Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17410
az

“Xalq düşməni”nin nəvəsi, sevdiyi qızı qatarla qaçıran Oqtay Ağayev - Xalq artistinin oxumadığınız MÜSAHİBƏSİ

09:2602 Sentyabr, 2019
1210
MARAQLI
  • A
 
"Sən - ey uşaqlıq", "Yadındamı, ötən günlər?", "Qaytar mənim eşqimi", "Kimsən sən?" kimi dillər əzbəri olan mahnıların əvəzsiz ifaçısı Oqtay Ağayev...


Oxu24.com  Modern.az-a istinadən tanınmış jurnalist Səfurə Çərkəzqızının mərhum sənətkarla illər əvvəl aldığı və elektron mediada yayımlanmayan müsahibəsini təqdim edir...

Yadındamı...

- Necəsiz, Oqtay müəllim?

- Görürsüz də... Qocalmışam ( Dərindən köks ötürür). Necə olacam, mən bu vətənin ögey oğluyam...

-Niyə ki?
 

- Niyə nədi? Estrada ulduzu olmuşam, amma indi heç kəsə lazım deyiləm. Nə adım var, nə sanım. Sənədlərimi götürmüşdülər ki, güya mənə ad verəcəklər. Amma yenə də qaldım qapı ağzında. Əvvəllər deməyə utanırdım, daha çəkinmirəm. Mən Azərbaycanın estrada ulduzuyam! Bunu deməyə ixtiyarım var. İki yüzədək estrada mahnısı oxumuşam. Qızıl fondda düz yeddi saat yarımlıq lent yazım var. Vaxtilə SSRİ-nin bütün şəhərlərində konsert vermişəm, özü də on beş il  dalbadal. On dörd respublikada mənə qiymət verilib, bir Azərbaycandan başqa.

- Sizcə, bu ögeylik hardandı?
 

- Hardan olacaq? Mədəniyyət Nazirliyindən, Polad Bülbüloğlundan. Mən onsuz da heç vaxt taleyimdən yarımamışam. Çünki Bəhram Ağayevin- "xalq düşməninin" nəvəsi olmuşam. Yadımdadı, mən pionerə keçəndə boynuma qalstuk bağladılar. Direktor gəlib açdı ki, bunu pionerə keçirmək olmaz, xalq düşməninin nəvəsidi. Babam sovet hökumətini quranlardanıydı.  Həm də o vaxtlar "Ədalət" təşkilatının sədriydi. 37-ci ildə tutdular,  19 ildən sonra buraxdılar. Lenin ordeni, ev, bağ verdilər. Amma ona olan olmuşdu, kişi il yarımdan sonra rəhmətə getdi. Yaxşı, bəs mənim ailəmin günahı nəydi? Bilirsiz, ailəmin başına nə oyunlar açıblar? Bizi daxmaya salmışdılar, ev-eşiyimizi əlimizdən almışdılar. Atam ingilis, çin, fransız dillərini beş barmağı kimi bilirdi. Amma nə var, nə var "xalq düşməni"nin oğludu deyə, aparıb basmışdılar türməyə...

Kamal Abdullanın rəhbərlik etdiyi Mədəniyyət Fondundan, "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyətindən başqa, heç yerdən, heç kimdən qayğı, kömək görməmişəm. Onlar olmasaydı, yəqin batıb getmişdim. Belə şeylərə görə iki dəfə infarkt keçirmişəm...

... Cavanlıq başqaydı.  Bizim konsertlərə bilet tapmaq müşkül idi. Rauf Hacıyevin rəhbərliyilə Dövlət Estrada Orkestriylə hər il Leninqradda ay yarım konsert verirdik. Moskvada 2-3 ay çıxış eləyirdik. Böyük şəhərlərdə işləyirdik: Kiyevdə, Riqada, Tallində, Daşkənddə, Bişkekdə... Mənim günüm belə keçib. Həmin orkestri keçmiş mədəniyyət naziri Zakir Bağırov ləğv elədi. Rauf Hacıyev bu orkestri yaradana kimi nə qədər əzab-əziyyət çəkmişdi. Ondan sonra bircə Tofiq Əhmədovun orkestri qalmışdı. Onunla 14 il işlədim,  o, rəhmətə gedənə qədər...

- Bəs niyə birdən-birə yoxa çıxdız?

- Bizim öz üslubumuz vardı. Qarşımıza məqsəd qoymuşduq ki, camaata estradanın nə olduğunu başa salaq. Bu, elə-belə, asan iş deyildi. Camaat estradanı hələ həzm eləyə bilmirdi. Tofiq Əhmədov rəhmətə gedəndən sonra gördüm ki, bizim yolumuzu dəyişirlər. Təzə dəb düşmüşdü. Estrada deyəndə elə bilirdilər ki, səhnədə atılıb düşmək lazımdı. Gördüm, yox, mən başqalaşa bilməyəcəm. Hər şeyi tulladım. Sonra Faiq Sücəddinov gəldi, işləri yoluna qoydu. Mənimçünsə geciydi- yaşa dolmuşdum, həm də iki dəfə infarkt keçirmişdim. Özümü "naqruskaya" sala bilməzdim.

 - Əvvəlki səsiniz qalıb?
 

- Həə, bəs necə?! Yenə də kefin istəyən oxuya bilərəm.

- Bəs içki səsinizə təsir eləməyib? Deyilənə görə, sonradan içkiylə aranız yaxşı olub...

- Yox, düz demirlər. Cavanlığımda onsuz da səsimə görə özümə qadağa qoyurdum- içmirdim, çəkmirdim. Sonra da... xəstə adama da heç olmaz. İndi arada pivədən-zaddan içirəm...

- Səhnə üçün darıxmırsız?

-Elə adam tapılar ki, ömrünü səhnəyə həsr eləsin, sonra onunçün darıxmasın? Səhnə sənətkarın canıdı. Karuzo kimi böyük sənətkar axırıncı nota qədər səhnədə oxuyub, elə səhnədə də dünyasını dəyişib.

- Özünüzə belə bir tale arzulayardız?

- Bəs necə?! Karuzosayağı ölmək gözəldi! Məncə, bunu bütün sənətkarlar arzulayar. İtaliyada Karuzonun qəbrinin üstünə  şam qoyublar, hər il onun anadan olduğu gün yandırırlar. Deyilənə görə, həmin şam 500 il yanacaq. Görürsüz, sənətkarı necə qiymətləndirirlər? Bizdə necədi? Səsimi itirsəydim, bu başqa məsələ. Rəşid Behbudov bir dəfə filarmoniyada mənə dedi ki, səs kotandı, nə qədər çox işlətsən, bir o qədər parıldayar . Üstəlik, sənətin cikini-bikini biləndə lap qiyamət olur. Mən peşəkarlardan dərs almışam. Bu sənətin bilicisiyəm.

- Sənətin bilicisi Oqtay Ağayev müasir estradaya necə qiymət verir?

- Çox pis. Heç cür yollarını tapa bilmirlər. Adlarını çəkmək istəmirəm, bir də görürsən, çıxıb məşhur sənətkarların mahnılarını ifa edirlər. "Sənə də qalmaz"ı Rəşiddən sonra oxumağın heç yeridi? Bundan ötrü gərək sənin yeddi başın olsun. Vallah, o mahnını o cür oxumaq günahdı. Çünki Rəşid o mahnı üçün bundan yuxarı yer qoymayıb. Estrada ifaçılarının müsabiqəsini keçirirlər. Heç deyən olmur ki,  a kişi, gəl sən də bax, gör bunların qabında nə var? Guya, məndən çox bilirlər. Estradanın bütün "biclik"lərindən xəbərim var. Bu sahədə bircə Rəşiddən geri qalırdım. İndikilərin hamısı özlərini ulduz hesab edirlər. Rəşidin bir sözü də vardı, deyirdi ki, ulduz olmaqçün gərək yavaş-yavaş addımlayasan. Birdən-birə parlayan, birdən-birə də sönər.

- Çal-çağırlı vaxtlarınız yuxunuza gəlirmi?

- O qədər... Ötən günlər yuxularımda, bir də  xatirələrimdədi... Moskvada Qurultaylar Sarayında "Camayka"nı oxuyurdum. Salona 6 min adam toplaşmışdı. Neyləmirdilər!?...

- Təzədən səhnə sizin olsaydı, hansı mahnıdan başlayardız?

- Yəqin ki, "Yadındamı?" mahnısından...

- Yəqin, sizi sevən qadınlar da çox olub?

- Ulduz olasan, sevilməyəsən?  Adamın üstündə Allah var, özümə heç bir qadağa- filan qoymamışam. Necə istəmişəm, elə də yaşamışam. Qastrollarda mənə vurulan çoxuydu, yanıma gəlib-gedirdilər. O xanımlardan ancaq birini sevdim. Oğurlayıb gətirdim.

 -Oğurladız?!

- Həə, Düşənbədə qastroldaydım. Gördüm, ortalıqda bir incə-mincə qız gəzişir. Balerinaydı. Yaxınlaşdım ki, xahiş eləyirəm, məni yola salasız. O da məni sındırmadı. Qatarda kupenin qapısını bağlayıb götürüb gəldim Bakıya. Özü də birdəfəlik, hələ də bir yerdəyik.

- Ağlınızı bir baxışla oğurlayan o xanımın adı nədi?

- Nadejda!

 - O "oğurluqdan" sonra necə, yenə özünüzə qadağa qoymurduz?

- Day əvvəlki ola bilməzdim ki... Yavaş-yavaş dəyişdim. 70-ci ildən Bakıda işlədim. Qastrollara az-az çıxırdım. Gedəndə  də 5 günlük, 10 günlük. Bakıda küçəyə çıxanda heç sərbəst gəzmək olmurdu, hamı tanıyırdı.  Gözdən iraq küçələrdə gəzirdim ki, qadınlardan yayınım. Onlar da başlayırdılar məktub yazmağa.

- Saxlayırsız o məktubları?

- Təzə evə köçəndə  unudub götürməmişdim.  Sonra qayıtdım ki, atıblar hamısını.

- Məktub sahiblərindən heç unuda bilmədiyiniz var?

- Əşşi, vallah, siz elə eləyəcəksiz ki, arvad mənim atamı yandıracaq.

- Belə qısqancdı?
 

- Hər halda qadındı da. Hansı qadının xoşuna gələr?

- Nadejda xanım ilk sevginizdi?

- Yox. İlkim başqasıydı. Alınmadı. O da bədbəxt oldu getdi.

- Niyə alınmadı?

- Dedilər, cavansız. Həm də onun valideynləri mane oldu. Sonra da mən əsgərliyə getdim. Nəsə, bizimki gətirmədi.

- Deyəsən, hələ də unuda bilməmisiz?

- İlk sevgini unutmaq çətindi...

- Bəlkə, əlçatmaz, platonik olduğu üçündü?

- Yox, platonik-zad deyildi. Görüşüb eləyirdik, nəsə...

1998
Səfurə Çərkəzqızı

***

Redaksiyadan: Oqtay Ağayev 1934-cü ildə Bakıda dünyaya gəlib. O zaman babası Bəhram Ağayev Ədalət Partiyasının sədri olub. 1937-ci ildə partiyanın digər üzvləri kimi, onu da "xalq düşməni" adıyla sürgün ediblər. Digər "xalq düşmənləri" kimi onun da ailəsinin başına müsibətlər gəlib. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra Bəhram Ağayevin ailəsi babalarının İçərişəhərdəki evində qalmalı olub.

O.Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Anası Həlimə xanım əslən Lənkərandan, atası Cəfər kişi isə Cənubi Azərbaycandan idi. Valideynləri Bakıda - orta məktəbdə oxuyarkən tanış olmuşdular. Oqtay ailənin böyük uşağı idi. Bu ailədə Oqtaydan savayı onun iki bacısı - Tamilla və Ofeliya, bir qardaşı - Etibar da böyüyürdü.

Sənətkar musiqini uşaqlıqdan sevib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Sofya xanım Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafında böyük zəhmət çəkib.

Əsgərlikdən qayıdandan sonra O. Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deməyə başlamışdı. O. Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.

1960-lardan 1990-laradək Azərbaycan Radio və Televiziya Estrada Orkestrinin konsertini Oqtay Ağayevsiz təsəvvür etmək mümkün deyildi.

O. Ağayev dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.

1968-ci il Moskva səfərində "Camayka" mahnısını ifa etdikdən sonra dinləyicilər onu səhnədən buraxmırlar. Bu ifaya görə "Şərəf" nişanı ilə də təltif olunur. Rusiyanın mədəniyyət naziri Furtsova Ağayevlə görüşü zamanı ona Moskvada qalmağı və yaradıcılığını burada davam etdirməyi təklif edir. Lakin o, Bakıdan və ailəsindən ayrı qala bilməyəcəyini deyib ölkəsinə qayıdır.

Yeri gəlmişkən, məhz həmin hadisə zamanı - "Camayka" mahnısının ifasına görə vaxtilə yaxın dostlar olmuş Oqtay Ağayevlə Rəşid Behbudov arasında münasibətlər pozulub.
1968-ci ildə Moskvaya gedən azərbaycanlı sənətkarlardan ibarət nümayəndə heyətinə Rəşid Behbudov edirdi.

Deyilənə görə, Rəşid Behbudov konsertdən əvvəl Oqtay Ağayevə deyir ki, məşhur italyan mahnısı "Camayka"nı oxumasın. Deyilənə görə, Robertino Lorettinin ifasında sevilən bu mahnının keçmiş SSRİ-də ən yaxşı ifa edən məhz Oqtay Ağayev imiş. Oqtay Ağayev Rəşid Behbudovun fikri ilə razılaşır və başqa mahnı oxuyur. Amma mahnı bitən kimi zaldakılar "Camayka!", "Camayka!" qışqırırlar və Maestro Niyazi gənc Oqtay Ağayevdən həmin mahnının oxumasını istəyir. Oqtay Ağayev isə Niyaziyə bildirir ki, Rəşid Behbudov onun bu mahnının oxumasını istəmir. Uzun müzakirə və mübahisədən sonra Oqtay Ağayev "Camayka"nı oxuyur və zal aşıb-daşır, sənətkar alqışlanır.
Məhz bu hadisədən sonra Rəşid Behbudovla Oqtay Ağayevin münasibətləri pozulur.

Digər bir məlumata görə, 1972-ci ildə Rəşid Behbudov Oqtay Ağayevi öz teatrına dəvət edir. Söhbət əsnasında Behbudov Ağayevdən estrada orkestrinin solisti kimi nə qədər məvacib aldığını soruşur. Ağayev bildirir ki, 200 rubl alır. R.Behbudov ona daha çox əməkhaqqı vəd etsə də, Oqtay təklifi qəbul etmir. Bundan sonra isə sənətkarların münasibəti bir qədər də gərginləşir.

O. Ağayev kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin ""Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.

1990-cı illərdə Azərbaycanda vəziyyət gərginləşir və bu durum sənətkarların da yaşayışına pis təsir edir. Amma nə qədər çətin olsa da, dolanmaq, ailəni saxlamaq lazım idi. 1991-ci ildə Oqtay Ağayev bir vaxtlar solisti olduğu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında qarovulçu işləməyə məcbur olur.

Oqtay Ağayev fəxri adı çox gec alıb - 2000-ci ilin yanvarında. Bu zaman isə artıq sənətkarın 66 yaşı vardı və səhnə fəaliyyətindən demək olar ki, uzaq düşmüşdü.

O, birbaşa "Xalq artisti" adını alan üç nəfərdən biri kimi musiqi tariximizə düşüb.

Oqtay Ağayev əslən Leninqrad şəhərindən olan Nadejda Konstantinovna ilə ailə qurub. Nadejda onun pərəstişkarı olub, onlar Tacikistanda tanış olublar.
Düşənbədəki qastrol zamanı baş verən tanışlıqdan sonra Oqtay Ağayev Nadejda Konstantinovnanı qatarla qaçırıb Bakıya gətirir və burada ailə qururlar.
Cütlüyün bu nikahdan bir oğlu olur və adını Rəşid qoyurlar.
Oqtay Ağayevin oğlu Rəşid atasından bir il əvvəl dünyasını dəyişir. Böyrəyi və ağ ciyəri xəstə olan Rəşid rəhmətə gedəndə 44 yaşı var idi.

Oğlunun ölümü sənətkara çox pis təsir edir. O hadisədən sonra müğənninin əziyyət çəkdiyi ürək-damar xəstəliyi bir qədər də şiddətlənir:

Ürək-damar xəstəliyindən əziyyət çəkən xalq artisti Oqtay Ağayev 2006-cı il, noyabrın 14-də vəfat edib. Onu Fəxri Xiyabanda deyil, Yasamal qəbirstanlığında  - anasının yanında torpağa tapşırıblar.

Sənətkarın ölümündən bir neçə il sonra həyat yoldaşı Nadejda xanım da rəhmətə getdi. Amma Nadejda xanım Oqtay Ağayevin yanında deyil, Qurd Qapısı yaxınlığındakı qəbristanlıqda dəfn olundu.

Oqtay Ağayevin ailəsindən bircə nəvəsi qalıb - mərhum oğlu Rəşidin qızı...


{banner_reklam1} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Tayqada azərbaycanlıların saldığı iki şəhər - Çoxlarının bilmədiyi fakt
“Xalq düşməni”nin nəvəsi, sevdiyi qızı qatarla qaçıran Oqtay Ağayev - Xalq artistinin oxumadığınız MÜSAHİBƏSİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ