Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı "youtube"da səs yazısı yayılıb. Səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edib. Bu səs yazısından sonra Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanov azadlığa buraxıla bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan vəkil Əsabəli Mustafayev bildirib ki, bu qətl haqqında çox insan hansısa fikri irəli sürə bilər:
"Mən həmin səs yazısının çox hissəsini dinləmişəm. O adam öz şübhələrini deyir. Ancaq heç bir sübuta da əsaslanmır. Bir onu deyir ki, Nərmini qətlə yetirdiyini iddia etdiyi insanın maşını var. Nə olsun? Hamının maşını ola bilər. Ancaq söyləmir ki, o adamı Nərmini qaçırdığı yerdə kimsə görüb. Konkret sübutlar göstərmir. Amma buna baxmayaraq, ortada belə bir iddia varsa, istintaq orqanı araşdırmalı və qiymət verməlidir. Həmin şəxslərin sözləri İlkinin bu gün həbsdən buraxılması üçün əsas deyil. Cəmiyyətdə də bu qətlin İlkin tərəfindən törədilib, törədilməməsi ilə bağlı şübhələr var. Altay adlı şəxsin həqiqətən Nərmini qaçırıb, öldürməsi ilə bağlı heç bir sübut yoxdur".
ŞƏRHLƏR