Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri ilə bağlıdır.
Cinayət Məcəlləsinin 85.1. maddəsində qeyd edilir ki, yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:
85.1.1. cərimə;
85.1.2. ictimai işlər;
85.1.3. islah işləri;
85.1.3-1. azadlığın məhdudlaşdırılması;
85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə.
85.2. Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir.
85.3. İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.
85.4. Yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.
85.4-1. Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.
85.5. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:
85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində;
85.5.2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR