Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83762
az

İtkin düşmüş, ölmüş elan edilənlərin əmlakları kimlərə qalır? - Hüquqi yardım 

13:5202 Mart, 2023
464
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardımı davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu itkin düşmüş şəxslərin əmlakının kimə qalması  ilə  bağlıdır.

Qüvvədə olan Mülki Məcəllənin (bundan sonra MM) 40-cı maddəsinə görə əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir.

MM-in 41-ci maddəsində qeyd edilir ki, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır.

Fiziki şəxsin xəbərsiz itkin düşmüş və ölmüş elan edilməsi üzrə prosessual məsələlər Mülki Prosessual Məcəllə (bundan sonra MPM) ilə tənzimlənir. MPM-ə əsasən bu məsələlər xüsusi icraat qaydasında həll edilir. Belə ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında maraqlı şəxslər ərizə ilə məhkəməyə müraciət edirlər. Ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.

Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.

Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.

Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir.  Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır.

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi