Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88309
az

Ali Məhkəmə daha bir mübahisəli hüquqi məsələni müzakirəyə çıxarıb

11:1103 May, 2023
323
HÜQUQ
  • A

Azərbaycanda məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icrası istiqamətində görülən işlərin davamı olaraq Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilməsi qərara alınıb.

Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.

Belə ki, MPM-in 418-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Hazırda Ali Məhkəmənin icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın müzakirəsini zəruri edən “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş vardır. İş üzrə iddiaçı məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılmasını tələb edir və iddiasını onunla əsaslandırır ki, sazişi təhdid altında, iradəsinə zidd şəkildə bağlamağa məcbur olub.

Apellyasiya məhkəməsi iş üzrə icraata xitam vermiş və mövqeyini belə əsaslandırıb ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərardadına əsasən təsdiq edilmiş barışıq sazişinin müstəqil iddia şəklində mübahisələndirilməsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. İşə kassasiya qaydasında baxılarkən mübahisəli məsələyə münasibətdə Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən edilib Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının bəzi tərkibləri, məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması haqqında ayrıca iddia qaldırılmasını mümkün saymayan hüquqi mövqe ilə razılaşıblar.

Bu mövqe onunla əsaslandırılır ki, mülki iş üzrə tərəflərin bağladıqları barışıq sazişini məhkəmənin təsdiqləməsi, həmin razılaşmanın həm də etibarlılığının yoxlanılması anlamına gəlir. Belə ki, saziş təsdiqlənməklə icraata xitam verilməsi haqqında qərardadın tərkib hissəsinə çevrilir. Ona görə də barışıq sazişi ilə razı olmayan tərəf həmin sazişi deyil, qərardadı mübahisələndirməlidir. Məhkəmə aktını qüvvədən salmaq üçün isə ondan mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Ona görə də məhkəmənin təsdiqlədiyi barışıq sazişinin etibarsız sayılması iddiası üzrə işə MPM-in 261.0.1-ci maddəsi ilə - məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Məhkəmənin digər tərkiblərinin hüquqi mövqeyi ondan ibarətdir ki, sözügedən məhkəmə qərardadından prosessual qaydada şikayət vermək imkanı, müstəqil əqd olan barışıq sazişinin etibarsızlığına dair maddi hüquqi əsaslarla ayrıca iddia qaldırmaq hüququnu istisna etmir.

Belə ki, maddi hüquqi fakt olan əqdlə, prosessual akt olan qərardad ayrı-ayrı institutlardır. Buna müvafiq olaraq, əqdin etibarsızlığını mübahisələndirmək hüququ ilə, qərardaddan şikayət vermək imkanını biri-birindən fərqləndirmək lazımdır. Barışıq sazişinin təsdiqlənməsi və işin icraatına xitam verilməsi haqqında qərardad, bir tərəfdən iddiaçı ilə cavabdeh arasında yeni hüquq münasibətlərinin (yeni bir əqdin) əmələ gəlməsini təmin edir, digər tərəfdən məhkəmə baxışında olan əvvəlki mübahisənin qurtarmasına dair prosessual nəticələr doğurur. Bu qərardadla tərəflərin bağladıqları yeni əqd - barışıq sazişi üzrə hər hansı iddiaya baxılmır, ona əsaslanan bir tələb həll olunmur. Barışıq razılaşmasına əsaslanan hər hansı iddia həll edilmədiyi üçün bir əqd olaraq sazişin etibarlılığı (o cümlədən əqdin tərəfinin iradəsinin zədələnməsi və s. kimi hallar) araşdırma və müzakirə predmeti olmur.

Məhkəmənin əqdə əsaslanan iddiaya baxarkən əqdin etibarlı olub-olmamasını araşdırmaq vəzifəsi ilə hakimin barışıq sazişini təsdiqləməsi üçün MPM-də nəzərdə tutulmuş prosessual tələblərə (sazişinin qanuna zidd olmaması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamasını yoxlaması, saziş şərtlərinin məhkəmə iclasının protokoluna yazılması və protokolu tərəflərin imzalaması və s.) riayət etmək vəzifəsi fərqləndirilməlidir. Prosessual tələblərə əməl olunması əqdin (barışıq sazişinin) etibarsızlığının araşdırılması anlamına gəlmir, ona görə ki, tərəflərin razılaşmasına uyğun olaraq məhkəmə tərəfindən təsdiq edilənədək hüquqi nəticə doğuran bir əqd onsuz da mövcud deyil. Bu nəticə sazişin qərardadla təsdiq edilməsindən sonra meydana gəlmiş olur. Başqa sözlə, məhkəmənin sözügedən halları yoxlaması, tərəflərin bağlamaq istədikləri əqdin etibarsızlığının araşdırılması deyil, həmin razılaşmanın hüquqi müstəvidə etibarlı bir əqd olaraq doğulması üçün prosessual hərəkətlərin yerinə yetirilməsidir.

Bu səbəbdən barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi haqqında məhkəmə qərardadından verilmiş şikayətə baxılarkən məhz prosessual tələblərə əməl olunub-olunmadığı yoxlanıla bilər. Qərardadın predmeti olmayan maddi hüquqi məsələlərin araşdırılması isə şikayət icraatının hədləri xaricində qalır. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı tərkibləri arasında məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığına dair iddianın mümkünlüyü ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından MPM-in 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilib.

“Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2023-cü ilin iyunun 15-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir”, - məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

6,2 milyon dollara satılan bananın sirri nədir? — FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu