişinin sənədlərinə baxış keçirilib.
Məlum olub ki, sərnişin 22 yaşlı Aytac Məmmədovadan başqa, qalan üç nəfərin heç biri Göygöl rayonunda qeydiyyatda deyillər. Odur ki, polis əməkdaşları xüsusi karantin rejiminin tələblərini onlara izah edib və geri qayıtmalarını tələb ediblər. Lakin sürücü əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini 27 yaşlı Sultan Əliyev geri qayıtmayacaqlarını bildirərək, polislərlə lüzumsuz mübahisə yaradıb. Hərəkət və danışıqlarından onların dördünün də narkotik təsiri altında olmaları polislərin diqqətindən yayınmır.
Bu zaman S.Əliyev qəflətən maşını hərəkətə gətirərək, postakı şlaqbaumu qıraraq, yüksək sürətlə oradan uzaqlaşır. Nəticədə, polislərdən biri xəsarət alıb, xidməti avtomobilə isə zərər vurulub.
Bundan sonra polis əməkdaşları narkotik maddənin təsiri altında olan gənclərin törədə biləcəkləri digər cinayətin və hadisənin qarşısını almaq, həm də barələrində qanuni tədbir görülməsi üçün xidməti avtomobillə onların arxasınca gediblər və eyni zamanda, S.Əliyevin hərəkətdə olduğu istiqamətdəki polis postlarına məlumat verilib.
S.Əliyev idarə etdiyi avtomobillə irəlidəki daha iki karantin postunu dağıdaraq, Gəncə şəhərinə girərək gizlənib. Polis əməkdaşları həmin avtomobili dayanacaqlardan birində aşkar ediblər. Onların dördü də qapı və şüşələri daxildən kilidlənmiş avtomobilin salonunda olub.
ŞƏRHLƏR