Oxu24.com oxuculara hüquqi yardım layihəsini təqdim edir:
Mülki prosessual qanunvericiliyin tələblərinə görə mülki işlər üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.
O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.
Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir.
Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Qanunu pozmaqla əldə edilən sübutlar
Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər:
– sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi;
– sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması;
– qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi.
Məsələn, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir:
– faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə;
– faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə;
– faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə.
Səs və video yazılar, votsap (whatsapp) yazışmaları
Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95-ci maddəsinə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektləri “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə görə məhkəmə qərarı əsasında telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi, əşya və sənədlərin tədqiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər. Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. İki tərəf arasında olmuş yazışmalar qeyri-qanuni formada əldə olunan sübutlar sayılmır. İlk əvvəl diqqət edilməli nüans odur ki, səs və video formatındakı sübutları məhkəməyə flash (flaş) kart və ya CD/DVD formatına yazaraq və mütləq prosesə sədrlik edən hakimin adına yazılmış ərizə (sübutların iş materiallarına əlavə olunması haqqında) ilə birlikdə təqdim etmək lazımdır. Yazı formasındakı yazışmaları isə Screenshot edərək, yəni çap edərək kağız formatında da təqdim etmək olar. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Yəni, hər hansı şəxslə olan hüquqi münasibətinizi məhkəmədə mübahisələndirərkən, həmin mübahisədə iddianızı sübut edə biləcək həmin şəxslə olan hər hansı yazışma, telefon səsi yazısı və s. məhkəməyə sübut kimi təqdim edilə bilər və bu zaman həmin şəxsi bu barədə (telefon danışığının qeydə alındığı barədə) əvvəlcədən xəbərdarlıq etməyə ehtiyac olmadığı üçün məhkəmələr bu sübutu qanunu pozmaqla əldə edilmiş sübut kimi dəyərləndirə bilməz. Çünki həmin telefon danışığı da sizin aranızda olmuş, hazırki mübahisə də məhz sizin aranızdadır və sizin aranız mövcud olmuş münasibətlər və baş vermiş bütün danışıqlar bir-biriniz üçün sirr deyil, tanışdır. Şəxsin iştirak etdiyi söhbəti xüsusi qurğular vasitəsilə qeydə alması və bu yazıdan öz məqsədləri daxilində, yəni borcun etirafı, əqdin pozulmasının ifadə edilməsi və digər məsələlərin təsbiti üçün istifadə etməsi şəxsi toxunulmazlıq hüququnun pozulması kimi təfsir edilə bilməz. Lakin şəxsin səs yazısını başqa şəxslə olan məhkəmə çəkişməsində istifadə etmək artıq qanunsuzdur və həmin şəxsin hüquqlarının pozulmasıdır.
Hazırladı: Rüxsarə Məmmədova
Oxu24.com
ŞƏRHLƏR