Qaynar xətt:

(+99450) 247 90 86

“Azərbaycan sülh naminə güzəştə getdi, indi növbə Ermənistandadır”—AÇIQLAMA  

“Azərbaycan sülh naminə güzəştə getdi, indi növbə Ermənistandadır”—AÇIQLAMA  

QARABAĞ

71

28.10.2026, 19:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın 2020-ci il İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ildə suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq postmünaqişə dövründə əsas hədəfin davamlı sülh, regional əməkdaşlıq və qarşılıqlı etimadın təmin olunması olduğunu açıq şəkildə nümayiş etdirir. Uzun illər ərzində torpaqlarımızı işğal altında saxlayan düşmənə qarşı sülh əlini uzadan, hətta bir sıra məsələlərdə sülhün əldə olunması üçün güzəştlərə gedən Azərbaycan dünyada nadir ölkələrdəndir.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması və beynəlxalq hüququn tətbiqindəki çətinliklər isə qlobal səviyyədə ciddi müzakirə mövzusudur. Mövzu ilə bağlı Milli Məclisin deputatı Samir Vəliyev Oxu24.com-a açıqlama verib. 

Samir Vəliyev bildirib ki, Azərbaycanın təcrübəsindən çıxarılan əsas dərs beynəlxalq hüququn aliliyinin qorunması, ikili standartların aradan qaldırılması və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasının təmin edilməsidir. Çünki ədalətli və davamlı sülh yalnız siyasi bəyanatlarla deyil, beynəlxalq hüquqa hörmət, qarşılıqlı məsuliyyət və konkret addımlarla mümkündür.

Deputat qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn tətbiqində mövcud olan problemləri və beynəlxalq təşkilatların qərarlarının icrasındakı çətinlikləri aydın şəkildə ortaya qoydu:

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsinin uzun müddət icra olunmaması beynəlxalq hüququn yalnız qərarların qəbul edilməsi ilə deyil, onların həyata keçirilməsini təmin edən təsirli mexanizmlərlə dəstəklənməli olduğunu Azərbaycan faktiki olaraq göstərmiş oldu”.

Samir Vəliyevin sözlərinə görə, Azərbaycanın təcrübəsi beynəlxalq hüququn tətbiqində ikili standartların yolverilməz olduğunu bir daha sübut edir:

“Eyni hüquqi prinsiplərin müxtəlif dövlətlərə münasibətdə fərqli şəkildə tətbiqi beynəlxalq təşkilatlara birbaşa inamı zəiflədir, dövlətlər arasında etimadsızlıq yaradır və dünya nizamına mənfi öz təsirini göstərir. Buna görə də beynəlxalq hüquq dövlətlərin siyasi maraqlarından asılı olmayaraq hamıya eyni meyarlarla tətbiq edilməlidir”.

“BMT və Təhlükəsizlik Şurasının əsas vəzifəsi yalnız münaqişələrlə bağlı hər hansı qətnamələr qəbul etmək deyil, həm də onların icrasına nəzarət etmək, eyni zamanda davamlı sülhün təmin olunmasına töhfə verməkdir. Bu baxımdan veto hüququndan irəli gələn maneələrin azaldılması, beynəlxalq təşkilatların fəaliyyətinin səmərəliliyinin artırılması və qərarların icra mexanizmlərinin gücləndirilməsi çox vacibdir”,- deyə deputat vurğulayıb. 

Samir Vəliyev həmçinin bildirib ki, Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra və 2023-cü ildə suverenliyini tam bərpa etməsi ilə formalaşan yeni reallıq onu göstərir ki, münaqişədən sonrakı mərhələdə əsas məqsəd davamlı sülhün, regional əməkdaşlığın və qarşılıqlı etimadın təmin olunmasıdır. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan düşmənə sülh əlini uzatdı və bir sıra məsələlərdə sülhün əldə olunması məqsədilə hətta güzəştlərə belə getdi.

Çimnaz Telmanqızı