Bir çox məşhurların övladlarının sonradan faciəvi, səfil, xoşagəlməz durumda yaşadıqları halda dəfələrlə yazmışıq. Amma bu dəfə məşhur Azərbaycan musiqiçisi, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundovanın talesiz oğlu Taleh haqda söz açacağıq.
Qeyd edək ki, Taleh Hacıyev bəstəkarın yeganə övladıdır. Bəstəkar müsahibələrində həmişə ikinci dəfə ana olmamasından təəssüflənib. Şəfiqə Axundova çox gənc yaşlarından ailə həyatı qurub.
Lakin həyat yoldaşı onun sənətinə mane olduğu üçün aralarında tez-tez narazılıqlar yaranıb. Beləliklə sənəti üstün tutan bəstəkar oğlu ilə birgə tək yaşamağa başlayıb. Onun dediyinə görə, Səməd Vurğun məşhur “Aygün” poemasını ona həsr edib.
Taleh Hacıyev 1957-ci il, avqustun 14-də Bakıda anadan olub. Anası ilə atası ayrıldığından kiçik Taleh anasının və onun yaxınlarının sevgisi, qayğısı ilə əhatələnib. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərir və öz istedadı ilə diqqət çəkməyə başlayıb. Bir çoxları hələ də Talehin yaradıcılığından xəbərsizdir.
Lakin onun 18-20 yaşlarında yazdığı “Belə qəmli dayanma” mahnısı”, “Həyat sən nə şirinsən” mahnıları bu gün də sevilir. Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq sonralar Taleh daha çox pianoçu kimi tanınmağa başlayıb.
Azərbaycanın sevimli müğənnisi Flora Kərimova onu “insan orkestr” adlandırırdı. Çünki onun ifası bir orkestri əvəz edəcək qədər mükəmməl və məharətli idi. Məsələn, onun müşayiətində anasının bəstələdiyi “Həsrətindən” mahnısını dinləyənlər bu sözə haqq verər.
Qeyd edək ki, Şərqin qadın bəstəkarı tərəfindən yazılan ilk operanın konsertmeysteri də Taleh Hacıyev olub. Opera və Balet teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnləşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayət edib.
Lakin tale amansız olub. Bəstəkarın yeganə ümidi, övladı Taleh gənc yaşlarında ruhi xəstəliyə tutulub. Bu da onun həm sağlamlığına, həm də psixoloji durumuna çox pis təsir edir. Şəfiqə Axundova oğlunun bu halını gördükcə hər dəfə sarsılıb, çətin günlər yaşayıb. Taleh Hacıyev müalicə alsa da, səhhətində heç bir yenilik olmayıb.
Beləliklə, uzun müddət bu xəstəliklə mübarizə aparsa da, o, 2008-ci ilin iyul ayında Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edib. Oğlunun ölümü 40 gün bəstəkardan gizlədilib. Lakin artıq 40-cı gün bunu gizlətmək mümkün olmayıb və Şəfiqə Axundova oğlunun ölümündən xəbər tutub. Beləliklə bəstəkar ən dəhşətli, kədərli anlarını ömrünü ahıl yaşlarında yaşamalı olur.
Yeganə oğlu Talehin ölümü ilə barışmayan bəstəkar özünü nə qədər iradəli, mətn saxlamağa çalışsa da, çəkdiyi iztirablar simasından bəlli olurdu. Taleh bəstəkarın yeganə övladı olduğu üçün bütün ümidlərini ona bağlamışdı. Hətta dediyinə görə, məşhur “Lay-lay” mahnısını oğluna həsr edibmiş. Müsahibələrində birində ikinci dəfə ana olmadığı üçün özünü qınadığını bildirmişdi...
Oğul faciəsi yaşayan Şəfiqə Axundova artıq yaradıcılıqla məşğul ola bilməyib.
Bir dəfə jurnalistlərdən biri ona sual verib: “Şəfiqə xanım necəsiniz?”
Bəstəkarın cavabı hər kəsi sarsıdıb: “Sizcə övladı ölən ana necə olar?”
Şəfiqə Axundova Talehsiz 5 il yaşayıb və 2013-cü ilin iyul ayında dünyasını dəyişib.
Xalidə Gəray,
Musavat.com
ŞƏRHLƏR