Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində düşmən təxribatı ətrafında müzakirələr hələ də davam edir. Artıq Ermənistana bu xain hücumda dəstək olan, silah-sursat göndərən bütün dövlətlər bir-bir ifşa olunur. Həmin ölkələrin səfirləri Xarici İşlər Nazirliyinə çağırılır və onlara ciddi xəbərdarlıqlar edilir.
Görünən odur ki, Azərbaycan düşmənin Tovuz təxribatının arxasında duran dövlətlərin ifşa edilməsində qərarlıdır. Əlbəttə ki, siravi Azərbaycan vətəndaşı da bilir ki, rəsmi İrəvan Azərbaycanla təkbətək döyüşmək gücündə və cürətində deyil.
Bu məsələyə Prezident İlham Əliyev də toxunub və Ermənistanı Azərbaycanla təkbətək döyüşə çağırıb. Siyasi şərhçilər də Ermənistanın Tovuza hücumunun kökündə başqa ciddi səbəblərin və Azərbaycana qarşı çirkin planın olduğunu qeyd edirlər. Əsas iddialardan biri Rusiyanın rəsmi İrəvanın əli ilə Azərbaycan ərazisindən keçən neft və qaz kəmərlərini nəzarətə götürmək istəməsi barədədir. Hətta enerji kommunikasiyalarımızın vurulma ehtimalları da gündəmə gətirilib.
Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Əlbəttə, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolu köhnə qitənin bazarında gözü olan dövlətləri narahat etməyə bilməz. Çox ehtimal, maraqlı qüvvələr öz maşalarından istifadə etməklə Azərbaycanı sıxışdırmağa cəhd göstərirlər.
Bəs, Ermənistanın Azərbaycan ərazisindən keçən neft və ya qaz kəmərlərini vurması nə qədər realdır?
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Missiya.Az-a Ermənistanın və havadarlarının Azərbaycana qarşı qurduğu plandan və enerji xətlərimizin vurulma riskindən danışıb.
Qabil Hüseynli bildirib ki, Ermənistanın Tovuza hücum planında iki məqsəd güdülürdü: “Birincisi, Azərbaycanı təslimçi sülhə vadar etmək istəyirdilər. Rusiya da bunu istəyir. İkincisi, Azərbaycanın gəlir qaynaqlarını təmin edən, həm də eyni zamanda Avropaya və Türkiyəyə gedən mühüm enerji xətlərinin, dəmir yolu və kommunikasiya infrastrukturunun nəzarətə götürülməsi hədəflənirdi. Çünki region ölkələrinə, Orta Asiyaya respublikalarına gedən bütün neft, qaz və digər bir çox kommunikasiya xətləri həmin ərazidən keçir. Bu planı Ermənistan tək həyata keçirə bilməz. Əlbəttə ki, Rusiya əhəmiyyətli rola malik olub. Buna baxmayaraq, onlar Azərbaycana qarşı hazırladıqları planı həyata keçirə bilmədi. Ordumuz sərt qarşılıq verdi”.
Politoloq Ermənistanın Azərbaycana məxsus enerji və kommunikasiya xətlərini vurmaq ehtimalından da danışıb. Qabil Hüseynli qeyd edib ki, nə Rusiyanın, nə də Ermənistanın enerji xətlərimizi vurmağa cürəti çatmaz: “Ermənistan tərəfindən qaz və ya neft kəmərlərinin vurulma ehtimalı var. Amma belə kəmərləri vurmağa onların cürəti çatmaz. Çünki Bakı-Tiblisi-Ceyhan neft kəmərinin operatoru BP-dir. BP ABŞ-ın və Böyük Britaniyanındır. Bakı-Tiblisi-Ceyhan neft kəmərini havadan ABŞ peykləri izləyir və nəzarət edir. Ümumiyyətlə, kəmərlərin qorunmasında Azərbaycanın qüvvələri aparıcı rol oynasa da, ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları bizə yaxından kömək edir. Heç Rusiyanın da neft kəmərlərini vurmağa cürəti çatmaz. Sadəcə Rusiya kəmərlərin keçdiyi ərazini nəzarətə götürmək istəyirdi ki, gələcəkdə Azərbaycana təzyiqlər göstərsin. Amma plan iflasa uğradı”.
Qabil Hüseynli Azərbaycanın Avropa enerji bazarında böyük paya sahib olmasından Rusiyanın dərin narahatlıq keçirdiyini deyib:
“Bakı-Tiblisi-Ceyhan neft kəməri Avropanın, Türkiyənin və İsrailin enerji təhlükəsizliyində çox önəmli rol oynayır. TANAP layihəsi Azərbaycan qazını Türkiyəyə, oradan isə Avropaya aparması planlaşdırılır.
Artıq kəmərin Türkiyə hissəsi hazırdır və fəaliyyətdədir. Yəni bütövlükdə belə əhəmiyyətli enerji və kommunikasiya xətlərinin keçdiyi əraziyə hücum daha çox Rusiyanın maraqlarına cavab verir. Çünki Rusiya Azərbaycanın dünya enerji məkanında özünə ciddi rəqib görür. Həmçinin Rusiyanın ABŞ-ın rəhbərliyi altında Avropa bazarlarından sıxışdırılmasında Azərbaycanın da rolu var. Bir sözlə, Tovuza hücum Ermənistanın işi deyil. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir söz söylədi ki, “Bütün bu işlər ermənilərin boyunu aşar”. Bu o deməkdir ki, bu iş ermənilik deyil, planı hazırlayan üçüncü dövlət var”.
Qeyd edək ki, iyulun 12-də Ermənistan ordusu dövlət sərhəddində təxribata cəhd edib. Düşmən qüvvələrin Azərbaycana məxsus strateji yüksəklikləri ələ keçirmək cəhdi baş tutmayıb. Azərbaycan ordusu qarşı tərəfə ağır zərbə vurub və düşmənin hərbi texnikası, canlı qüvvəsi məhv edilib. Beynəlxalq qurumlar rəsmi İrəvanı Azərbaycan ərazilərinə hücum faktına görə kəskin şəkildə qınayıb.
Mənbə: Missiya.az
Oxu24.com
ŞƏRHLƏR