Ağdamda şəhid Səməndər Quliyevin xatirəsi anılıb. Quliyev Səməndər Rəsul oğlu 1964-cü il fevralın 3-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1982-1984-cü illərdə keçmiş sovet ordusunda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndinə qayıdaraq, kolxozda traktorçu işləyib. Ermənilərin Azərbaycan dövlətinə qarşı torpaq iddiası başlayanda isə, Səməndər Quliyev könüllü olaraq Vətənimizin müdafiəsinə qalxıb. Ağdam cəbhəsində gedən hardasa bütün döyüşlərdə iştirak edib.
Onun son döyüşü 1994-ci il fevralın 1-də Ağdam rayonunun Novruzlu kəndində olub. Həmin döyüşdə düşmən tankını qumbara ilə partladan Səməndər bir yaralı əsgərimizi də döyüş meydanından çıxararaq xilas edib, daha sonra yenidən döyüşlərə qatılıb. Fevralın 3-də dünyaya göz açan Səməndər fevralın 1-də şəhidlik zirvəsinə ucalıb, fevralın 2-də isə doğulduğu Mahrızlı kənd qəbirstanlığında dəfn edilib.
Səməndər 8 uşaqlı ailədə böyüyüb. 6 qardaş 2 bacının sonbeşiyi olub. Bacısı Rübabə bu gün onun ölümü ilə razılaşmır.
Bu gün hər kəs şəhidlərin narahat ruhlarının rahatlıq tapması üçün o tarpaqların yağı əlindən azad olmasını istəyir. Inanırlar ki ən qısa vaxtda yağı düşmən müqəddəs torpaqlardan qovulacaq.
Şəhidin anım günü Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində qeyd olundu. Anım tədbirində şəhidin ailə üzvləri, döyüş yoldaşları və məktəblilər iştirak edib.
Mərasim iştirakçıları şəhid Səməndər Quliyev haqqında hazırlanmış video-slaydı izləyib, məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şerlər söyləyiblər.
Oxu24.com
ŞƏRHLƏR