“Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli bəyanatı Ermənistandakı daxili siyasi situasiyanı dəyişib, Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları və əleyhdarları arasındakı qarşıdurmanı daha da gücləndirib”.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “facebook” səhifəsində yazıb.
Ə. Həsənov bildirib: “Xatırladım ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu əsaslandıraraq cavab verdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".
Prezident İlham Əliyevin çıxışının əsas leytmotivi Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ilə bağlı mövcud vəziyyətlə əlaqədar idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi, atəşkəs rejiminə rəğmən Ermənistanın təxribatları səbəbindən davam edən hərbi əməliyyatlardan danışdı.
Paşinyanın son aylarda qapıldığı aqressiv ritorika, xüsusilə də Dağlıq Qarabağda, Xankəndidəki terrorçu hərbi xuntanın və dünyanın müxtəlif ölkələrindəki erməni diasporunu təmsil edən şəxslərin, habelə erməni lobbisinin nümayəndələrinin önündə çıxış edərkən verdiyi absurd bəyanatlar, əslində, Ermənistanın işğalçılıq siyasətinin etirafının məntiqi davamı, rəsmi İrəvanın qapıldığı əsassız eyforiya idi. Şovinizm, aqressiya və işğalçılığın terror üzərində köklənmiş üzvi sintezinə çevrilən siyasət yürüdən Ermənistan rəhbərliyi ölkə iqtisadiyyatının uçurumda olmasının, işsizlik və mühacirətin milli fəlakət səviyyəsinə çatmasının fərqində olduğundan məhz belə ritorika vasitəsilə erməniləri sakitləşdirməyə çalışırdı.
Təsadüfi deyildi ki, Paşinyan, əslində, Dağlıq Qarabağda terrorçu-separatçı dəstələrdən birinin banilərindən və komandirlərindən olan, 1992-ci ildə döyüşdə öldürülmüş Leonid Azqaldyanın dediyi kəlmələri təkrarlamışdı. Paşinyan terrorçunun kəlməsini şüara çevirməklə rəsmi İrəvanın işğalçılıq, terror və aqressiv millətçilik siyasəti yürütdüyünü təsdiqləmiş oldu. Terrorçudan iqtibasa Ermənistanın əvvəlki prezidentləri ilə yanaşı, ən qatı və radikal siyasətçiləri belə, cürət etmirdilər: onlar anlayırdılar ki, belə düşünülməmiş, absurd və isterik bəyanat faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlardan imtina etmək, işğalçılığın etirafıdır.
Ona görə də "Valday" Klubu kimi mötəbər təşkilatın beynəlxalq tribunasında, 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndənin, dövlət və hökumət başçılarının, məşhur düşüncə və təhlil mərkəzlərinin rəhbərlərinin də qatıldığı tədbirdə söylənən "Qarabağ Azərbaycandır və nida işarəsi!" yerində və məqamında edilmiş çıxış idi.
Paşinyan Dağlıq Qarabağda hərbi xunta rejimi təmsilçiləri önündə ya erməni lobbisi təmsiçiləri çıxışında sərt ritorika seçmiş və bununla da Ermənistanın işğalçılıq siyasətini, əslində, ifşa etmişdisə, İlham Əliyevin çıxışı nüfuzlu beynəlxalq tribunada edilmişdi. Yanaşma, zehniyyət, diplomatik məharət fərqi, konstruktivlik və destruktivlik arasında fərq bundadır.
Erməni analitiklər və ekspertlər məcburiyyət qarşısında qalaraq etiraf edirlər ki, Azərbaycan Prezidentinin sanballı, məntiqli bəyanatı Paşinyana siyasət, geosiyasət, tarix və diplomatiya dərsi oldu.
Cənab İlham Əliyevin çıxışından sonra Ermənistan mediasının "selfi adam" adlandırdığı, baş nazir kimi zəif, siyasətçi kimi həddən ziyadə primitiv saydığı Paşinyanın kəskin tənqid olunduğu yazıların, şərhlərin və açıqlamaların sayı sürətlə artır.
İrəvanın diplomatik savaşın yeni mərhələsində Bakıya tamamən məğlub olması ilə bağlı ittihamların hədsiz çoxalması N.Paşinyan administrasiyasında ciddi təlaş yaradıb. Situasiya o qədər gərginləşib ki, belə yazılardan birinin dərc olunduğu qəzetin İrəvandakı ofisinə basqın edilib, redaksiya heyəti təhdid olunub. Hücum edənlərin Paşinyanın tərəfdarları olduqları, onların baş nazirin rəhbərlik etdiyi "Mənim addımım" hərəkatının funksionerləri tərəfindən idarə olunduqları ilə bağlı faktların Ermənistan mediasında yer alması Paşinyanın saxta “xalqdan gəlmə baş nazir” imicini, ilk zamanlar ona bəslənən etimad limitini alt-üst edib.
Ermənistandakı son hadisələr, eyni zamanda, Paşinyanın yalançı demokrat imicini də darmadağın edərək onun, əslində, söz və ifadə azadlığına, istənilən formada tənqidə dözümsüz, siyasi opponentlərə düşmən kimi yanaşan nasist təfəkkürlü insan olduğunu aydın şəkildə nümayiş etdirdi.
Paşinyanın baş nazir postundakı səriştəsizliyi, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlardakı komik davranışları, beynəlxalq tədbirlərdəki sürəkli "selfi" çəkilişləri, ölkə iqtisadiyyatının və maliyyə sektorunun dərin böhranda olması, işsizlik və yoxsulluq səviyyəsinin artımı kimi problemlər Ermənistanda yeni sosial partlayışa səbəb ola bilər.
Erməni mediasının yazdıqlarına görə, Nikol Paşinyan üzləşdiyi uğursuzluqlardan və düçar olduğu məğlubiyyətlər seriyasından qurtulmağa can atır, bu məqsədlə də qapalı toplantılar keçirir. Bəzi məlumatlara görə, o, rəhbərlik etdiyi "Mənim addımım" siyasi hərəkatından olan deputatları toplayaraq ölkədəki ictimai-siyasi vəziyyəti, daha doğrusu, üzləşdiyi problemləri müzakirə edərək çıxış yollarını arayıb, "Valday" Klubunda Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından sonra Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması prosesində bundan sonra tutacağı mövqe ilə bağlı məsləhətləşmələr aparıb.
İndi bir şey aydın olub: ictimai-siyasi və iqtisadi institutları ağır böhrana düçar olan, yürütdüyü işğalçılıq siyasəti və aqressiv ritorika səbəbindən transmilli, regional layihələrdən tamamilə kənar qalan, maliyyə, hərbi, humanitar, sosial və texniki resursları tükənməkdə olan Ermənistanın problemlərini bir zamanlar demokratik xilaskar kimi təqdim edilən Paşinyan həll edə bilməyəcək. Çünki onun özü hal-hazırda Ermənistanın ən böyük problemlərindən biridir”.
Oxu24.com
ŞƏRHLƏR