Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu mənzildən qeyddiyyatdan çıxarılma qaydası ilə bağlıdır.
Mövzu ilə bağlı danışan vəkil Qulam İsmayılzadə bildirib ki, mənzil alarkən və satarkən rast gəlinən problemlərdən biri də yaşayış sahəsində qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılma məsələsidir.
Belə ki tez-tez rast gələn problemlerdən biri odur ki, şəxs mülkiyyətində olan mənzili satmaq istəyir, lakin qeydiyyatda olan şəxsin razılığını ala bilmədiyi üçün notariusda alqı-satqı müqaviləsini həyata keçirə bilmir. Və yaxud da şəxs yeni mənzil alıb və orda qeydiyyatda adamlar var və o onları qeydiyyatdan çıxartmaq istəyir.
Qeydiyyatda olan şəxslərin razılıq verməməsinin müxtəlif səbəbləri ola bilər:
Mənzildə qeydiyyat olan şəxs tamami ilə kənar şəxsdir və siz onu razılıq almaq üçün tapa bilmirsiniz
Mənzildə qeydiyyatda olan şəxsi tanıyırsınız lakin o xaricdə yaşayır ona görə də gəlib qeydiyyatdan çıxa bilmir və ya xaricdə olduğu səbəbindən mənzilin satılmasına dair ərizə təqdim edə bilmir
Mənzildə qeyddiyytda olan şəxsin evi satmanıza etiraz edir və ya evin satılmasına razılıq vermək müqabilində sizdən müəyyən məbləğdə pul istəyir. Adətən qohumlar arasında bu cür hallar tez-tez baş verir.
Şəxs boşandıqdan sonra
Yaşayış sahəsindən qeydiyyatdan çıxarılmanın əsasları
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən şəxs yaşadığı yer üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:
yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
Mənzildə qeydiyyatda olan kənar şəxs qeydiyyatdan necə çıxarılır?
Şəxsin mənzilində formal olaraq qeydiyyatda olan, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildən çıxarılması üçün şəxs ərazi üzrə Polis İdarəsinə inzibati qaydada müraciət edə bilər. Bu məsələ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
Mənzildə qeydiyyatda olan kənar şəxs qeydiyyatdan necə çıxarılır?
Yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaq üçün məhkəməyə hansı halda müraciət oluna bilər?
Göründüyü kimi Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
Lakin bir qayda olaraq Polis idarəsi qeydiyyatda olan əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından imtina edir.
Beləliklə yalnız həmi polis idarəsindən imtina məktubu aldıqdan sonra şəxs məhkəməyə müraciət edərək bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin polis orqanın üzərinə qoya bilər.
Bununla yanaşı, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır.
Mənzildə qeydiyyatda olan şəxs qeydiyyatdan çıxarılanda hansı hallarda kompensasiya ödənilir?
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.
Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Yəni sözügedən maddələrədən göründüyü kimi, kupçası (çıxarışı) olan şəxs qeydiyyatda olan ailə üzvlərini yəni, həyat yoldaşını (əgər əmlak evlilik dövrü ərzində alınmayıbsa, yəni birgə mülkiyyət deyilsə), valdeynlərini və övladlarını ona məxsus mənzildən qeydiyyatdan çıxartmaq istədiyi təqdirdə həmin şəxslərə kompensasiya ödəməlidir.
Qeydiyyatdan çıxarılan şəxsə nə qədər kompensasiya ödənilməlidir?
Yuxarıda göstərildiyi kimi ailə üzvü qeydiyyatdan çıxarıldıqda ona istifadə hüququnun itirilməsinə görə kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləği hər işin halına görə individual olaraq müəyyən edilir, lakin son zamanlar məhkəmələr əsas kimi eyni şəraitli evdə 3 illik kirayə pulunun kompensasiya kimi müəyyən edir.
Misal üçün: Şəxs Yasamal rayonunda yerləşən 3 otaqlı mənzildən qeydiyyatdan çıxarılır. Tutaq ki həmin 3 otaqlı evin kirayə haqqı aya 300 manatdır. Bu halda 3 ili yəni 36 ayı 500 manatdan hesablayaraq 18 000 manat məblğində kompensasiya müəyyən edilə bilər 36*500=18 000.
Bu hesablama şərtidi, yuxarıda qeyd etdiyim kimi məhkəmənin hər işə fərdi yanaşması ola bilər. Bu səbəbdən sizin qeydiyyatdan çıxarılma məsələsini vəkil vasitəsi ilə həll etməyiniz tövsiyyə edilir.
Qeydiyatdan çıxarılma nə qədər müddət aparır?
Məhkəmə qaydasında şəxsin qeydiyyatdan çıxarılması təqribən 3-4 ay vaxt apara bilər. Polis idarəsi ünvanlanan müraciətinizə 15-30 iş günü ərzində cavab verdikdən sonra iddia qaydasında məhkəməyə müraciət edirsiniz və məhkəmə təqribən 3 ay ərizndə işə baxaraq yekun qərar qəbul edir.
ŞƏRHLƏR