Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77463
az

İddia müddəti nədir və necə hesablanır ?

21:4625 Noyabr, 2022
104
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu İddia müddəti ilə bağlıdır.

 

Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin anlayışı Mülki Məcəllənin (MM) 372.2-ci maddəsində göstərilib. Həmin anlayışda qeyd edilir ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.

İddia müddətinin axımı aşağıdakı hallarda dayandırıla bilər:

• iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda;

• iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda;

• müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə;

• fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda;

• müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda.

İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, yuxarıda göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.

Nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. Uşaqlar yetkinlik yaşına çatanadək uşaqlarla valideynlər arasındakı tələblər üzrə, habelə bütün qəyyumluq dövründə qəyyumlarla (himayəçilərlə) qəyyumluqda (himayədə) olanlar arasındakı tələblər üzrə də eyni qayda tətbiq edilir. Əgər tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs irəli sürürsə, iddia müddəti həmin şəxs tam fəaliyyət qabiliyyətli olanadək və ya onun üçün təmsilçi təyin edilənədək dayandırılmış sayılır.

Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır.

Bəzi hallarda iddia müddəti ötürülə bilər. Bu zaman iddia ilə müraciət etmək istəyən şəxs ilk öncə iddia müddətini bərpa etməlidir. İddia müddətinin ötürülməsinin üzrlü sayılmasının, yəni bərpasının da özünəməxsus halları var. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

Mülki Məcəllə ilə iddia müddətləri müəyyənləşdirilib. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

Bir sıra tələblərə iddia müddəti şamil edilmir:

• şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər;

• əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri;

• fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir;

• mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;

• dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri;

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Ağsuda qanunsuz narkotik satan şəxs saxlanıldı