5 nəfər ailə üzvünü qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov ətrafında müzakirələr davam edir.
Cəmiyyətdə böyük rezonans doğuran hadisə bir sıra məsələləri aktual edib.Bunlardan biri də miras məsələsi ilə bağlıdır.
Oxu24.com mövzu ilə bağlı vəkil Sadiq Əfəndiyevlə əlaqə saxlayıb.
Doğma ailə üzvlərini öldürərərək həyatdan məhrum edən Əhmədə onların əmlakından miras pay verilə bilərmi? Bu halda qanunvericlik vərəsəlik məsələlərini necə tənzilmləyir?
- Ümumiyyətlə mülki qanunvericlik mirasın qəbul edilməsinin qanun üzrə və vəsiyyətnamə üzrə olmaqla iki qaydasını təsbit edib.
Vəsiyyətnamə yoxdursa, miras qanun üzrə vərəsəlik qaydasında qəbul edilir. Mərhumların mirasından Əhmədin qanunla pay almaq hüququnun olub olmamasını müəyyən etmək üçün ilk növbədə Əhmədin törətdiyi cinayət əməlinin subyektiv cəhətinə, yəni Əhmədin öz əməlinə psixi münasibətinə aydınlıq gətirilməldir. Bu məsələyə məhkəmə-psixatriya ekspertizasının verdiyi rəy nəzərə alınmaqla aydınlıq gətiriləcəkdir. Məhz aparılan araşdırmanın nəticəsi Əhmədin vərəsəlik hüququna bilavasitə təsir edəcəkdir.
Əgər məhkəmənin yekun qərarı ilə onun tərəfindən cinayətin anlaqlı vəziyyətdə, yəni qəsdən törədilməsi müəyyən edilərsə, bu halda Əhməd Əhmədov Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ləyəqətsiz vərəsə hesab edilə bilər.
Sadiq Əfəndiyev - VƏKİL
Belə ki, maraqlı şəxslərin – məsələn, ölən ata və anaya münasibətdə 1-ci növbəli vərəsə sayılan Əhmədin hər iki tərəfdən nənə və babasının iddiası ilə Əhməd məhkəmə qaydasında ləyaqət vərəsə sayıla və mirasdan pay almaq hüququndan məhrum edilə bilər.
Yox əgər məhkəmənin yekun qərarı ilə Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi müəyyən edilərsə, bu zaman Əhmədin digər 1-ci növbəli vərəsələrlə (baba və nənə ilə) birlikdə bərabər şəkildə mirasdan pay almaq hüququ yaranacaqdır.
Çünki mülki qanunvericiliyə görə şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün hüquqi əsas vərəsə tərəfindən miras qoyana, yəni ölmüş şəxsə qarşı etdiyi cinayətin qəsdlə törədilməsidir.
Əgər cinayət qəsdlə törədilməmişdirsə, ləyaqətsiz vərəsədən söhbət gedə bilməz. O zaman cinayət qəsdlə törədilmiş hesab olunur ki, şəxs cinayəti törədərkən öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Yəni o, gördüyü və dərk etdiyi nəticənin baş verməsinə şüurlu surətdə yol vermişdir. Anlaqsız bir şəxsin isə öz əməlinə bu cür daxili münasibət bəsləməsi mümkün deyildir. Bu baxımdan Əhmədin cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilərsə, ləyaqətsiz vərəsəliklə bağlı mülki qanunvericlikdə nəzərdə tutulmuş normaların onun barəsində tətbiq edilməsi mümkün olmayacaqdır və onun digər birinci növbəli vərəsələrlə, yəni hazırda sağ olan baba və nənəsi ilə birlikdə mərhumların mirasından pay almaq hüququ yaranacaqdır.
Bu zaman nəzərə alınmalıdır ki, Əhməd yalnız öz ata və anasına münasibətdə birinci növbəli vərəsədir, o, bacısına münasibətdə ikinci növbəli vərəsə hesab edilir. Birinci növbəli vərəsə olduğu halda, növbəti növbənin vərəsələri vərəsəliyə çağırılmır və vərəsəlikdə iştirak etmir. Ona görə də Əhmədin bacısının birinci növbəli vərəsə sayılan rəsmi nikahda olduğu həyat yoldaşı vardırsa, Əhmədin bacısından qalmış mirsadan pay almaq hüququ olmaycaqdır.
Müəllif: Miri Məcidli
ŞƏRHLƏR