Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20085
az

Prezidentin azərbaycanlı cangüdəni inanılmaz SİRLƏRİ AÇDI: "2000 nəfərlik erməni..."

09:3921 Noyabr, 2019
1214
DÜNYA
  • A
 
Maraqlı dünyada yaşayırıq deyilmi? Bəzən bir insanı minlərin sevgisindən, milyonların təhlükəsindən qorumaq lazım gəlir. Amma bu işi talismanlara, dualara, yaxud da böyük sevgiyə həvalə etmək olmur.

Şöhrətin, şanın artdıqca, səni insandan elə insanın özü qoruyur. Yeri gələrsə, özünü, həyatını riskə atır. Çox sevdiyi üçün deyil, işi bunu tələb etdiyi üçün... Amma həyat çox şirindir axı.. İnsan bir məşhuru qorumaq üçün ölümlə burun-buruna gəlməyi gözə ala bilərmi?

Orhan Məmmədov deyir ki, bu hazırlığı təmin edən xüsusi kurslar var.

- Hətta silah istifadəsi üçün icazə alanda, müxtəlif həkimlərin yoxlanışından keçirik. Həm mental, həm də psixoloji cəhətdən sağlam olmaq lazımdır. Amma canını başqa bir can üçün təhlükəyə atmaq cəsarət istəyir. Doğrudur, buna görə yüksək qonorar alırıq. Amma heç bir mal, pul candan şirin deyil.

Müsahibimi təqdim etməyi unutdum. Uşaqlıqdan Türkiyədə yaşayan soydaşımız, qardaş ölkənin ən böyük təhlükəsizlik şirktlərindən birinin rəhbəri Orhan Məmmədov Publika.az-ın qonağıdır.

Həmsöhbətimin böyük güvənlik komandasının qoruduğu simalar arasında bu günədək Rəcəb Tayyib Ərdoğan, Abdullah Gül və digər siyasi xadimlərə eləcə də əlçatmaz dünya ulduzlarının adı var. Peşəkar etiket naminə əməkdaşlıq etdiyi ulduzların sirlərini bizimlə bölüşməsə də, dünya pop musiqisinin kraliçası Madonna ilə bağlı maraqlı hadisəni açıqladı.

- Rəhbərlik etdiyim komandadan əlavə bəzən böyük şirkətlərdən qısa müddətli əmədaşlıq təklifləri də gəlir. Hətta sırf bu məqsədlə yaxın məsafədən cangüdənlik dərsləri də almışam. Bəziləri düşünür ki, cangüdən əzələli olmalıdır. Əslində isə hadisələrə çevik reaksiya vermək, bədən dilini oxuya bilmək, tam nəzarət və silahdan doğru istifadə etmək bacarığı olsa, bəs edir. Endi Qarsiya, Van Damm, Adriana Lima, Red Hot Chili Peppers və digər dünya məşhurlarının Türkiyədə ikən təhlükəsizliyini təmin etmişəm.


Ən maraqlı məqamlardan biri də Madonna ilə bağlıdır. 2012-ci il idi. Madonna konsert proqramı ilə İstanbula gəlmişdi. Çox böyük komanda ilə birgə ulduzun təhlükəsizliyini təmin edirdik. Həmin vaxtlar Madonna rəqs qrupunun 25 yaşlı rəqqası ilə sevgili idi. Sevgilisi qəzaya uğradığı üçün əsa ilə gəzirdi. Mediadan gizlənirdilər. Madonna və bütün komandası İstanbulun ən bahalı otellərindən birini demək olar ki, bağlatmışdılar. Təsəvvür edin ki, yeməkləri xüsusi olaraq Amerikadan gəlir. Hətta Madonna hər yeri döyməli yaşlı çinli aşpazını da gətirib.

Bir gün Madonna yaxınlaşıb dedi ki, sevgilisi ilə birgə İstanbulu gəzmək istəyir. Bunun nə qədər mümkünsüz olduğunu, izdihamla üz-üzə qalacaqlarını bildirsəm də, fikirlərindən dönmədilər. İstəklərini nəzərə alıb, çox qəribə üsuldan istifadə etdik. Madonna hicab geyinib qara eynək taxdı. Bizsə uzaq məsafədən izləməyə başladıq. Məsafəni azalda bilməzdik, yoxsa diqqət çəkərdik. Madonna və sevgilisi bir kafeyə getdi. Ortaköydə böyük iştahla kumpir də yedilər. Amma bütün səylərimizə rəğmən onu tanıyan tapıldı. Tez otelə geri gətirdik.

Orhan peşəsi ilə bağlı çox maraqlı məqamların üstünü açdı. Özü qeyd etdiyi kimi də güvənlik sektorunda çalışmaq üçün heç də nəhəng və cüssəli olmağa gərək yoxdur.

- Əsgərlikdən dönəndən sonra təhlükəsizlik sahəsini araşdırmağa başladım. Türkiyədə bu sektorda çalışmaq üçün xüsusi təhsil almaq mütləqdir. Məsələn, mütləq akademiyanı bitirməlisiniz. Mən Silahlı təhlükəsizlik ixtisasına daxil olmuşdum. Fərqlənmə ilə də bitirdim. Akademiyadan sonra ikinci mərhələ Daxili İşlər Nazirliyinin imtahanına girməkdir. Bu imtahanı da mütləq uğurla keçməlisiniz. Silah istifadəsi peşəkar səviyyədə olmalıdır. Bununla da kifayətlənməyib universitet bitirmək lazımdır. Anadolu Universitetinin Özəl təhlükəsizlik və qoruma ixtisasına daxil oldum. Təhsilimi başa vurub elə həmin universitetin Beynəlxalq münasibətlər ixtisası üzrə oxumağa başladım. İndi də Atatürk Universitetinin Təhlükəsizlik və Kriminalistika ixtisası üzrə magistr təhsilimi davam etdirirəm.

Bu günə qədər Çırağan Sarayı, Kempinski, Four Seasons Bosphorus, Canyon Ranch, Fairmont, Hyatt kimi nəhəng markaların təhlükəsizlik rəhbərli kimi fəaliyyət göstərmişəm. Hazırda “Emaar Square” kimi çox böyük mərkəzin təhlükəsizlik rəhbəriyəm. 300-dən çox təhlükəsizlik içşisi, silahlı polis və yanğınsöndürənlər dəstələri, həmçinin T9 komandalarımız var. Hətta qürurla deyirəm ki, bu gün Türkiyənin böyük şirkətlərinin təhlükəsizlik rəhbərləri güvənlik sistemini quranda, məndən kömək və dəstək istəyirlər. Layihə nə qədər böyük olursa-olsun mənim üçün fərq etmir. Bu sahədə qazandığım bilik və təcrübəm həmçinin güclü komandam sayəsində istənilən işi sıfırdan zirvəyə qaldıra bilirəm. Ən böyük arzum bu sahədə daha nəhəng dünya brendləri ilə əməkdaşlıq etməkdir.


Orxan siyasət dünyasının məşhur simaları ilə çalışıb.

- Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan, sabiq prezident Abdullah Gül, Şahzadə Harri, Co Bayden kimi şəxsiyyətlərin təhlükəsizlik komandasında olmuşam. Bu siyasi simalarla çalışmaq bir yana, yanlarında olmaq belə insana xüsusi zövq və qürur verir.

Lakin harda artıq pul varsa, orada mütləq qorxu, təhlükə var...

- Qısa müddət ərzində bir iş qadınının təhlükəsizlik komandasına başçılıq edirdim. Böyük holdinq rəhbəri idi. Atası vəfat edəndən sonra onun idarəçiliyi qızına miras qalmışdı. Ailə daxilində münaqişə olduğu üçün təhlükə altında idi. Bir gün səyahətə çıxdıq. Özümüzlə birgə çox güvəndiyim iki cangüdən də götürdük. Getdiyimiz şəhərdə avtomobillə təchiz olunmuşduq. İçində sürücü də vardı. Güvənmədiyim üçün sürücüdən imtina etdim. Avtomobili cangüdənlərin biri idarə etdi. Qoruduğumuz şəxsin qalacağı otelə getdik. Qeydiyyat köşəsinə yaxınlaşdıq. Otağın yanında iki nömrə də tutduq. Hər ehtimala qarşı gizli çıxış qapıları, ən yaxın polis bölməsinə qədər bütün xırdalıqları öyrəndim.

Qorumam altında olan şəxsin qaldığı mərtəbəyə qalxan liftin birini tək kartlı sistemə çevirib açıq vəziyyətdə qalmasına nail oldum. Cangüdənlərin biri aşağı mərtəbədə, digəri mənimlə qaldı. Otağın təhlükəsizliyinə əmin olduqdan sonra “VİP” içəri keçib yemək sifariş etdi. Yarım saat sonra xidmətçilərdən biri yemək gətirdi. Bu ana qədər hər şey öz axarı ilə gedirdi. Amma bir məqam diqqətimdən yayınmadı. Xidmətçinin üzündə qəribə narahatlıq vardı. Yeməyi otağa keçirmədən xidmətçinin üstünü yoxladıq. Sonra qutunu açıb yeməyi göstərməsini istədim. Titrək səslə "açsam, yemək soyuyar" dedi. Yanımdakı cangüdənə işarə verdim ki, qutunu açsın. Xidmətçi əlindən yayınıb qaçdı. Qutunun içindən isə üst hissədə gizlədilmiş, səsi batırılmış silah çıxdı. VİP şəxsi digər otağa keçirdib, polisə xəbər verdik. Çox həyəcanlı idim. Çünki bir sui-qəsdin qarşısını almışdıq.


Amma müsahibim təhlükəni yalnız bahalı otellərdə, dünya ulduzlarının yanında ikən duymayıb.

- Uşaqlıqdan bəri polisliyə, əsgərliyə marağım vardı. Bir gün peşə seçərsəm, mütləq bu peşələr olağından əmin idim. Həmçinin gözümüzü açıb Qarabağ müharibəsinin şahidi olmuşduq. Bu da mənim vətənpərvərlik ruhumu gücləndirmişdi. Babam isə sovet dövründə hakim vəzifəsində çalışmışdı. Bəlkə də mühafizə sisteminə olan marağım da buradan qaynaqlanmışdı.

Liseyi bitirəndən sonra əsgərliyə getdim. Mardin Jandarm Komandanı olaraq geri döndüm. Aylar boyu dağın başında qalmaq məcburiyyətində idik. Terroristlərlə baş verən qarşıdurmalar, münaqişələr hələ də gözümün önündən getmir. Xidmət etdiyim kənd PKK-nın üzvləri ilə aşıb-daşırdı. Təsəvvür edin ki, 2000 nəfərlik erməni kəndində aylar boyu azərbaycanlı əsgər kimi xidmət edirsiniz. Çox böyük təhlükə ilə üz-üzə idim. Əllərində olsaydı, bir qaşıq suda boğardılar məni. Amma hərbi xidməti sağ-salamat başa vurub geri dönmək qismət oldu. Geridə qalanlara da səbir diləyirəm.


Həmsöhbətimi sizinlə yaxından tanış etmədim axı...

- Əslən Azərbaycanlıyam. 1987-ci ildə Bakıda doğulmuşam. Uşaqlığım Sovet İttifaqının çöküş dövrünə təsadüf edib. Müstəqil Azərbaycan yenicə qurulurdu. Ölkə çox çətin günlər yaşayırdı. Valideynlərim ayrlandan sonra anamla birgə nənəmin yanına köçdük. Nənəmin danışdıqlarından Türkiyə mənim üçün dost, qardaş ölkədən daha üstün idi. 2001-ci ildə anamla Türkiyəyə köçdük. Anam peşəkar piano ifaçısıdır. Türkiyədə də məşhurdur. Bu gün həyatda əldə etdiyim bütün uğurlarımı ona borcluyam. O, mənim üçün həm ana, həm də atadır.

Orhan bu günədək dünyanın ən məşhur simaları ilə çalışsa da mahnılarına heyran olduğu bir sənətçimizin adını xüsusi qeyd etdi.

- Qoruduğun simaların daim yanında olduğun üçün şəxsi həyatına da şahidlik edirsən. Lakin bunlar mütləq və mütləq sirr olaraq qalmalıdır. Danışılacaq çox şey var, amma bu peşəkarlıqdan kənar olardı. Türkiyənin də ən məşhur müğənniləri ilə çalışmışam. Hadisə, Kənan Doğulu və s... Amma mahnılarına heyran olduğum Röyanın adını xüsusi qeyd etmək istəyirəm. (Publika.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentin azərbaycanlı cangüdəni inanılmaz SİRLƏRİ AÇDI:
Dəhşət: əvvəl şikarını zəhərlədi, iflic etdikdən sonra diri-diri parçaladı
Dünyanın ən zəngin ölkəsi: Burada yerli sakinlər işləmir,işıq,qaz pulsuzdur

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ