Sertifikasiyadan kəsilənlərin müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak səlahiyyəti əllərindən alınmır.
Oxu24.com xəbər verir ki,bunu “Report”a eksklüziv açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, sertifikasiya məsələsində diqqət edilməli əsas vacib nüans imtahanda uğur qazanan müəllimlərin 80 %-nin əməkhaqqısının artmasıdır:
“Yəni bu proses 80 % müəllimə müsbət təsir edir. Ötənilki sertifikasiya imtahanından fərqli olaraq, bu il riyaziyyat və ingilis dili fənni də daxil olmaqla təxminən 30 min təhsilverəni prosesə cəlb edəcəyik. Bu da o deməkdir ki, müəllimlərin böyük əksəriyyətinin, yəni 80 %-nin əməkhaqqısı əlavələrlə birlikdə ya 10, ya da 35 % artacaq. Sertifikasiyanın bu tərəfini unutmaq lazım deyil”.
Sertifikasiya imtahanında iştirak edən hər beş müəllimdən birinin kəsildiyini deyən E.Əmrullayev qeyd edib:
“Hər beş müəllimdən biri 50 baldan yuxarı, üçü 30-50 bal, biri isə uğur qazana bilmir. Əgər müəllim ona verilən iki şansda uğur qazanmayıb nailiyyət əldə edə bilmirsə, bunun ağrılı və acılı olmasını anlayırıq. Təbii ki, həmin şəxslərlə imzalanan əmək müqaviləsinə qürur hissi ilə xitam vermirik. Anlayırıq ki, bu, ayrı-ayrı insanların sosial həyatına mənfi təsir edən qərardır. Lakin onu da başa düşməliyik ki, ölkəmizin gələcəyinin inkişafı naminə bu addım nə vaxtsa atılmalıdır. Yəni nə qədər gec addım atılacaqsa, bu, bir o qədər daha ağrılı olacaq. Ona görə də bu addımı daha tez atmaq məsləhətdir. İnandığımız ondan ibarətdir ki, müəyyən faiz müəllimlər üçün keçirilən təlimlərin nəticələri əvvəlkilərə görə müsbət nəticə verir”.
“Yəqin ki, ötən il olduğu kimi bu il də müəyyən sayda sertifikasiya imtahanlarında uğur qazana bilməyən müəllimlərin əmək müqaviləsinə xitam vermək acı həqiqəti ilə üz-üzə qalacağıq. Həmin təhsilverənlərlə bağlı yanaşmamız ondan ibarətdir ki, bu addım daha kiçik sayda qrupun sosial problemi deməkdir, nəinki qrupun gələcəkdə yarada biləcəyi fəsadların böyüklüyü. Nəzərə almaq lazımdır ki, bir müəllim öz fəaliyyəti dövründə təxminən 300-500 aralığında şagirdə dərs keçir. Ona görə də peşəkarlıq səviyyəsi yerində olmayan adam məktəbdə olduğu dövrdə təxminən 500 dəfə özündən daha çox problem yaradır. Bunun qarşısını nə qədər tez ala biliriksə o qədər düz iş görürük deyə fikirləşirəm”, - nazir əlavə edib.
Həmin insanların sosial problemlərini də anladıqlarını vurğulayan elm və təhsil naziri qeyd edib ki, bu nöqteyi-nəzərdən həmin insanların tədrisə cəlb olunmadan sosial pedaqoq kimi təlim-tərbiyə prosesinin təşkili, şagirdlərin davranışına nəzarət işi ilə məşğul olmaları təmin edilir və bu işlər olduqca vacibdir.
Sertifikasiya imtahanında uğur qazanmayan müəllimlərin gələcəkdə aktiv tədris prosesində iştirakı məsələsinə gəlincə, Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirakı səlahiyyətləri onların əlindən alınmır: “MİQ-də iştirak edib digər insanlarla müqayisədə daha yüksək nəticə əldə etsələr təbii ki, onların məktəbə qayıtmaq şansı və hüququ var. Lakin təcrübəyə əsasən demək olar ki, təhsilverənlərə sertifikasiya imtahanında ona verilən iki şansda, eləcə də keçirilən təlimlər nəticəsində yenə də uğur qazanmırsa, 15-20 il işləyəndən sonra sadə imtahandan keçmirsə ehtimal böyükdür ki, bu insanların böyük əksəriyyəti aktiv tədrisə qayıtmayacaq”.
Nazir həmçinin deyib ki, bu il də təkrar sertifikatlaşdırma prosesində uğur qazanmayan təhsilverənlərin ailə tərkibi və sosial vəziyyəti kimi məsələlərə baxılması məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılacaq: “Komissiyalar tərəfindən sözügedən məsələlərlə bağlı müraciətlər araşdırılacaq və həmin təhsilverənlərin digər pedaqoji vəzifələrdə işlə təmin olunması məsələsinə baxılacaq. Sertifikatlaşdırma qaydasında da qeyd edildiyi kimi təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi ləğv edilir”.
Qeyd edək ki, 2023-cü ildə sertifikatlaşdırmadan kəsilən müəllimlər üçün bu il iyunun 8-də təkrar sertifikatlaşdırmanın test mərhələsi keçiriləcək. Daha sonra da müsahibə mərhələsi təşkil olunacaq. Ötən il müsahibə mərhələsindən keçə bilməyən müəllimlər həmin mərhələyə dəvət olunacaq.
Oxu24.com
ŞƏRHLƏR