Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83481
az

Adı dəyişmək neçəyə başa gəlir? - QAYDALAR +MƏBLƏĞ

15:4925 Fevral, 2023
461
HÜQUQ
  • A

Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu ad,soyad və ata adının dəyişdirilməsi ilə bağlıdır.

Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Lаkin yеrli icrа hаkimiyyətlərinin qəyyumluq və himаyə оrqаnlаrı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.

10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə bu məsələ digər valideynin rəyi nəzərə alınmaqla və uşağın maraqlarından asılı olaraq həll edilir. Lаkin digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o, valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.

Ad və soyadını dəyişmək istəyən vətəndaş hara və necə müraciət etməlidir?

Adın, ata adının və soyadın dəyişdirilməsi üçün Asan Xidmətə müraciət edilə bilər.

Ad və soyadın dəyişdirilməsi üçün lazım olan sənədlərin siyahısı:

• Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;

• Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;

• Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;

• Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;

• Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;

• Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

• İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

• Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;

• Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

İştirak etməli olan şəxslərin siyahısı:

• Uşaq 18 yaşına çatanadək onun valideynləri;

• Ərizə verən şəxsin özü;

• Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun məbləği:

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün 15 manat dövlət rüsumu ödənilir.
Xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında ərizəsinə onun doğumu haqqında və nikahdadırsa nikah haqqında akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq vasitəsilə və ya digər rəsmi yolla qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən əldə edildikdən sonra baxılır.

Əgər ata öz soyadını dəyişdirirsə və ya hər iki valideyn soyadını dəyişdirirsə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Lakin valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın soyadı və ata adının dəyişdirilməsi hər bir halda onların ərizəsinə əsasən həyata keçirilir. Eyni zamanda valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur.

Sоyаdın sоnluğunun dəyişdirilməsi hər bir vətəndаşın ərizəsinə əsаsən həyаtа kеçirilir. Ərizəni 18 yаşınа çаtmış vətəndаşlаrın özü, 18 yаşınа çаtmаyаn vətəndаşlаrın isə vаlidеynləri və digər qаnuni nümаyəndələri (övladlığa götürənlər, qəyyum və ya himayəçilər) təqdim еdirlər.

Lakin soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Göstərilənlərdən əlavə onu da qeyd edək ki, hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. Lakin 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Əlavə olaraq, qeyd edilməlidir ki:

• Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.

• Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur.

• Adın, ata adının, soyadın dəyişdirilməsinə dair sənədlər, o cümlədən qeydiyyat orqanının rəyi qeydiyyat şöbəsində və ya konsulluqda 75 il müddətində saxlanılır.

• Ad, аtа аdı və sоyаdın dəyişdirilməsi əvvəlki аdlа əldə оlunmuş hüquq və vəzifələrə хitаm vеrmir və yа bunlаrı dəyişdirmir.

• Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Ad-soyadını dəyişdirmək istəyənlər bunu elektron qayda ilə də edə bilərlər. Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən bu elektron xidmətin digər icraçıları Daxili İşlər Nazirliyinin rayon və şəhər polis orqanlarıdır. Elektron xidmət qismən avtomatlaşdırılıb. Elektron xidmətin icra müddəti 25 gündür. Ancaq polis orqanı tərəfindən rəyin verilməsi üçün tələb olunan müddət və xarici dövlətlərdə doğulmuş Azərbaycan vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında müraciət üzrə müvafiq akt qeydlərinin xarici ölkələrin səlahiyyətli orqanlarından əldə edilməsi müddəti istisna edilir.

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
TƏCİLİ! Dəhşətli cinayət açıldı: 31 il əvvəl...