Xəbər verdiyimiz kimi, Azərbaycanda bu gecədən – 24 mart 00:00-dan başlayaraq, 20 aprelə qədər karantin elan olunub və xüsusi rejim tətbiq edilir.
Oxu24.com xəbər verir ki, koronavirusa qarşı mübarizə tədbirlərini gücləndirmək üçün karantin müddətində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan edilib, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılıb.
Metronun da fəaliyyəti məhdudlaşdırılıb və Bakı Nəqliyyat Agentliyinə metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətləri tətbiq etməsi tapşırılıb.
İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib. O cümlədən insanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilib.
İctimai iaşə müəssisələri artıq gündə 3 saat – 12:00-dan 15:00-dək işləyəcək, amma evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.
Ticarət mərkəzləri və molların fəaliyyəti dayandırılıb, yalnız onların daxilində fəaliyyət göstərən ərzaq mağazaları və apteklər işləyəcək. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyətinə isə heç bir məhdudiyyət yoxdur.
Qeyd edək ki, xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilib.
Oxu24.com
ŞƏRHLƏR