Oxu24.com oxuculara hüquqi yardım layihəsini təqdim edir.
Bu dəfə təqdim etdiyimiz mövzu sahibkarların yoxlanması ilə bağlıdır.
Sahibkar – əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. Sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra – yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur.
Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır.
Növbəti yoxlama sahibkarın sonuncu növbəti yoxlamanın başa çatdığı tarixdən, barəsində növbəti yoxlamalar aparılmamış sahibkara münasibətdə isə onun dövlət qeydiyyatına alındığı tarixdən cari növbəti yoxlamanın başlandığı ana qədər olan fəaliyyət dövrünü, lakin hər bir halda son üç ildən artıq olmayan dövrü əhatə edir. Plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır.
Plandankənar ( növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır:
1) Sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə;
2) Sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda;
3) İnsanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;
4) Sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə.
Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.
Plan üzrə (növbəti) yoxlamanın müddəti iri sahibkarlarda 10 iş günündən, orta, kiçik və mikro sahibkarlarda 5 iş günündən artıq olmamalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın müddəti iri sahibkarlarda 5 iş günündən, orta, kiçik və mikro sahibkarlarda 3 iş günündən artıq olmamalıdır.
Yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır.
Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər.
Sahibkar isə yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır.
Yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir. Sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır.
Yoxlayıcı texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surətçıxarandan və skanerdən) istifadə etmək qərarını verdikdə bu barədə yoxlanılan sahibkara və ya onun nümayəndəsinə imzası alınmaqla məlumat verir. Yoxlanılan sahibkar aparılan yoxlama tədbirlərinin foto, video çəkilişini və audio yazılışını apara bilər. Foto, audio və video materiallar sahibkarın yazılı razılığı olmadan kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz.
Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər.
Onu da qeyd etmək lazımdır ki, Sahibkarlıq fəaliyyəti haqqında qanuna görə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır. Həmin müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR