Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə müdiri Zakir İsmayılov və həyat yoldaşı Nəzakət İsmayılovanın barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilib.
“Report” xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında baxılır.
Məhkəməninin növbəti iclası fevralın 25-nə təyin edilib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Z.İsmayılov 19 il, N. İsmayılova isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən təqsirləndirilən şəxslər apellyasiya şikayəti, Hərbi prokuror Xanlar Vəliyev də apellyasiya protesti verib.
Z.İsmayılov Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.
İstintaq zamanı Z.İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib.
Z.İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.
Araşdırmalar zamanı onun həyat yoldaşı N.İsmayılovanın da bu cinayətdə iştirakçılığı müəyyən edilib.
Oxu24.com
ŞƏRHLƏR