Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78660
az

Polad Həşimovun öz qol saatını hədiyyə etdiyi şəhidimiz Cavid Hüseynovun doğum günüdür

22:0412 Dekabr, 2022
240
ÖZƏL BÖLÜM
  • A

Bu gün Şəhid  HÜSEYNOV CAVİD HÜMBƏT OĞLUNUN doğum günüdür.

Oxu24.com Şəhid haqda məlumatı təqdim edir.

Bir Şəhid düşünün. Zəhmətlə böyüdülən, göz nuru, ailənin ümid işığı, Vətən sevdalısı. Məcburiyyətdən yox, öz həvəsi ilə hərbçi olmaq istəyən bir Oğul.

Söhbət Xüsusi Təyinatlı gizir Hüseynov Cavid Hümbət oğlundan gedir. Hüseynov Cavidin Vətən sevgisinin tərənnümü onun hərbi həyatında qazandığı fərqlənmə mükafatları, nailiyyətləri, diplomları ilə öz əksini tapdı. Amma o, bununla yetinmədi. Şücaətini İkinci Qarabağ Döyüşlərində göstərdi. 27 yaşında şəhadət şərbəti içmiş Cavid Hümbət oğlu Hüseynov! 1993-cü ilin 12-ci ayının 12-ci günündə Tovuzun Alakol kəndində doğulub. Cavidin uşaqlıq idealı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov olub. O Mübariz ki, Birinci Qarabağ döyüşlərində xalqına qarşı törədilən vəhşiliyə, caniliyə dözməyib, təkbaşına düşmən taboruna filmləri xatırladan qisas qətliamını yaşatmışdı. 2012-ci ilin birinci ayından 2013-cü ilin yeddinci ayınadək həqiqi hərbi xidmət keçib. Cavid 2014-cü ildə müddətdən artıq hərbi qulluq keçmə ilə bağlı müvafiq qaydada yazılı müraciət edib, müraciəti qəbul olunub. Öz taleyini hərbi xidmətə bağlayan, hərb sənətini sevən və bu sevgisini peşəkarlıq müstəvisində parlaq şəkildə gerçəkləşdirən Cavid çoxsaylı sertifikatlar alıb. Müxtəlif silahlardan sərrast atəş açması ilə seçilib Cavid. Cavid snayper təlimatçısı olub; dəfələrlə “Ən yaxşı snayper” fəxri fərmanı ilə təltif edilib. Snayperçilik, sərrast atıcılıq Caviddə fitri istedad idi. 2019-cu ildə yenidən Belarusda hərbi idman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutub. Cavid Hüseynov 26 iyun 2018-ci ildə “Azərbaycan Ordusu-100 (1918-2018)” yubiley medalı ilə təltif edilib (Bu medal Azərbaycan Prezidenti adından müdafiə naziri tərəfindən təqdim olunur).

“Biz bir ölüb, min dirilərik” – Cavidin sevdiyi, məktublarında qeyd etdiyi kəlamdı…

Cavid qorxmaz, güclü Vətən oğullarından olub. Çox çətin təlimlərdən, məşqlərdən mətanətlə çıxmağı bacarıb Cavid. Təlimlərdə, məşqlərdə tər axıdan hərbçi yoldaşları ilə birgə işğalçılara qan uddura-uddura Qubadlı-Laçın istiqamətindək gedib çıxıb Cavid. Döyüşlərin birində yaralı tabor komandirini təhlükəli zonadan çıxartmaqla, necə deyərlər, adından söz etdirməyi bacaran Cavid özü sonrakı döyüşlərin birində düşmən mərmisindən ağır yaralınıb; döyüşçülər onu həkimə çatdırmaqçün çalışsa da, həyatını xilas etmək mümkün olmayıb – yolda canını tapşırıb... Ailəsi ilə sonuncu dəfə Qubadlıda olarkən danışıbmış. “Şəhid olmasam qazi kimi gələcəm” deyirmiş igidimiz... Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi iştirak edib. 27 oktyabrda şəhid olub Cavid; 28 oktyabrda doğma Alakolda torpağa tapşırılıb. Vətən müharibəsinin qəhrəman şəhidi olan Cavidin atası Hümbət Hüseynov özü I Qarabağ müharibəsinin qazisidir. İki bacının tək qardaşı olan Cavid hələ subay idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. *** Şəhidin haqqında danışan atası Hümbət Hüseynov Polad Həşimovun Cavidə qarşı münasibətini də dilə gətirib. Onun sözlərinə görə general-mayor Polad Həşimov Cavidin Şəmkir korpusundan Bakıya aparılmasına etiraz edərək, onun öz yerində qalmasını istəyib. Cəsarətinə görə onlar görüşdükləri vaxt hətta general öz qolundakı saatını çıxararaq Cavidin qoluna bağlayıb: "Cavidin əvvəlcədən general Həşimova və Mübariz İbrahimova qarşı xüsusi rəğbəti var idi. General şəhid olandan sonra bu rəğbət daha da artmışdı. Cavid generalın yanında olanda iki dəfə Belarusiyada yarışa gedib. Ordan gələndən sonra rəhmətlik Polad Həşimov öz yanına çağırıb. Cavidə qol saatını da elə onda hədiyyə etmişdi". Şəhidin atası deyir ki, Cavid işğaldan azad olunan rayonların alınmasında yaxından iştirak edib: "Cavidgilin qrupu bütün rayonların alınmasında iştirak ediblər, amma Cavid bircə Şuşaya girə bilməyib. Çünki Şuşa alınmamışdan 10 gün əvvəl Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub". Cavid Hüseynovun atası deyir ki, onun yanına gələn Cavidin döyüş yoldaşları bəlkə bir də 20 ildən sonra Cavid kimi hərbçinin dünyaya gələcəyini qeyd edirlər: "Döyüşlərdən birində Cavidgilin qrupu kəndi boşaltmaq üçün hücuma keçib. Həmin vaxt Cavidin qrupundan bir uşaq şəhid olub. Ümumiyyətlə döyüşlərdə də əsas aparıcı qüvvə snayper olduğuna görə döyüş yoldaşları Caviddən həmin an irəli çıxmaq üçün onları qorumasını istəyib. 15 dəqiqə sonra sakitlik yaranıb. Yoldaşlarına da deyib ki, arxayın olun vurmuşam hamısını. Hansını hansı nöqtədən vurub onun yerini də dəqiqliklə deyib. Uşaqlar gedib baxanda görüblər ki, Cavid dediyi kimi hansı nöqtədə, haradan yaraladığını deyibsə, elə də olub. Sonra düşmən tərəf qrupu minaatanlarla aramsız atəşə tutub. Həmin vaxt bölgəyə “snaryad” düşüb. Cavid də orda yaralanıb. Düşmən tərəfdən hücum o qədər davamlı olub ki, qrup Cavidi yaralandığı yerdən çıxarmağa imkan tapa bilməyib. 10 dəqiqə sonra uşaqlar Cavidə yaxınlaşmaq istəyəndə “snaryad”ın biri də düz Cavidin yanına düşüb... Döyüş yoldaşları çətin də olsa Cavidi döyüş meydanından çıxarıblar. Həmin vaxt huşu özündə olub hətta, digər əsgər yoldaşlarını da soruşub. Yoldaşları cavabında hamının yaxşı olduğunu deyib. Cavid təcili olaraq avtomobilə çatdırılıb ancaq, şəhid olub". “Mən özüm də heç bilmirdim ki, belə bir qəhrəmanın anasıyam. O mənim gözümdə bir əsgər, bir övlad idi. Hərbçi yoldaşları şəhadətindən sonra onun haqqında elə qürurla, fəxrlə danışdı ki, mat-məəttəl qaldım. Qəhərdən boğuldum” - Bu sözləri Cavid Hüseynovun anası Səringül Çobanova deyib. "Oğlum 5 yaşında olanda Xocalı soyqırımına aid kadrlara baxarkən intiqam hissi baş qaldırırdı, dizini və əyləşdiyi stolu yumruqlayırdı. General Polad Həşimovun əsgəri olub. Cavidin Belarusiyada keçirilən hərbi yarışlardakı qələbəsindən sonra Polad Həşimov Cavidi yanına çağıraraq onu təltif edib, qürur duyduğunu bildirib, sonra da ona 200 manat verib. Polad Həşimov düşmən gülləsinə tuş gəldikdən sonra Cavidin qisas hissi daha da alovlanır. Müharibəyə gedəcəyi günü həsrətlə gözləyir". Cavid anasının “yeməyinə, içməyinə fikir verirsənmi” sualına “ana, nə yemək, nə içmək, əsas odur məqsədə çatırıq, zirvəyə qalxırıq”,- deyə cavab verir.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür