Bakıda tanınmış vəkil Günay Sultanova müdafiə etdiyi təqsirləndirilən şəxsin cinayət işində zərərçəkmiş kimi tanınan Ramil Şıxəliyevin hücumuma məruz qalıb.
Oxu24.com Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının qarşısında, 2 saylı hüquq məsləhətxanasında baş verib.
Məlumata görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə baş tutan iclasda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən Ruslan İbrahimovun cinayət işi üzrə çıxışlar olub.
Əvvəlcə prokuror çıxış edərək Ruslan İbrahimovun 8 il müddətində azadlıqdan məhrum edilməsini təklif edib.
Daha sonra Ruslan İbrahimovun vəkili Günay Sultanova müdafiə nitqi ilə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxsə şərti cəza verilməsini xahiş edib.
Bildirib ki, Ruslan İbrahimovun əməlində xuliqanlıq niyyəti olmayıb.
Bu çıxış zərərçəkmiş Ramil Şıxəliyevin etirazına səbəb olub. O, xuliqanlıq niyyəti ilə bıçaqlandığını deyib.
Məhkəmə iclası zamanı zərərçəkmiş vəkilin ünvanına xoşagəlməz ifadələr işlədib. Zərərçəkmiş sakitləşdiriləndən sonra məhkəmə hökmü elan edib.
Ruslan İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra zərərçəkmiş vəkil Günay Sultanovanın fəaliyyət göstərdiyi 2 saylı hüquq məsləhətxanasına gəlib. O, Günay Sultanovanın təqsirləndirilən şəxsi müdafiə etdiyi üçün ittiham edib.
Bu zaman məsləhətxanada mübahisə yaranıb, zərərçəkmiş vəkilə hücum edib. Məsləhətxanada digər vəkillərin müdaxiləsi nəticəsində zərərçəkmiş oradan uzaqlaşdırılıb.
İttihama görə, Ruslan İbrahimov aralarında yaranan münaqişə zəminində xalasının tanışı Ramil Şıxəliyevi bıçaqlayıb.
Xəstəxanaya çatdırılan Ruslan Şıxəliyevin həyatını xilas etmək mümkün olub. Oxu24.com
ŞƏRHLƏR