Aprelin 27-də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə yeni növ koronavirusla mübarizə məqsədilə elan olunmuş xüsusi karantin rejimi yumşaldıldı. Qərara əsasən, bir çox iş yerlərinin fəaliyyətinə icazə verildi, sms-lə icazə sistemində vaxt limiti artırıldı. Əslində isə hazırda da sərt karantin rejimində yaşamalı idik. Çünki Operativ Qərargah aprelin 17-də karantin rejiminin mayın 4-nə qədər uzadıldığını elan etmişdi. Buna baxmayaraq, ölkə rəhbərliyi yoluxma və ölüm statistikasındakı müsbət dinamikanı nəzərə alaraq, xüsusi karantin rejimi ilə bağlı yumşaldılmaların edilməsinə qərar verdi.
Əlbəttə ki, dövlət vətəndaşının işləməsində, iqtisadi fəallığın artmasında maraqlıdır və buna uyğun qərarlar qəbul etmək istəyir. Lakin koronavirusla mübarizə çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər göstərdi ki, dövlət üçün vətəndaşın sağlamlığı hər şeydən önəmlidir. Deməli, bu xüsusda vətəndaş da dövlətə kömək etməlidir. Bunun üçün sadəcə karantin rejimi üçün müəyyən edilmiş qaydalara riayət etmək, yoluxma sayının artmasına şərait yaratmamaq lazımdır.
Amma müşahidələr göstərir ki, aprelin 27-də elan olunmuş yumşaldılma qərarından sui-istifadə edənlər var. Bir çoxları elə hesab edir ki, yumşaldılma pandemiyanın tamamilə çəkilməsi deməkdir. Görünən odur ki, ölkə əhalisində koronavirus təhlükəsinin tamamilə sovuşduğuna dair əhval-ruhiyyə yaranır.
Artıq vətəndaşlar zərurət oldu-olmadı evdən çıxır, ictimai nəqliyyatda sıxlıq yaranır, küçələrdə qələbəlik müşahidə olunur. Bölgələrdə insanlar rayon mərkəzlərinə, bazarların ətraflarına, məhlələlərə toplaşır, bir-biriləri ilə yaxın təmasdan çəkinmir və bununla da virusa yoluxma riskini artırırlar.
Müşahidələr göstərir ki, aprelin 27-dən sonra bəzi vətəndaşlar şəxsi gigiyenanı, özünütəcrid qaydalarını arxa plana keçiriblər.
Olmaz! Belə olmamalıdır!
Hər bir vətəndaş dövlətin onun sağlamlığı üçün çəkdiyi əziyyəti, gördüyü tədbirləri, aldığı iqtisadi zərbələri nəzərə almalı, xüsusi karantin qaydalarının yumşaldılmasından sui-istifadə edərək yenidən vəziyyətin qeyri-müəyyən məcraya yönəlməsinə şərait yaratmamalıdır!
Ölkəmizdə ölüm və yoluxma sayının az olması virusdan sığortalanmışıq anlamına gəlməməlidir. Hələ təhlükə sovuşmayıb. Sadəcə dövlətin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində virusun yayılma arealı lokallaşdırılıb, yoluxma sayının artımına imkan verilməyib. Bu o demək deyil ki, Azərbaycan koronavirusa tam qalib gəlib, təhlükə bizim üzərimizdən sovuşub.
Vətəndaş bilməlidir ki, o, məsuliyyətsiz davranarsa, prosesin ikinci dalğası başlayacaq və yenə də həyat tərzimizi tam şəkildə dəyişməli olacağıq. Əhali anlamalıdır ki, COVİD-19 xəstəliyi uzunmüddətli prosesdir. Heç bir dövlət 1-2 ay ərzində bu virusa qalib gələ bilməyib. Ona görə də insanlarımız məsuliyyətlərini dərk etməli, virusun yenidən alovlanmasına imkan verməməlidirlər.
Tələblər hələ də aradan qaldırılmayıb:
- Mövcud karantin qaydalarına riayət olunmalıdır;
- Zəruri profilaktik tədbirlər davam etdirilməlidir;
- Yaşı 65-i keçən vətəndaşların evdən çıxmaması ilə bağlı qadağalara qeyri-şərtsiz əməl olunmalıdır;
- Hər bir vətəndaş 2 metrlik məsafə saxlamaqla bağlı tələblərə əməl etməlidir.
Xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Əlbəttə ki, mayın 4-dən sonra da hər hansı yumşaldılmaların tətbiq ediləcəyini ehtimal etmək olar. Amma epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunacaq.
Əgər zərurət yaranarsa, əvvəlkindən də sərt karantin rejimi tətbiq oluna, iş yerləri yenidən bağlana, sms-lə icazə daha da sərtləşdirilə bilər. Bu zərurətin yaranıb-yaranmayacağını isə vətəndaş məsuliyyəti göstərəcək. Vətəndaş məsuliyyətli olub qaydalara əməl etməklə öz işini, həyat tərzini asanlaşdırmış olacaq.
Unutmayaq: Dövlət qabaqlayıcı tədbirləri ilə ölkəmizdə pandemiyanın faciəvi hal almasına imkan vermədi. Azərbaycanda vəziyyət İran, ABŞ, İspaniya, İtaliya və digər Avropa ölkələrindəki kimi ağır deyil. Yoluxma sayı hər gün azalır. Amma xəstəliyin yeni dalğasının baş verməsinə şərait yaratmamaq üçün bütün qoyulan qadağalara əməl etməliyik. Hər bir fərd anlamalıdır ki, onun məsuliyyətsizliyi yoluxmanın artmasına, ikinci dalğanın başlamasına, ölümlərin sayının sürətlə çoxalmasına səbəb ola bilər. (Missiya.az)
Günün əlaqəli videosu
Oxu24.com
ŞƏRHLƏR