Rafael Fiziyev ilk onluğa QAYITDI
08 Sentyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
24
11.09.2026, 10:38
O, Azərbaycan voleybolunun ən parlaq simalarından biri idi. Meydanda çevikliyi, reaksiyası, fədakarlığı və ən çətin topları belə oyunda saxlamaq bacarığı ilə seçilirdi. Azərbaycan millisinin formasında Avropanın ən güclü voleybolçuları ilə qarşılaşdı, iki dəfə qitə çempionatının ən yaxşı liberosu seçildi, Türkiyə və İsveçrədə çempionluq yaşadı.
Söhbət Azərbaycan voleybolunun məşhur siması Valeriya Məmmədova-Korotenkodan gedir.
Modern.az saytı “Simalar” rubrikası üçün vaxtilə tribunaların alqışladığı voleybolçunun indi harada olduğunu və nə iş gördüyünü araşdırıb.
Valeriya Korotenko 2018-ci ildən sonra peşəkar oyunçu kimi fəaliyyət göstərmir. O, illərlə formasını geyindiyi Azərbaycanı tərk edib. Vaxtilə Azərbaycan milli voleybol komandasının “divarı” sayılan idmançı indi xaricdə həyatının yeni mərhələsini yaşayır.
9 yaşında başlayan böyük yol
Valeriya Oleqovna Korotenko 29 yanvar 1984-cü ildə Bakıda doğulub. Voleybol oynamağa 9 yaşında məktəb komandasında başlayıb, 16 yaşında isə Bakının “Lokomotiv” klubunda peşəkar karyerasına qədəm qoyub. Bir il sonra Bakının “Azərreyl” klubuna keçən Valeriya uzun illər bu komandanın aparıcı oyunçularından biri olub. Məhz burada o, karyerasının ən parlaq dövrlərini yaşayıb.
Onun əsas mövqeyi libero idi – yəni komandanın müdafiəsinin sonuncu dayağı. Voleybolda libero hücumla deyil, yaxşı müdafiə və topun keyfiyyətli qəbulu ilə seçilir. Bu bacarıqları özündə birləşdirən Valeriya məhz həmin mövqedə öz nəslinin ən güclü oyunçularından birinə çevrilmişdi. Çevikliyi, sürətli reaksiyası və çətin topları qaytara bilmək bacarığı ilə seçilən Korotenko libero mövqeyində özünəməxsus üslub formalaşdırmışdı.
Korotenko “Azərreyl” klubu ilə yanaşı, Azərbaycanın milli komandasının da əsas oyunçusu - dayağı idi.
21 yaşında Avropanın ən yaxşısı
Valeriya Korotenkonun adı Azərbaycan sərhədlərindən kənarda 2000-ci illərin əvvəllərində ciddi şəkildə tanınmağa başladı.
O, “Azərreyl”in heyətində 2001/2002-ci illər mövsümündə CEV Top Teams Cup-ı qazandı və həmin turnirdə ən yaxşı libero seçildi. Sonrakı illərdə Çempionlar Liqası, CEV Kuboku, Dünya Qran-Prisi və digər beynəlxalq yarışlarda fərdi mükafatlara layiq görüldü.
Lakin onun karyerasının ən mühüm fərdi uğurlarından biri 2005-ci ildə gəldi.
Azərbaycan millisi həmin il Avropa çempionatında 4-cü yeri tutdu. Komandanın müdafiəsində əsas rol oynayan Valeriya Korotenko isə turnirin ən yaxşı liberosu seçildi.
Bu nəticə 21 yaşlı azərbaycanlı voleybolçunu Avropa voleybolunun ən güclü müdafiə oyunçularından birinə çevirdi.
İsveçrə, Türkiyə və yeni uğurlar
2007-ci ildə Valeriya İsveçrənin “Volero” klubuna keçdi. Cəmi bir mövsümlük çıxışına baxmayaraq, burada ölkə çempionluğu yaşadı.
Ardınca Türkiyənin “Fənərbaxça” klubuna transfer olundu. Türkiyədə də uğur davam etdi.
“Fənərbaxça” ilə ölkə çempionluğunu qazanan Valeriya 2008/2009-cu illər mövsümündə CEV Kubokunda bürünc medal əldə etdi. Həmin yarışda həm ən yaxşı libero, həm də ən yaxşı top qəbul edən oyunçu seçildi.
O dövrdə Azərbaycan voleybolçularının Avropanın aparıcı klublarında çıxış etməsi ölkə idmanı üçün mühüm hadisə idi. Valeriya isə bu nəslin ən çox diqqət çəkən oyunçularından biri idi.
Gözəlliyi ilə də gündəmdə idi
Valeriya Korotenko yalnız idman nəticələri ilə tanınmırdı.
2007-ci ildə “Azerisport”un keçirdiyi sorğuda o, Azərbaycan idmanının qadın simaları arasında “seks-simvol” seçilmişdi. Səsvermədə 40 faiz nəticə göstərən Korotenko gimnast Dinara Gimatova, fiqurlu konkisürən Kristin Freyzer, həndbolçu Marina Tankatskaya və digər idmançıları qabaqlamışdı.
Bu fakt həmin vaxt mətbuatın ona olan marağının yalnız voleybol meydançası ilə məhdudlaşmadığını göstərir.
Lakin Valeriyanın karyerasında əsas məsələ xarici görünüş deyil, məhz idmandakı nəticələri idi. Onu həmkarlarından fərqləndirən əsas cəhət meydanda sakit görünən, amma oyunun ən çətin anlarında böyük məsuliyyət daşıyan libero olması idi.
Nicat Məmmədovla ailə qurdu
2011-ci ildə Valeriya Korotenko Azərbaycan cüdoçusu Nicat Məmmədovla ailə həyatı qurdu.
Toy Bakıda baş tutdu. O vaxt Valeriya mətbuata verdiyi müsahibədə Nicatın onun idman karyerasını dəstəklədiyini söyləmişdi. Nicat Məmmədov özü də peşəkar idmançı idi və cüdo ilə yanaşı, əvvəllər voleybolla da məşğul olmuşdu.
İdmançı ilə qurulan bu evlilik Valeriyanın həyatında yeni mərhələnin başlanğıcı oldu.
Bir neçə il sonra isə o, ilk övladını dünyaya gətirdi.
İki il voleyboldan uzaq qaldı
2014-cü ildə Valeriyanın oğlu Tamerlan dünyaya gəldi.
Analıqdan sonra o, təxminən iki mövsüm peşəkar voleyboldan uzaq qaldı. Lakin bu fasilə onun karyerasının sonu olmadı.
Valeriya 2015/2016-cı illər mövsümündə Məmmədova soyadı ilə Bakının “Azərreyl” klubuna qayıtdı.
Və qayıdışı möhtəşəm oldu.
“Azərreyl” Azərbaycan çempionluğunu qazandı, Valeriya isə mövsümün ən yaxşı liberosu seçildi. İki illik fasilədən sonra 30 yaşını keçmiş voleybolçunun yenidən ölkənin ən yaxşısı seçilməsi onun fiziki hazırlığı və peşəkarlığı barədə çox şey deyirdi.
33 yaşında ikinci dəfə Avropanın ən yaxşısı
2017-ci ildə Valeriya Məmmədovanın karyerasında yeni səhifə yazıldı. Voleybol üzrə Avropa Çempionatında milli komandamız 4-cü yeri tutdu.
33 yaşlı Valeriya Korotenko isə turnirin ən yaxşı liberosu seçildi.
Beləliklə, o, 12 il əvvəl – 2005-ci ildə qazandığı eyni fərdi mükafatı yenidən əldə etdi.
Bu dəfə artıq gənc istedad kimi yox, karyerasının ən təcrübəli dövründə olan veteran oyunçu kimi.
Həmin Avropa çempionatının ən yaxşı oyunçuları siyahısında onunla birlikdə Tijana Boşkoviç, Eda Erdem, Laura Dijkema, Anne Buijs və digər dünya səviyyəli voleybolçular yer alırdı.
Valeriyanın iki fərqli nəsildə Avropanın ən yaxşı liberosu seçilməsi onun karyerasının yaddaqalan göstəricilərindən biridir.
Milli komandada 180 oyun
12 nömrəli forma geyinən Valeriya Məmmədova Azərbaycan millisinin uzun illər əsas oyunçularından biri olub.
Müxtəlif mənbələr onun milli komandada təxminən 180 oyun keçirdiyini göstərir. O, Dünya Çempionatında, Avropa çempionatlarında, Dünya Qran-Prisində və Olimpiya təsnifat turnirlərində Azərbaycanı təmsil edib.
2005-ci ildə Avropa Çempionatının ən yaxşı liberosu oldu.
2017-ci ildə eyni uğuru təkrarladı.
2016-cı ildə isə Azərbaycan millisi ilə Avropa Liqasının qalibi oldu.
Bütün bunlar onun Azərbaycan qadın voleybolunun ən uğurlu simalarından biri olduğunu göstərir.
2018-ci ildə meydandakı son səhifələr
Valeriya Korotenkonun Bakının “Azərreyl” klubunda çıxışı 2018-ci ilin sonuna qədər davam etdi. O, “Azərreyl”in heyətində Avropa kuboku oyunlarında iştirak etdi.
Bundan sonra meydandan çəkildi. Valeriya artıq Azərbaycan mətbuatının gündəmində əvvəlki qədər görünmədi.
Bir vaxtlar demək olar ki, hər böyük turnirdən sonra müsahibə verən, Avropa çempionatlarında mükafat alan, ölkənin ən məşhur qadın idmançılarından biri olan Valeriya görünməz oldu.

2019-cu ildən sonra onunla bağlı Azərbaycan mətbuatında yeni məlumatların olmaması “Valeriya Məmmədova indi haradadır?” sualını doğururdu.
Araşdırmamız nəticəsində bu suala cavab tapdıq: Valeriya Məmmədova Rusiyadadır.
Valeriya Məmmədova-Korotenko artıq bir neçə ildir Rusiyada - Moskva vilayətində yaşayır və işləyir.
O, peşəkar oyunçu kimi karyerasını başa vurduqdan sonra məşqçiliyə keçib və Moskvaətrafı ərazidə fəaliyyət göstərən PLOTİK voleybol məktəbinin məşqçilərindən biridir. Valeriya meydanda qazandığı təcrübəni indi burada uşaq və yeniyetmələrə ötürür.
Məktəbin rəsmi saytında onun PLOTİK-in Novoqorsk bölməsinin rəhbəri kimi fəaliyyət göstərdiyi qeyd edilib.
Azərbaycan milli komandasının keçmiş liberosu bu gün Moskva vilayətində voleybolun yeni nəslini yetişdirir.
Valeriyanın məşqçilik fəaliyyəti formal xarakter daşımır.
PLOTİK-in komandaları müxtəlif yaş qrupları üzrə klassik və çimərlik voleybolunda yarışırlar. 2025-ci ildə Valeriya Korotenkonun rəhbərliyində “Vampgirls” komandası bürünc medal qazanıb.
Beynəlxalq udman ustası adını daşıyan Valeriya Korotenko məşqçi kimi Moskva vilayətində böyük nüfuza malikdir.
“Vampgirls” komandasında oynayan qızların valideynləri Rusiya mətbuatında Valeriyanın uşaqlara münasibətini xüsusi qeyd edib və məşqçi kimi tərifləyiblər.
İki övladının da idmana marağı var
Valeriyanın sosial şəbəkə paylaşımları onun şəxsi həyatının da son illərdə necə dəyişdiyini göstərir.
O, ailə həyatını əvvəlki kimi mətbuatın gündəmində saxlamasa da, sosial şəbəkə hesabında övladları ilə bağlı görüntülər paylaşır.
Valeriyanın bir oğlu və bir qızı var.
2014-cü il təvəllüdlü oğlu Tamerlan 6-cı sinfə gedir. Sosial şəbəkədəki paylaşımlardan onun boksla məşğul olduğu görünür.
Qızı Jasmin isə 2019-cu ildə doğulub. Maraqlıdır ki, anasının yolunu seçən Jasmin də voleybolla məşğul olur. Jasmin artıq birinci sinifdə oxuyur.
Valeriya Məmmədova-Korotenkonun həyat yoldaşı Nicat Məmmədov çoxdan peşəkar idmandan uzaqlaşıb və hazırda bizneslə məşğul olur.
Valeriya Azərbaycanla əlaqəni kəsməyib
Rusiyada yaşamasına və işləməsinə baxmayaraq, Valeriyanın Azərbaycanla əlaqəsi tam kəsilməyib.
Onun sosial şəbəkə hesabında Azərbaycanla bağlı paylaşımlar, keçmiş komanda yoldaşları və idman dostları ilə əlaqələr görünür.
Bu, Valeriya xanımın həyatının coğrafiyasının dəyişdiyini, amma mənsub olduğu voleybol nəslinin yaddaşından silinmədiyini göstərir.
Bir vaxtlar Bakıda eyni formanı geyindiyi voleybolçularla bağlı paylaşımlar və reaksiyalar da onun Azərbaycan voleybol mühitindən tamamilə qopmadığını göstərir.
10:48 / 11 Sentyabr 2026
1
10:44 / 11 Sentyabr 2026
9
10:34 / 11 Sentyabr 2026
30
10:33 / 11 Sentyabr 2026
20
10:30 / 11 Sentyabr 2026
31
10:24 / 11 Sentyabr 2026
41
10:02 / 11 Sentyabr 2026
43
09:57 / 11 Sentyabr 2026
377
09:52 / 11 Sentyabr 2026
91
09:29 / 11 Sentyabr 2026
47
09:26 / 11 Sentyabr 2026
86
09:24 / 11 Sentyabr 2026
53
09:22 / 11 Sentyabr 2026
70
23:14 / 10 Sentyabr 2026
913
23:08 / 10 Sentyabr 2026
126
23:03 / 10 Sentyabr 2026
145
23:00 / 10 Sentyabr 2026
77
22:53 / 10 Sentyabr 2026
73
22:44 / 10 Sentyabr 2026
99
22:40 / 10 Sentyabr 2026
3897
22:36 / 10 Sentyabr 2026
77
22:28 / 10 Sentyabr 2026
77
22:20 / 10 Sentyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.