ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS) ABŞ-ın 2022-ci ildə ÜDM-in artımı proqnozunu 4%-dən 2,8%-ə qədər pisləşdirib, 2023-cü il üçün isə 2,2%-lik proqnozu saxlayıb.
Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub.
Azərbaycanda da ABŞ-da FED-in uçot dərəcəsini qaldırmasından sonra dolların bahalaşacağı məlumatları yayılıb.
İqtisadçı Xalid Kərimli “Sputnik Azərbaycan”a açıqlamasında BVF-in xəbərdarlığının əsaslı olduğunu, FED-in sərt şəkildə mövcud siyasətdən imtina etməyi planlaşdırdığını bildirib: “Hətta 3-4 dəfə faiz artımına gediləcəyi ilə bağlı investisiya şirkətlərinin proqnozları var. Gözləntilər 2021-ci ilin ilk rübündən formalaşıb. Ötən il gözləntilər fonunda dollar digər əsas valyutalar qarşısında 6,7 faiz bahalaşıb.
Dolların bahalaşması davam edir. Dollar gücləndikcə inkişaf etməkdə olan ölkələrin milli valyutaları təzyiq altında qalır. Başqa sözlə, investorlar tərəfindən həmin ölkələrin milli valyutalarını satıb dollarda aktivlərə qoymaq daha maraqlı olur".
FED-in faiz artımının Azərbaycana təsirlərinə gəlincə ekspert bildirib ki, manat dollarla fiksasiya olduğuna görə proses manatın dollarla paralel şəkildə bahalaşacağına səbəb olacaq: "Söhbət manat-dollar paritetindən yox, manatın avro və digər valyutalar qarşısında bahalaşmasından gedir. Bu, bir qədər Azərbaycanda inflyasiyanı cilovlayacaq, amma orta və uzunmüddətli dövrdə manatın baha olması Azərbaycanın qeyri-neft sektoru üçün yaxşı deyil".
"Enerji qiymətlərinin, inflyasiyanın yüksək olması yaxın aylarda manatın dollar qarşısında devalvasiya ediləcəyinə dair gözləntiləri aradan qaldırır. Lakin proseslər orta və uzunmüddətli dövrdə manatın devalvasiya riskini artırır. Mərkəzi Bank istəsə, cari ildə rahat şəkildə devalvasiya etməyə bilər. Ancaq əgər dollarda baş verən proseslər dayanıqlı və biristiqamətli olarsa, biz növbəti illərdə devalvasiya riskini gözləyirik", - deyə iqtisadçı əlavə edib.
Xatırladaq ki, FED-in 2022-ci ilin ilk iclası yanvar ayında, ikinci iclas martın 15-16-da keçirilib. Üçüncü iclas isə 3-4 may tarixlərində keçiriləcək.
Onu da bildirək ki, Azərbaycan Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən, 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.
Bəs hazırda Azərbaycanda son vəziyyət necədir? Bankların önündə sıxlıq yaranıbmı? Əlindəki manatı dollara, avroya çevirənlər çoxalıbmı?
Musavat.com-un əməkdaşı mövzu ilə bağlı vəziyyəti öyrənmək üçün bir neçə bankın önündə müşahidələr aparıb.
Əməkdaşımız bankların önündə hər hansı bir sıxlığı müşahidə etməyib.
Azərbaycan Mərkəzi Bankı(AMB)-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Namiq Əliyev də mövcud vəziyyətlə bağlı məlumat verib. O, Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib:
"Ötən toplantıdan bəri ölkədə illik inflyasiya tempi azalsa da geosiyasi və geoiqtisadi mühitdə fundamental dəyişikliklər inflyasiyanın xarici fonu ilə bağlı qeyri-müəyyənlikləri əhəmiyyətli dərəcədə artıb. Pandemiyanın dünya iqtisadiyyatına, ticarətinə, məşğulluğa və maliyyə bazarlarına təsirlərinin qismən stabilləşməyə doğru getdiyi bir dövrdə qeyri-müəyyən dinamikaya malik yeni situasiya qlobal inflyasiya risklərini yüksəldib. Qlobal iqtisadi artım və ticarət perspektivlərinin əhəmiyyətli pisləşməsi, qlobal təklifin daha da daralması potensialının yüksəlməsi, beynəlxalq logistika-təchizat və hesablaşma zəncirində problemlərin daha da artması yüksək olan inflyasiya təzyiqlərinə artırıcı impulslar verməkdədir. Fevral ayının sonundan başlayaraq qlobal birja əmtəələrinin, xüsusilə də enerji daşıyıcılarının və taxıl məhsullarının qiymətləri tarixi rekordları yeniləyərək ortamüddətli qlobal inflyasiya proqnozlarına və onun milli iqtisadiyyata ötürücülüyü perspektivlərinə əhəmiyyətli təsir edib. Bu şəraitdə ölkə iqtisadiyyatında qiymətlər səviyyəsinin yüksələn idxal qiymətlərindən təsirlənmə potensialı əhəmiyyətli artıb.
Digər tərəfdən isə enerji qiymətlərinin artması ölkədə qiymətlər sabitliyinin əsas lövbərinin fundamental amili olan tədiyə balansı profisitinin genişlənməsi imkanlarını yüksəldib, manatın nominal effektiv məzənnəsi əhəmiyyətli möhkəmləndirib. Eyni zamanda cari ilin fevral ayında Hökumət və Mərkəzi Bank tərəfindən yerli ərzaq istehsalının artırılması, inflyasiya idxalının məhdudlaşdırılması prioritetlərini əhatə edən kompleks antiinflyasiya tədbirlərinin icrasına başlanılıb.
Yüksək qeyri-müəyyənliklər makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasını çətinləşdirib. Proqnoz horizontunda inflyasiyanın əsasən xarici təklif amillərindən təsirlənəcəyi gözlənilir.
Yaranan vəziyyət inflyasiya gözləntilərinin lövbərləşdirilməsi vasitəsilə qiymətlər sabitliyinə artırıcı amillərin təsirlərini qabaqlayıcı rejimdə tənzimləmək üçün faiz dəhlizi parametrlərinin zəruri təshihini şərtləndirir.
Ümumilikdə, geosiyasi risklərin makroiqtisadi və maliyyə sabitliyinə, eləcə də iqtisadi aktivliyə və əhalinin sosial rifahına neqativ təsirlərinin minimallaşdırılması Hökumətin və Mərkəzi Bankın diqqət mərkəzindədir və zəruri adekvat tədbirlər görülür.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar xarici mühitdə və ölkə iqtisadiyyatında gedən proseslər, maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, inflyasiyanın dinamikası və proqnozu nəzərə alınmaqla qəbul ediləcək.
Başlıca risk geosiyasi və geoiqtisadi gərginliyin daha da artmasıdır ki, bu da dünya əmtəə bazarlarında qiymət artımlarının və tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin daha uzun müddətə yüksəlməsinə, təchizat zəncirində problemlərin daha da dərinləşməsinə və dünyada ərzaq qıtlığının yaranmasına səbəb ola bilər. İxraca məhdudiyyətlər, logistika və hesablaşma problemləri üzündən bəzi əsas ticarət tərəfdaşlarından idxalın çətinləşməsi və bahalaşması daha bahalı idxalla əvəzlənməni zərurətə çevirə bilər. Bütün bunlar Azərbaycanda inflyasiya proqnozu üzrə baza ssenarinin reallaşmaması və yüksək inflyasiya idxalının davam etməsi riskini yaradır.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, makroiqtisadi proqnozlar və inflyasiya amillərinin dərin təhlili nəzərə alınmaqla qəbul ediləcək”.- deyə məlumatda bildirilib.
Onu da qeyd edək ki, ötən ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur:
"Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var",-deyə Elman Rüstəmov vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR