Hüquq münasibətləri başlıca olaraq cəmiyyətin oxşar həyat tərzinə uyğun tənzimləndiyi üçün bir sıra münasibətləri dəqiq öyrənmək faydalıdır.
Bu yazıda yaxın qohumların dairəsi, onlarla bağlı qanunvericiliyin mövqeləri barədə məlumat verməyə çalışacağıq.
Kimlər yaxın qohumlar sayılır və hansı münasibətlərdə bu qohumluq məsələləri ön plana çıxır?
Oxu24.com xəbər verir ki, - valideynlər və övladları, baba-nənə və nəvələri, doğma yaxud ögey qardaş-bacılar ailə münasibətləri üzrə yaxın qohum sayılır. Bu şəxslər arasında nikaha icazə verilmir. Boşanma hallarında valideynlərdən başqa yaxın qohumların da uşaqla ünsiyyət hüququ var. Yaxın qohumlar uşağın valideyni ilə bağlı valideynlik hüququndan məhrum etmə barədə iddia qaldıra bilər.
- əmək münasibətlərinə görə valideynlər, qardaş-bacı, uşaqlar, ər-arvad, qudaları, ər-arvadın qardaş-bacısı, nənə-baba yaxın qohum sayılır. Yaxın qohumun xəstələnməsi və ya ölümü halında bütün iş günü işə gəlməmə üzrlü hal sayılır, həmçinin bu hallarla əlaqədar fərdi əmək mübahisələri üzrə müddətin ötürülməsi də üzrlü səbəb hesab edilir.
- Mülki münasibətlərdə daha çox qohumlar anlayışından istifadə edilsə də, mahiyyət etibarilə yaxın qohumlar anlayışı ilə eynilik təşkil edir. Bu münasibətlərə görə qohumlar ər-arvad, valideynlər, ər-arvadın valideynləri, qardaş-bacıları, övladları, nənə-babaları hesab edilir. Hüquqi şəxsin direktorlar şurası və icra orqanının rəhbər və üzvlərinin, həmçinin struktur bölməsinin rəhbərinin qohumları aidiyyəti şəxslər hesab edilir. Həmin şəxslərlə bağlanan müqavilələr üzrə xüsusi tələblər mövcuddur.
- İnzibati xəta işləri və mülki prosessual işlər üzrə qohum və yaxın qohum anlayışlarından istifadə edilir. Yaxın qohumların dairəsinə valideynlər, övladlar, ər-arvad, nənə-babalar, qardaş-bacılar və nəvələr aid edilir. İnzibati xətalar haqqında iş üzrə icraatda zərərçəkmişin, mülki prosessual işlərdə isə tərəfin yaxın qohumu və ya vəkili nümayəndə kimi iştirak edə bilər. Şahid yaxın qohumlarına qarşı izahat verməmək hüququna malikdir. İnzibati qaydada tutulmuş şəxsin yaxın qohumlarına məlumat verilməsini tələb etmək hüququ var. Qohumları hakim, inzibati iş üzrə vəzifəli şəxs olan şəxsin işinə həmin qohumu baxa bilməz.
- cinayət hüquq münasibətlərində yaxın qohum anlayışından istifadə edilsə də, konkret dairənin müəyyən edilməməsi müşahidə olunur. Bu hüquq münasibətlərində yaxın qohumlara qarşı törədilən əməl daha ağır cəzalara səbəb olur.
- miqrasiya münasibətlərində yaxın qohum anlayışına valideynlər, qardaş-bacı, qardaş-bacının övladları, ər-arvad, baba-nənə, nəvə, övladlar, baba-nənənin atası və anası, qayınata, qayınana, baldız və qayın aid edilir. Bu münasibətlərə görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza barədə vəsatətlərinə yaxın qohumun ölümü və ya ağır xəstəliyi ilə əlaqədar məsələlərdə ən geci 2 iş günü ərzində baxılır. Yaxın qohumun ağır xəstəliyi və ya ölümü hallarında adıçəkilən şəxslərin ölkədə müvəqqəti qalma müddəti 60 günədək uzadıla bilər.
- cinayət prosessual hüquq münasibətlərinə görə isə yaxın qohumlar valideynlər, ər-arvad, qardaş-bacı, nənə-baba, övladlar və nəvələr sayılır. Bu şəxslər nümayəndə ola bilər. Cinayət işi üzrə zərərçəkmiş şəxs öldükdə yaxın qohumları onun hüquqlarını əldə edir və hüquqi varisi kimi çıxış edir. Bu münasibətlərdə də yaxın qohumlar əleyhinə ifadə verilə bilməz. Şübhəli, təqsirləndirilən şəxsin yaxın qohumuna məlumat verilməlidir.
- Seçki hüquq münasibətlərində də yaxın qohumlar ailə münasibətlərindəki kimidir. Bu münasibətlər üzrə yaxın qohumlar namizədin iştirak etdiyi seçki komissiyasının üzvü ola bilmir. Həmçinin seçici hərəkət edə bilmirsə, yaxın qohumun müraciəti ilə seçici siyahısına daxil ola bilər.
- vergi hüququna əsasən qohumluqla bağlı bir normada vurğulanma mövcuddur. Buna əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı 3 nəfər, o cümlədən 23 yaşınadək gündüz təhsil alan tələbə və ya şagird varsa, (dövlət təminatı olmayan) ər-arvaddan birinin gəlir vergisində aylıq 50 manat gəliri nəzərə alınmır.
- dövlət qulluğu haqqında qanunvericiliyə görə yaxın qohumluq dairəsi göstərilmir. Buna baxmayaraq şəxs tabeliyində yaxud nəzarətində işləyəcəyi şəxslə yaxın qohumluq yaxud qudalıq münasibətində olduqda, dövlət qulluğuna qəbul edilmir.
Müəllif: Şəhriyar Həbilov
Oxu24.com
ŞƏRHLƏR