Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51293
az

Dünyada şəkər bahalaşır; Rusiya ixracı azaldır – Azərbaycan bazarını nə gözləyir?

17:0826 Mart, 2021
1563
İQTİSADİYYAT
  • A

Rusiya hökuməti bir sıra ərzaq məhsullarının qiymətinə ötən ilin dekabrından tətbiq etdiyi dondurma qərarının müddətini daha 2 ay uzadıb. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hökumət şəkər və günəbaxan yağına aid olan qiymət dondurulmasının müddətinin uzadılmasını bizneslə müzakirə edərək, operativ təkliflər verməyi Kənd Təsərrüfatı Nazirliyi, Federal Antiinhisar Agentliyi və Sənaye-Ticarət Nazirliyinə həvalə edib.

Rusiya hökuməti şəkər və günəbaxan yağı istehsalçılarına qiyməti dəyişməmələri üçün subsidiya ödəyəcək. Lakin pərakəndə satış müəssisələrinə belə dəstəyin edilib-edilməyəcəyi barədə açıqlama verilməyib. Hazırda Rusiyanın əksər bölgələrində pərakəndə satış şəbəkələri şəkər qıtlığı ilə üzləşib. Ticarət nöqtələrinin çoxunda şəkər tapmaq mümkün deyil. “İzvestiya” qəzetinin yazdığına görə, xüsusilə böyük şəbəkələrə daxil olmayan mağazalar şəkəri hökumətin müyyən etdiyi qiymətə satmaqda ciddi çətinliklə üzləşiblər. Belə ki, hökumət şəkərin 1 kiloqramına maksimal qiymət olaraq 46 rubl müəyyənləşdirib(günəbaxan yağının 1litri üçün bu qiymət 110 rubldur). Şəbəkələrə daxil olmayan mağazalar şəkəri topdan bu qiymətdən də yuxarı əldə edə bilirlər. Bu isə məhsulun 46 rubldan satılması nəticəsində onların ziyana düşməsi deməkdir. Hökumət dəstək vermədiyinə görə belə mağazalar şəkəri, ümumiyyətlə, satmaqdan imtina edirlər.

Yaranmış vəziyyəti bizneslə müzakirə edən Rusiya Ticarət və Sənaye Nazirliyi hər iki məhsul üzrə qiymətlərin dövlət tənzimlənməsinin əleyhinə çıxıb. Nazir müavini Viktor Yevtuxov bildirib ki, qiymətlərin dondurulması şəraitində şəkər təchizatında ciddi problemlər meydana çıxıb. Onun sözlərinə görə, heç də bütün ticarət şəbəkələri 36 rubla şəkər ala bilməyiblər, çünki bu sahədə istehsalçı ilə pərakəndə satıcı arasında vasitəçilər çoxdur. Nazir müavini qeyd edib ki, şəkərin qiymətini daha iki ay aşağı saxlamaqdansa, tədrici artıma gedilməsi daha yaxşı olardı. Yevtuxov martın əvvəlində bildirmişdi ki, qiymət dondurulması davam etdirilsə Rusiyada Sovet dövründə olduğu kimi qıtlıq yaranacaq. Onun fikrincə, yaxın 1 il ərzində qiymət bahalaşması qaçılmazdır, çünki proses dünya bazarındakı vəziyyətdən qaynaqlanır. Qeyd edək ki, 2019-cu ildə Rusiyada rekord həcmdə - 7,3 milyon ton şəkər istehsal olunub.

2020-ci ildə Rusiyada şəkər istehsalının əsas xammalı olan şəkər çuğunduru istehsalında son onilliyin ən aşağı məhsuldarlığı qeydə alınıb. Ölkə üzrə hər hektardan orta hesabla 364,3 ton olmaqla cəmi 33,5 milyon ton məhsul toplanıb. Bunun əsas səbəbi əkin sahələrinin 2019-cu illə müqayisədə 19 faiz azalmasıdır. Əkinlərin azalmasına isə əvvəlki illərdə istehsal olunan son məhsulun – şəkərin böyük həcmdə ehtiyatlarının toplanması, qiymətlərin düşməsi nəticəsində satış həcmlərinin azalması səbəb olub. Ötən il ərzində qiymətlərin kəskin ucuzlaşması nəticəsində rentabelliyini itirən 5 böyük zavod fəaliyyətini dayandırıb.

Nəzərə çatdıraq ki, 2016-cı ildən bəri Rusiyada illik 6-6,3 milyon tonluq daxili tələbatdan xeyli yüksək həcmdə şəkər istehsal olunur. Nəticədə 2019-cu ilin dekabrında bu məhsulun ən aşağı istehsalçı qiyməti – 1 ton üçün 17,85 min rubl – qeydə alınıb. 2020-ci ildə şəkər çuğunduru əkinlərinin və istehsalın azalması fonunda daxili bazarda qiymətlər sürətlə artmağa başlayıb. Şəkərin istehsalçı qiymət iki dəfə artaraq 1 ton üçün 35,8 min rubla çatıb. Ümumilikdə il ərzində qiymətlər 91 faiz bahalaşıb. Rusiya Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin dekabrında şəkər və şəkər tozunun istehlakçı qiyməti 50,2 rubla çatıb. Buna görə də hökumət şəkərin istehsalçı qiymətinin yuxarı həddini 36, pərakəndə satış qiymətinin yuxarı həddini isə 46 rubl səviyyəsində dondurmağa qərar verib.

2020-ci il ərzində Rusiyada şəkər istehalı 2019-cu ildəkindən 20,6 faiz az olmaqla 5,8 milyon ton təşkil edib. Dünya bazarında qiymətlərin yüksəlməsi fonunda ötən ilin 11 ayında Rusiyadan şəkər ixracı 1,2 milyon ton təşkil edib, 441,4 milyon dollar gəlir əldə olunub.


Bu, dəyər ifadəsində 2019-cu ildəki ixracdan 2 dəfə, çəki ifadəsində isə 2,2 dəfə çoxdur. Şəkər idxalı isə 24,6 faiz azalmaqla 2020-ci ilin 11 ayında cəmi 171,7 min ton təşkil edib.
Ötən ilin payızından ümumiyyətlə dünya bazarında şəkərin bahalaşması prosesi başlayıb və hələ də davam etməkdədir. Belə ki, 2021-ci ilin fevral ayında şəkərin 1 kiloqramının qiyməti əvvəlki ay ilə müqayisədə 6.86 faiz artaraq 0.374 dollar olub.
Qeyd edək ki, Azərbaycanın şəkər idxalının 90 faizdən yuxarısı Rusiyanın payına düşür. Bu baxımdan, Rusiya bazarında bu məhsulla bağlı baş verən dəyişiklik Azərbaycana da təsirsiz ötüşmür. Nəzərə alsaq ki, ölkədə şəkər istehsalı 2016-cı ildəki 430 min 834 tona qarşı 2019-cu ildə 271 min 39 tona düşüb, eyni dövrdə idxalımız 57 min 740 tondan 160 min 904 tona yüksəlib, bu zaman daxili bazarda qiymətlərin idxal qiymətlərindən nə qədər asılı olduğunu müəyyən etmək çətin olmaz. Qeyd olunan dövrdə şəkər ixracımız isə 112 min 63 tondan 70 min 380 tona qədər azalıb. 2020-ci ildə bu həcm daha da azalmaqla 60 min 643 ton təşkil edib.

2020-ci ildə Azərbaycana 50 milyon 31,2 min dollar dəyərində 140 min 26,42 ton ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza idxal olunub. Bunun 133 min 930,44 tonu Rusiyadan(46 milyon 895,4 min dollar), 271,34 tonu Belarusdan, qalanı isə Ukrayna və digər ölkələrdən alınıb.

Azərbaycanda şəkər əsasən idxal xammalı hesabına istehsal olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2019-cu ildə Azərbaycanda şəkər istehsalının cəmi 11,8 faizi yerli xammal hesabına olub. Ümumilikdə 235 min 585 ton xammaldan istifadə edilib ki, bunun cəmi 25 min 733 tonu ölkədə istehsal olunub, 192 min 901 tonu xaricdən alınıb. İl ərzində ölkədə 271 min 39 ton şəkər istehal olunub. Daha 160 min 904 tonunu idxal etmişik – idxal şəkərindən asılılığımız 25 faizə yüksəlib. İl əzində ölkə daxilində 260 min 805 ton şəkər istehlak edilib, 70 min 380 ton məhsulu xaricə satmışıq. İtkiləri də nəzərə almaqla, 2019-cu ildən 2020-ci ilə 394 min 586 ton şəkərlə keçmişik.

2020-ci il ərzində Azərbaycanın şəkər istehsalında əsas xammal olan şəkər qamışından alınan digər aromatik-dad və ya boyayıcı əlavələrsiz xam şəkər idxalı hamısı Braziliyadan olmaqla 155 min 673,84 ton təşkil edib(52 milyon 759,17 min dollar).

Bu ilin 2 ayında Azərbaycandan xaricə 4 milyon 874.78 min dollarlıq 9 min 742.76 ton şəkər ixrac olunub. Keçən ilin eyni dövründə ixracımız 2 milyon 52 min dollarlıq 5 min 62,70 ton təşkil edib. Göründüyü kimi, şəkərin dünya bazar qiymətinin artması, həmçinin Rusiyadan ixracın azalması fonunda Azərbaycan şəkər ixracını az qala ikiqat artırıb. Məlumat üçün bildirək ki, Azərbaycan öz məhsulunu əsasən Özbəkistan, Qazaxıstan, Türkmənistan və Tacikistana ixrac edir. Bu ölkələr Rusiyadan şəkər alıcıları siyahısına başçılıq edirlər.

Bu ildən şəkər istehsalı üçün xammal idxalımız da artıb. Belə ki, Braziliyadan şəkər qamışından alınan digər aromatik-dad və ya boyayıcı əlavələrsiz xam şəkər idxalı 13 min 908,48 ton təşkil edib(5 milyon 958,59 min dollar). Ay ərzində xaricdən 1372,82 ton ağ şəkər alıb, 3 min 66 ton satmışıq. İdxalımızın 413,64 tonu Rusiyadan, 948 tonu isə Ukraynadan reallaşıb.

İki ayda ölkəmizdə 24 min ton qənd və şəkər tozu istehsal olunub. Bu, əvvəlki ilin eyni dövründən 0,4 faiz azdır. Martın 1-nə anbarlarda olan məhsul qalığının həcmi 4,8 min ton təşkil edib. 2020-ci il ərzində bu məhsulların istehsalı 9 faiz azalmaqla 246,5 min ton təşkil edib. Cari ilin 1 yanvarına məhsul qalığı 14,8 min ton olub. Bu, o deməkdir ki, Azərbaycan 2021-ci ilə 2020-ci ildəkindən 26,6 dəfə az məhsulla keçib.
Bütün qeyd olunanlar göstərir ki, dünya bazarında şəkərin qiymətinin yüksəlməsi, Rusiyadan ixracın məhdudlaşdırılması fonunda

Azərbaycandan bu məhsulun yüksək həcmlərlə ixracı tezliklə daxili bazarda qiymətlərin bahalaşmasına gətirib çıxara bilər...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran pulunu dəyişir - Pezeşkiandan təcili qərar
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı
Bu layihə III oxunuşdan keçdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ