“Hara getsən də, Nərmin ruhən səni hər yerdə izləyəcək, arayacaq”.
Bunu “qaynarinfo”ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə Tovuz rayonunda 10 yaşlı Nərminin dəhşətli faciəsindən sonra anasının Prezident İlham Əliyevə Bakıdan ev istəməsi ilə bağlı müraciətinə münasibətində deyib. Sədr hesab edir ki, Nərminin anası ya nələrisə bilib gizlədir, ya da ictimai qınaqdan qaçır:
“Balası öldürülən ananın qorxusu nədir? Bu hadisəni bilib, təxmin edənlər, susanlar, ört-basdır edənlər qorxsun-çəkinsin. Sənin qorxu dediyin nədir? Bəlkə nələrisə bilib ört-basdır edənlərin, sənin üzünə vuracaqları nəsə var? Nədir qorxun?
İnsanın ailəsi, həyatı təhlükədə olanda ev istəmir, müdafiə, mühafizə istəyir. Bəlkə doğrulardan qaçırsan? Bəlkə Nərminin ruhunun o kənddə, o evdə səni qarabaqara gəzib, “ay ana, niyə belə oldu” sualına cavab verməmək üçün köçürsən? Hara getsən də, Nərmin ruhən səni hər yerdə izləyəcək, arayacaq. Bu, çox pis bir örnəkdir. Bu ana hara qaçır? Nədir bu, acıdırmı? Ya bunu kimsə cahilliyindən istifadə edib Bakıdan ev istəməsi ilə bağlı fikirlər dedirtdirib, ya da başqa bir səbəb qınaqdır. Ola bilsin, nələrsə var. Yoxdursa, kənd camaatından niyə çəkinsin?”.
Qeyd edək ki, 10 yaşlı Nərminin anası Aynurə İsmayılova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eyni zamanda ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya Bakıya köçürülmələri ilə bağlı müraciəti yazılı şəkildə də ünvanlayıb. Onun bu müraciəti cəmiyyətdə birmənalı qarşılanmayıb.
Oxu24.com
ŞƏRHLƏR