Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77070
az

Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməz - HÜQUQİ YARDIM

17:1221 Noyabr, 2022
91
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Uşağın valideynləri varsa, uşaq övladlığa götürülərkən onların razılığının alınması zəruridir.On yaşına çatmış uşağın məhkəmə prosesinə cəlb edilməsinin ona mənfi təsir göstərə biləcəyi ehtimalı olduqda, məhkəmə bu barədə qəyyumluq və himayəçilik orqanının rəyini öyrənməlidir.

Ərizəçinin məhkəmədə onu təmsil etmək üçün lazımi qaydada səlahiyyətləndirilmiş nümayəndəyə malik olması, uşağı övladlığa götürmək arzusunda olan şəxsi məhkəmə iclasında iştirak etmək vəzifəsindən azad etmir. Ərizəçilərin nümayəndələri isə ərizəçilərlə birlikdə prosesdə iştirak edə bilər. Uşağın övladlığa götürülməsi barədə işlərin məhkəməyə hazırlanması zamanı hakim hər bir halda uşağın yaşadığı (olduğu) yerin qəyyumluq və himayəçilik orqanının övladlığa götürmənin əsaslılığı və onun uşağın mənafeyinə xidmət edib-etməməsi barədə əsaslandırılmış rəyini tələb etməlidir. Həmin rəydə övladlığa götürülənlə övladlığa götürənin şəxsi ünsiyyəti barədə məlumatın da öz ifadəsini tapması məqsədəmüvafiqdir. Qəyyumluq və himayəçilik orqanının rəyinə Mülki Prosessual Məcəllənin 348.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər əlavə olunmalıdır. Hakimlər nəzərə almalıdırlar ki, övladlığa götürülən uşağın sağlamlıq vəziyyəti həkimin və ya tibb müəssisəsinin arayışı ilə deyil, tibbi rəy ilə müəyyən edilməlidir. Rəydə uşağın sağlamlıq vəziyyəti, fiziki və əqli inkişafı barədə dəqiq məlumatlar ifadəsini tapmalıdır. İzah edilsin ki, Mülki Prosessual Məcəllənin 348.2.4 və 348.2.5-ci maddələrində qanuna əsasən valideynin razılığı tələb olunmayan hallar dedikdə, Ailə Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulan hallar başa düşülür. Mülki Prosessual Məcəllənin 348.2.7-ci maddəsində göstərilən “uşağın öz qohumu tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənəd” dedikdə, valideyn himayəsindən məhrum olmuş uşağın qəyyumluq və himayəçilik orqanı tərəfindən onun qohumlarının övladlığına verilməsi ilə bağlı edilən təkliflər və bundan imtina ilə əlaqədar tərtib olunmuş aktlar, arayışlar, ərizələr və sair sənədlər başa düşülür. Mülki Prosessual Məcəllənin 348.3-cü maddəsində nəzərdə tutulan məhkəmənin tələb edə biləcəyi “digər məlumatlara” misal olaraq, uşağın valideyn himayəsindən məhrum olduğu, ilkin, mərkəzləşdirilmiş, ümumi uçota götürüldüyü tarixlər, əvvəllər övladlığa götürülməyə təqdim olunub-olunmaması, əgər təqdim olunubsa ondan imtinanın səbəbləri, müraciəti akkreditə olunmuş orqan etmişsə, onun nə vaxt akkreditasiyadan keçməsi, akkreditasiya müddəti, həmin orqan tərəfindən əvvəllər yerinə yetirilmiş övladlığa götürülmə ilə bağlı mərkəzi orqana övladlığa götürülmüş uşaq barədə vaxtlı-vaxtında hesabatların verilib-verilməməsi barədə məlumatları göstərmək olar. Qəyyumluq və himayəçilik orqanı tərəfindən təqdim olunmuş sənədlər araşdırılarkən onların səlahiyyətli orqan tərəfindən verildiyi, müvafiq imza və möhürlə təsdiq olunması, sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin olması yoxlanılmalıdır.

Məhkəmə qəyyumluq və himayəçilik orqanının rəyinə bütün zəruri sənədlərin əlavə olunmadığını və ya rəy, yaxud sənədlərin onlara aid tələblərə cavab vermədiyini müəyyən edərsə, qəyyumluq və himayəçilik orqanından müvafiq rəy və sənədlərin lazımi səviyyədə tərtib və təqdim olunmasını tələb etməlidir.

Övladlığa götürmənin sirrini qorumaq məqsədilə işdə iştirak edən şəxslər övladlığa götürmə barədə məhkəmə prosesində onlara məlum olan informasiyanın gizli saxlanılması, həmçinin övladlığa götürənin iradəsinə zidd olaraq övladlığa götürmə sirrini yaymağa görə (Azərbaycan Respublikası Cinayət Məcəlləsi, maddə 175) cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdar edilməlidirlər. Hakim işin məhkəmə baxışına hazırlanması mərhələsində qəbul etdiyi qərardadda, məhkəmə iclas protokolunda, məhkəmə qətnaməsində işə qapalı məhkəmə iclasında baxılmasını göstərməlidir. Uşağın övladlığa götürülməsi barədə ərizə ilə eyni vaxtda ərizəçinin əmlak hüquqlarının müdafiəsinə aid ərizəsinə (məsələn, bağışlama, vərəsəlik qaydasında uşağın mülkiyyətinə keçmiş daşınar və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması) baxıla bilməz. Belə ki, uşağı övladlığa götürmək istəyən şəxs ancaq məhkəmə tərəfindən onun uşağı övladlığa götürməsi barədə xahişi təmin olunduqdan və yalnız məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra uşağın qanuni nümayəndəsi hüququnu əldə edir. Uşağın övladlığa götürülməsi barədə məsələyə baxılarkən ərizəçinin uşağın valideyni kimi tanınmasını istisna edən halların olub-olmaması məsələsi məhkəmə tərəfindən müzakirə olunmalıdır. Ailə Məcəlləsinin 120-ci maddəsində uşağı övladlığa götürmək hüququna malik olmayan şəxslərin dairəsi konkret olaraq göstərilib və qanun birmənalı olaraq həmin şəxslərə uşağın övladlığa verilməsini istisna etmişdir. Qanunun mənasına görə Ailə Məcəlləsinin 120-ci maddəsindəki siyahıda qeyd olunanlardan başqa, qalan şəxslərin uşağı övladlığa götürmək hüququ vardır. Lakin bu hüququn olması o demək deyildir ki, məhkəmə həmin hüquqa malik olan şəxslərin ərizəsini mütləq təmin etməlidir. Ona görə də məhkəmə bəzi hallarda, məsələn, uşağı övladlığa götürmək arzusunda olan ərin (arvadın) arvadının (ərinin) məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edildiyi, yaxud uşağı övladlığa götürmək arzusunda olanın şəxsiyyət, xüsusən yetkinlik yaşına çatmayan şəxsə qarşı cinayət törətdiyinə görə məhkumluğunun olmasına baxmayaraq, müraciəti həll edərkən xüsusilə diqqətli olmalı, qeyd olunan halları uşağın mənafeyi, onun gələcək taleyi baxımından dəyərləndirməlidir.

Həmçinin nəzərə alınmalıdır ki, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməz. Məhkəmələr Ailə Məcəlləsinin 120.2-ci maddəsinə əsasən, övladlığa götürməyə imkan verməyən xəstəlikləri müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”na istinad etməlidir. Məhkəmələr nəzərə almalıdır ki, övladlığa götürmə vaxtı uşağın minimum tələbini ödəmək üçün maddi imkana (gəlirə) malik olmayan şəxslər, həmçinin yaşadığı mənzil sanitar və digər texniki normalara cavab verməyən şəxslər övladlığa götürən şəxs kimi çıxış edə bilməz. Lakin bu məhdudiyyət ögey ata və ögey analara şamil olunmamalıdır. Bundan əlavə, konkret işə baxılarkən məhkəmə uşağın maraqlarını və digər diqqətəlayiq halları nəzərə alaraq uşağı övladlığa götürmək istəyən ərizəçinin lazımi səviyyədə gəlirinin və sanitar-texniki normalara cavab verən mənzil şəraitinin olub-olmamasından asılı olmayaraq övladlığa götürmə barədə ərizəni təmin edə bilər (məsələn, uşağı onun qohumu övladlığa götürdükdə, uşağın övladlığa götürülməsi barədə ərizə verilənə kimi uşaq ərizəçinin evində yaşayıb onu (onları) özünün valideyni (valideynləri) hesab edirsə, övladlığa götürən kənd yerində yaşayır və yardımçı təsərrüfata malikdirsə və s.). Məhkəmənin belə nəticəyə gəlməsinin motivləri qətnamədə öz ifadəsini tapmalıdır. Uşağın valideynləri varsa, uşaq övladlığa götürülərkən onların razılığının alınması zəruridir. Valideyn uşağın övladlığa götürülməsi barədə razılığını yalnız uşaq anadan olandan və müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydə alınandan sonra konkret şəxsə münasibətdə və ya ümumi şəkildə (konkret şəxsi göstərmədən) verə bilər. Uşağın valideynlərinin onun övladlığa götürülməsinə razılığı qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyən edilir və ya uşağın övladlığa götürülməsinə dair işə baxılarkən birbaşa ifadə olunmalıdır. Bu zaman nəzərə almaq lazımdır ki, əgər valideyn uşaq anadan olandan sonra ondan imtina etmiş və övladlığa götürülməsinə razılığını bildirmişsə və bu barədə onun notariat qaydasında təsdiq olunmuş ərizəsi varsa, övladlığa götürmə barədə onun razılığının yenidən alınmasına ehtiyac qalmır. Lakin belə hallarda işə baxılana kimi valideynin uşağın övladlığa götürülməsinə verdiyi razılığı geri götürüb-götürməməsi yoxlanılmalıdır. Valideynlərin məhkəmə iclasında uşağın övladlığa götürülməsinə verdikləri razılıq məhkəmə iclas protokolunda qeyd olunmalı və onu verən şəxslər tərəfindən həmin qeyd imzalanmaqla təsdiq olunmalıdır. Həmin razılıq həmçinin məhkəmə qətnaməsində ifadəsini tapmalıdır. Bu zaman nəzərə almaq lazımdır ki, valideynin uşağı tərbiyə etməkdə üstünlük hüququndan çıxış edərək onlardan hər biri məhkəmə qətnamə çıxarana kimi razılığını geri götürə bilər və bunu etməyə onu sövq edən motivlərdən asılı olmayaraq imtina nəzərə alınmalıdır. Valideynin məhkəmə tərəfindən məhdud fəaliyyət qabiliyyətli hesab olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq onu yalnız əmlak hüquqlarına münasibətdə məhdudlaşdırdığına, həmçinin Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən, valideynlik hüquqlarının məhdudlaşdırılması şəxsi valideynlik hüququndan məhrum etmədiyinə görə, bu cür məhdudiyyət valideynin razılığı olmadan uşağının övladlığa götürülməsinə əsas vermir.

Valideynin altı aydan daha artıq müddətdə uşaqla birgə yaşamamasının, qəyyumluq və himayə orqanının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanılmasında iştirak etməkdən boyun qaçırmasının, uşağa valideynlik diqqəti və qayğısı göstərməməsinin səbəbləri məhkəmə tərəfindən uşağın övladlığa götürülməsi barədə ərizəyə baxılarkən təqdim olunmuş bütün sübutların araşdırılması və qiymətləndirilməsi əsasında müəyyən edilir.

Rövşən Qasımov hüquqşünas.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər