Oruc tutarkən immunitetimizin düşməməsi üçün bizi tox saxlayan və orqanizmi vitaminlə təmin edən qidalara üstünlük verməliyik. Bəs həmin qidalar hansılardır? Bu gün bir bax kanalında həmin 10 qidanı sizə təqdim edəcəyik. Diqqətiniz məndə olsun.
⦁ Kəsmik - Kəsmik protein mənbəyidir. İmsaqda xüsusilə onun duzsuz olanını yesəniz, gün ərzində susuzluq problemi yaşamayacaqsınız. Kəsmiyi imsakda şirin çayın, yaxud mürəbbə və balla bərabər yeyə bilərsiniz. İftar süfrəsində isə kəsmiklə hazırlanan salad sizi tox saxlayacaq. Orqanizminizi lazımi maddələrlə təmin edəcək.
⦁ Yulaf əzməsi. Yulaf əzməsinin tərkibində lif miqdarı yüksəkdir. Liflərin orqanizm tərəfindən mənimsənilməsi prosesi uzun çəkir. Beləcə, bu müddət ərzində insan toxluq hiss edir. Yulaf əzməsi, həmçinin, beta-qlükan qaynağıdır. Beta-qlükanın qanda şəkərin miqdarını nizamladığı, eyni zamanda, immuniteti möhkəmləndirdiyi də elmi cəhətdən sübut olunub. Mütəxəssislər əmindir ki, beta-qlükan yorğunluq, stress, mövsümi xəstəliklər, soyuqdəymə, qrip, üst tənəffüs yolları infeksiyaları və bəzi allergik xstəliklərin müalicəsində effektivdir.
⦁ Yumurta. “Tox tutan qidalar” deyərkən ilk ağlagələn yumurtadır. Çünki yumurta ən keyfiyyətli protein qaynağıdır. İmsakda soyutma bişmiş yumurta, yaxud qayğanaq yemək sizi tox tutacaq.
⦁ Proteinlə zəngin qidalar. Yağsız qırmızı ət, ağ ət, süd, qatıq, yumurta və pendirin tərkibində yüksək miqdarda protein var. Əmin olun ki, imsakda bunlardan yesəniz, iftaradək özünüzü tox hiss edəcəksiniz.
⦁ Paxlalı bitkilər. Lobya, noxud, mərci kimi paxlalı bitkilər liflə zəngindir. Onlarda bitki mənşəli protein də mövcuddur. Ramazanda paxlalı bitkilərlə zəngin yeməklərə üstünlük vermək sağlamlığınızı qorumaqla yanaşı, tox hiss etməyinizə də səbəb olacaq.
⦁ Tərəvəzlər. Xüsusilə, tərəvəz salatları yüksək miqdarda kalori qəbul etmədən doymağınıza və susuzluq çəkməməyinizə kömək olacaq. Tərəvəzlərin liflə zəngin olması isə toxluq yaradacaq. Mövsüm tərəvəzlərindən əlavə, brokoli və Brüssel kələmi də yaxşı seçim ola bilər.
⦁ Çərəzlər. Badam, qoz, fındıq ləpəsi, kişmiş, qovurğa kimi çərəzlər yağ və lif mənbəyidir. Onlar imsaqdan iftara kimi keçən vaxt ərzində sizi tox tutacaq. Susuzluq çəkməyəsiniz deyə, mütəxəssislər Ramazan ayı boyunca bu çərəzlərə duz qatmamağı və hər gün bir ovucdan artıq yeməməyi tövsiyə edir. Çünki bol-bol yeyilən çərəzlər qaraciyəri yağlandırır.
⦁ Avokado. Doymamış yağlar və kaliumla zəngin olan avokadonu tək yeyə bilmirsinizsə, müxtəlif salatlara qata bilərsiniz.
⦁ Glisemik indeksi aşağı olan qidalar. Əvvəlcə, “glisemik indeks”in nə olduğuna baxaq. 1980-1981-ci illər ərzində Toronto Universitetində bir araşdırma aparıldı. Həmin araşdırma diabet xəstələri üçün uyğun qidaları müəyyən etmək məqsədi daşıyırdı. Araşdırmanın sonunda karbohidratların qandakı qlükoza səviyyəsinə təsirini müəyyən edən bir sistem hazırlandı və beləcə, “glisemik indeks” qavramı meydana çıxdı. Bir qidanın glisemik indeksinin aşağı olması onun həzm olunma müddətinin daha uzun olduğu anlamına gəlir. Tez həzm olunan qidalar qanda şəkərin miqdarının qəfildən artıb-azalmasına səbəb olur. Qanda şəkərin düşməsi isə aclıq hissi yaradır. Buna görə də, Ramazanda glisemik indeksi aşağı olan qidaların qəbul edilməsi tövsiyə olunur. Ağ undan hazırlanmış çörəklər, şirniyyatlar, kartof, düyü, yaşıl noxud, yerkökü, xəmir yeməkləri glisemik indeksi ən yüksək qidalardır. Xüsusilə, imsakda bunlardan bol-bol yesəniz, gün ərzində bitməyən aclıq hiss edəcəksiniz. Dənli bitkilər və paxlalılar, həmçinin, süd məmulatları glisemik indeksi aşağı olan qidalar siyahısında ən əlçatanıdır. Yaxşı olar ki, Ramazanda, xüsusilə, imsakda bu cür qidalar qəbul edəsiniz.
⦁ Süd, qatıq, kefir... Proteinlə yanaşı, kalsium və D vitamini qaynağı olan bu ağartı məhsulları da uzun müddət tox saxlayır. İmsakda bir stəkan süd, yaxud kefir içməyi, iftarda isə bir kasa qatıq yeməyi yadda çıxarmamağa çalışın.
Oxu24.com
ŞƏRHLƏR