Avropa İttifaqı Venesuelada keçirilən son prezident seçkilərində Nikolas Maduronun yenidən seçilməsini tanıya bilmir, çünki ölkənin seçki qurumu hələ rəsmi səsvermə qeydlərini təqdim etməyib.
Oxu24.com xəbər verir ki,bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Brüssel qeyd edir ki, Aİ “Venesueladakı hadisələri böyük narahatlıqla izləməkdə” davam edir.
“Beynəlxalq seçki müşahidə missiyalarının hesabatlarında 28 iyulda keçirilmiş prezident seçkilərinin beynəlxalq seçki bütövlüyü standartlarına cavab vermədiyi açıq şəkildə qeyd edilib”, - dərc olunan qərarda deyilir.
Aİ Şurasının bəyanatında qeyd edildiyi kimi, öhdəliklərinə baxmayaraq, “Venesuela Milli Seçki Şurası (CNE) hələ seçki məntəqələrinin rəsmi səs qeydlərini (“aktas”) dərc etməyib.”
"Onları dəstəkləyən dəlillər olmadan, CNE-nin avqustun 2-də dərc etdiyi nəticələr tanınmaz", - Avropa Birliyi vurğulayır.
Brüssel həmçinin qeyd edir ki, rəsmi səsvermə qeydlərinin tam dərcini gecikdirmək cəhdi “yalnız rəsmi dərc edilmiş nəticələrin etibarlılığına şübhə yaradacaq”. Eyni zamanda, Aİ əlavə edir ki, Venesuela müxalifəti tərəfindən dərc edilmiş və bir neçə müstəqil təşkilat tərəfindən təsdiq edilmiş seçki səsvermə protokollarının surətləri göstərir ki, “Edmundo Qonzales Urrutia böyük ehtimalla prezident seçkilərində əhəmiyyətli səs çoxluğu ilə qalibdir”.
Qeyd edək ki, Brüssel bu yaxınlarda ABŞ və bir sıra digər ölkələr kimi Qonzales Urrutianı seçilmiş prezident kimi tanımaqdan çəkinib. Aİ həmçinin seçki qeydlərinin "mümkünsə, beynəlxalq mövqeyə malik təşkilat tərəfindən" müstəqil yoxlanılmasına çağırıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR