İyunun 28-də İranda keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədlər bəlli olub. Siyahıda Mustafa Purməhəmmədi, Məsud Pezeşkian, Əlirza Zakani, Səid Cəlili, Məhəmməd Baqir Qalibaf, Seyid Əmir Hüseyin Qazizadə Haşimi yer alıb.
Bəs maraqlıdır, perspektivi nəzərə alsaq, Azərbaycan üçün ən uyğun namizəd kimdir? İrandakı azərbaycanlı seçicilər daha çox kimə səs verə bilər?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib ki, Azərbaycan üçün İranda seçiləcək prezidentin kimliyinin böyük əhəmiyyəti yoxdur:
“İranda kimin prezident seçilməsindən asılı olmayaraq, Tehran-Bakı münasibətləri eyni tendensiya ilə davam edəcək. Çünki İranda həlledici və ya vacib qərarları müəyyən edən şəxs prezident deyil. O, icra edən qurumun başçısıdır. Bütün tapşırıq və qərarları İran ali rəhbəri Ayətullah Seyid Əli Xamenei verir. Xamenei İran-Azərbaycan münasibətlərini Tehran tərəfindən necə müəyyən edəcəksə, yeni seçilən prezident də buna uyğun şəkildə istiqaməti davam etdirəcək. Güney Azərbaycan türklərinin seçkidə iştirakını fəallaşdırmaq üçün Tehran hakimiyyəti Təbrizdən olan namizəd Məsud Pezeşkianın namizədliyini qeydiyyata alıb. Bununla da İranda seçki fəallığının artırılmasına çalışır. Pezeşkian islahatçı xəttin nümayəndəsi olduğundan prosesdə fəallığın artmasına nail olmağa çalışır”.
Politoloqun sözlərinə görə, milli-etnik təəssübkeşlik baxımından Pezeşkiana oradakı azərbaycanlılar da səs verə bilər:
“Bu səslər seçkinin nəticəsini həll etməyəcək. Çünki azərbaycanlıların əksəriyyəti prosesi boykot edir. Ümumiyyətlə, azərbaycanlılar son illər İranda keçirilən seçkilərdə çox zəif iştirak edirlər”.
Oxu24.com
ŞƏRHLƏR