Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1297
az

Azərbaycanın ilk “vor zakonu” - DOSYE

13:1602 May, 2018
3336
MARAQLI
  • A
...Məhərrəmdən hamı qorxurdu. Çünki nə qərar qəbul edəcəyini qabaqcadan bilmək mümkün deyildi. Adətən sakit keçən sxodkaya əgər Məhərrəm gəlirdisə, adlı-sanlı oğrular çalışırlarmış ki, iştirak eləməsinlər. Çünki dəmir məntiqli və son dərəcə güzəştsiz adam olan Rəşidoğlundan nə desən, gözləmək mümkün idi. 

Bir dəfə nə təhər olmuşdusa, Qurd Cəbrayılla Zal Rüstəmin mübahisəsi düşmüşdü. Öz dilimizdə söz güləşdirə-güləşdirə yavaş-yavaş səslərini başlarına atan cavanlar heç "dayı" dedikləri Vasya Solomanın otağa nə vaxt girdiyindən də xəbər tutmamışdılar. Dünyagörmüş kişi söhbətin məzmunun-dan baş çıxara bilməsə də, boğazını yırta-yırta bir-birinə nəsə sübut etmək istəyən cavanlara gözucu baxıb, istehza ilə gülümsündü, sonra da səsini bir azca ucaldaraq, amiranə dedi: "Ne Maqerramniçayte!"

Sizə söhbət açacağımız əhvalatlar 1932-1935-ci illər arasın-da cərəyan edib. Məhz o illərdə artıq şəhərin kölgə haki-miyyəti qanuni oğruların əlinə keçmişdi. 

İyirminci illərin ortalarından Bakıda kriminal aləmin danılmaz lideri kimi Rəşid oğlu Məhərrəm qəbul edilirdi. O, ilk qanuni lotu kimi şəhərdəki vəziyyətə istər qazamatda, istərsə də azadlıqda yalnız öz nüfuzu hesabına nəzarət edirdi. Məlumdur ki, Rusiyada "Vor v zakone" kimi tanınan şəxslərə Azərbaycanda `lotu` deyirdilər. Bu da ondan irəli gəlirdi ki, bizim mentalitetimiz `oğru` sözünü qəbul eləyə bilmirdi. 

Rəşid oğlu Məhərrəm neçə illər öz adını şərəflə daşımışdı. Onun verdiyi fitvaya heç kim şəkk edə bilməzdi, çünki həddindən artıq ədalətli, qərəzsiz adam olduğunu hamı bilirdi. O, `lotu` adının məsuliyyətini də yaxşı dərk edirdi. Yanına şika-yətə gələnlərin birinin də xahişini diqqətsiz qoymaz, mütləq ölçü götürərdi. Bakıda Məhərrəmin canına and içərdilər və bu ad cayıllar arasında çox əziz sayılırdı. Hamı çalışardı ki, andına sadiq qalsın. 

Tarixdə Məhərrəmin adına and içib, sonra öz andını pozan neçə-neçə adamın cəzalandırılması da yaşayır. Elə buna görə də onun adına yalandan and içməyə heç kə-sin cəsarəti çatmazdı. 

TT Nəriman və Krasavçik Ağakərim danışırdılar ki, Rəşid oğlu Məhərrəmin yanına Rusiya oğruları da ölkənin cənub regionundakı problemlərini həll eləmək üçün tez-tez gələrdilər. Bakı türmələrindən uzaqlara etap gedəndə dustaqların hamısı-nı təmin eləmək də Rəşid oğlunun boynuna düşürdü. Elə həmin illərdə Bakıda yaradılan ilk obşakın məqsədi məhz etapa gedən dustaqları ərzaq və isti geyimlə təmin eləmək, müharibədən əlil qayıdanlara, başsız qalan ailələrə yardım göstərmək idi. Obşakdakı pullara Məhərrəm birbaşa özü nəzarət edirdi. Deyilənlərə görə, 1930-cu ildə Bakı peresılkasından etapa gedən iki yüz dustağın uzun sürən səfər boyu ehtiyaclarını ödəmək üçün nə lazımdırsa, Rəşid oğlu Məhərrəm üç gün müddətində təmin etmişdi. Onun bu hərəkəti o vaxtkı Sovetlər İttifaqının bütün guşələrində hallanırdı. 

Lakin zaman keçdikcə Rəşid oğlu Məhərrəm Bakı kriminali-tetinin zirvəsində tutduğu mövqedən yavaş-yavaş, könüllü olaraq geri çəkilirdi. Və bu çəkilmə təbii ki, şəhərdə kölgə hakimiyyəti uğrunda mübarizə aparan müxtəlif kriminal qruplaşmalar arasında qarşıdurmaya apardı. Bu dəstələr li-derlik uğrunda mübarizyə girişdilər. Araşdırmalar göstərir ki, Rəşid oğlu Məhərrəmin bu işlərdən könüllü kənarlaşması konkret bir hadisə ilə əlaqədardır. 

Çadranın atılması ailəyə bədbəxlik gətirdi

İyirminci illərin sonu, otuzuncu illərin əvvəllərində hakimiyyətdə tam möhkəmlənmiş Şura hökuməti `mədəni inqilab` adı altında qadın azadlığı uğrunda geniş mübarizəyə başlamışdı. Bu mübarizənin tərkib hissəsi kimi Azərbaycan qa-dınlarının əsrlərdən bəri baş örtüyü kimi istifadə etdikləri çadraya qarşı mübarizə seçilmişdi. Bir çox problemlər kimi qadın azadlığı probleminin də həllinə kökdən deyil, əhəmiy-yətsiz zahiri detallardan başlayırdılar. 

Azərbaycanda müxtəlif qadın dərnəklərinin, klubların yaradılması təşviq edilir və qız-gəlinlər bolşevik təbliğatına uyaraq, öz ərlərinin, ataları-nın, qardaşlarının kəskin etirazına rəğmən baş örtüklərindən imtina edirdilər. Təbii ki, uzun illər şəriət qanunları əsasın-da yaşayan xalq bu hərəkatı çox çətinliklə qəbul edirdi. İndi şəhərimizin “Nizami” metrosunun yaxınlığında şəninə gözəl heykəl ucaldılan "Azad qadın" məhz həmin dövrün simvoludur. Çoxlarının güman etdiyi kimi bu heykəl abstrakt təfəkkürün məhsulu deyil. Onun həyati prototipi əslən şamaxılı olan Səriyyə Xəlilova adlı bir qadındır. Səriyyənin üç qardaşı da vardı: Soltan Əhməd, Ağamehdi və Ələkbər. Ataları oxumuş adam olduğundan el məclislərində mollalıq edirdi. Şura hökumətinin isə İslam dininə münasibəti hamıya məlum idi - “Din həyatın tiryəkidir” - deyirdi Lenin.

Kişi hökumət məmurlarının bütün təzyiqlərinə baxmayaraq, ilahiyyatdan, mollalıqdan əl çəkmirdi. Oğlanları isə öz məhəllələrinin sayılan, hörmətli cayıllarından sayılırdılar. 

Günlərin birində Səriyyə də məktəbdə komsomol təbliğatına uyaraq nümayişkəranə tərzdə çadrasını başından atır. Bacılarının naməhrəmlər qarşısında üzüaçıq görünməsi qardaşların başını məhəllə içərisində çox aşağı eləmişdi. Artıq camaat onları bir-birinə barmaqla göstərir, toyda da, yasda da qeybətlərini edirdilər. Bu vəziyyətə dözə bilməyən Ələkbər bədxah adamların fitnə-felinə uyaraq, əlini bacı qanına bulayır, bıçaqlayır onu. Bədbəxt ata isə öz sevimli oğlunun hə-yatını xilas etmək üçün qətli öz boynuna götürməkdən baş-qa çarə tapmır. Ömründə bir kəsin toyuğuna "kiş" deməmiş ahıl kişi dəhşətli qatil kimi cəmiyyətə təqdim edilir, zindana salınır. 

Səriyyə Xəlilovanın qətlə yetirilməsi bütün Bakıda böyük əks-səda doğurur. Hökumət isə öz növbəsində bu acınacaqlı ailə münaqişəsinə siyasi don geydirərək onu köhnəliklə ye-niliyin mübarizəsi kimi qələmə verməyə çalışırdı. Həmin günlərdə Bakının bütün iri sənaye müəssisələrində əksəriyyəti qadınlardan ibarət olan əmək kollektivləri respublikanın rəhbər orqanlarına, hətta Moskvaya, “El atasına” müraciətlər yazır, qatilin ölüm cəzasına məhkum olunmasını tələb edirdilər. O dövrdə sovet cəza maşını belə süni məclislərdə çı-xarılan qərarları əlində əsas tutaraq ziyanlı saydığı hər bir şəxsi cəzalandıra bilirdi. Beləliklə, çox müxtəsər bir məhkəmə təşkil edərək ondan siyasi şou düzəldib zavallı atanı ölüm cəzasına məhkum edirlər. Və heç bir tərəddüdə yol vermədən onu da Bayıl qazamatının həyətində güllələyirlər. 

 

Amma Səriyyəni qardaşı Ələkbər tərəfindən öldürüldüyü bütün şəhərə, həm də güc strukturlarına məlum idi. Onun qətiyyəti, namus-qeyrət naminə bacısına belə güzəştə get-məməsi Bakıda böyük əks-səda doğurmuşdu. Atasına ölüm cəzası kəsilən məhkəmədə onunla yanaşı müttəhimlər kürsüsündə əyləşən Ələkbər on il həbs cəzasına məhkum edilmişdi. 

Məhərrəmin yeganə səhvi onu məhvə apardı

Ələkbər qazamata gətiriləndə neçə müddətdən bəri bakılıların dilində dolaşan qətl olayının sorağı gəlib bura da çıxmış-dı. O vaxt Rəşid oğlu Məhərrəm də kiçmanda otururdu. 

Cavan, yaraşıqlı, qəddü- qamətli və ən başlıcası qeyrətli Ələkbəri təbii ki, Rəşidoğlu yaxşı qarşılayır. Tapşırır ki, ona kameradakı ən hörmətli yeri versinlər,yeyib içməkdən korluq çəkməsin. Bir neçə gündən sonra isə özü də nadzorlarla danı-şıb həmin kameraya keçərək Ələkbərlə görüşür. Ələkbər isə cavan olduğundan dustaqların Rəşid oğlu Məhərrəmin tapşırığı ilə ona göstərdiyi hörməti qorxu kimi qiymətləndirir. Məhz elə bu səbəbdən Məhərrəmlə ilk görüşündəcə oğru qanunlarında ən müqəddəs, toxunulmaz sayılan obşaka nəzarətə iddialı olduğunu ortaya qoyur. Bu isə ad-sanı bütün öl-kədə tanınan lotunun mötəbərliyinə şübhə etmək demək idi. 

Onun bu hərəkətindən son dərəcə əsəbiləşmiş dustaqlar Ələkbərin qətlinə fərman verən fitvanı öz liderlərindən, Məhərrəmdən gözləyirdilər. Həmin anda lotunun gözü ilə verəcəyi bircə işarə kifayət idi ki, Ələkbərin böyük tikəsini qulağı boyda edələr. Neçə ilin caniləri olan bu dustaqlar onsuz da son iki-üç gün ərzində bu özündən müştəbehin saymazlığından, naşılığından, ədasından kifayət qədər cana doymuşdular. 

Rəşid oğlu Məhərrəm bu vəziyyəti gözəl bilirdi. Elə ona görə də Ələkbərin iddiasına səmimi bir təbəssümlə gülümsünür, əlini cavan oğlanın çiyninə qoyaraq soruşur: "Bacararsan?" Bu yerdə Ələkbər ya intuisiyasının gücündənmi, ya da elə tə-sadüfdənmi həyatını xilas edən bir cavab verir: "Sən yol göstərsən, bacararam".

Bu cavab Ələkbərin Məhərrəmin böyüklüyünü qəbul etməsinin etirafı kimi qarşılanır və tarıma çəkilmiş əsəblər bircə anda boşalır. İndi hamı Məhərrəmin qərarını gözləyirdi. Rəşid oğlu Məhərrəm isə azacıq fikrə gedəndən sonra öz qərarını kameradakı yoldaşlarının qarşısında elan edir: "Bu gündən etibarən obşakı idarə etməyi Ələkbərə tapşırıram". 

Təbii ki, çoxları üçün Rəşid oğlu Məhərrəmin bu qərarı qətiy-yən məntiqli deyildi. Çünki onun hörmətini, əqidəsini cavan Ələkbərin ponyatkası, ideyası ilə bir tərəziyə qoymaq heç kəsin ağlına belə gəlməzdi. Amma öz liderlərinin hər bir kəlmə-sini sözsüz qəbul edən cayıllar, patsanlar onun bu qərarını də-rin təəssüf hissi ilə qarşılayırlar. Əksəriyyət bunu Bakı kriminalitetinin nüfuzdan düşməsi kimi qəbul edirdi. 

Amma Rəşid oğlu Məhərrəm tamam başqa məntiqə əsaslanırdı. Ələkbərin görkəmi, qətiyyəti onda belə bir qənaət yaratmışdı ki, tükənməz enerji, düzgünlük, ədalət tələb edən obşaka nəzarət işinə o, daha artıq yarayar. Rəşid oğlu Məhərrəm inanırdı ki, gözlənilməz qərarı digər yoldaşları tərəfindən şübhəsiz qəbul ediləcək və liderlərinin seçiminə hörmət etdiklərindən onlar Ələkbərə hətta xırda xətalara yol vesə belə, bir müddət toxunmayacaqlar. Bu cavan oğlan da həmin müddət ərzində lazımi təcrübə toplayaraq işə girişəcək...

1932-ci ilin əvvəllərində baş vermiş həmin bu hadisədən az sonra Rəşid oğlu Məhərrəm Rusiyaya etap edilir, həmin dövr üçün ən ağır lagerlərin yerləşdiyi Kolımaya göndərilir. Onu artıq Sibirdə gözləyirdilər və orada obşakın natəmiz əllərə təhvil verilməsilə bağlı çağrılan sxodkadan sonra qətlə yetirirlər. /AzVision.az/


Bəhram Çələbi
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"
Ana və qızı eyni anda DOĞDU - VİDEO
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
"Limonçik" ilə maşın nömrələri oğurlayanlar saxlanıldı-FOTOLAR