Qaynar xətt:

(+99450) 247 90 86

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi kimlərə şamil olunacaq? - Detallar AÇIQLANDI  

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi kimlərə şamil olunacaq? - Detallar AÇIQLANDI  

HÜQUQ

54

09.10.2026, 18:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda vətəndaşların hüquqi yardıma əlçatanlığının artırılması istiqamətində mühüm qanunvericilik addımı atılır. Milli Məclisdə müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi əhalinin sosial həssas təbəqələrinin hüquqlarının qorunmasında tamamilə yeni mexanizmlər formalaşdıracaq.Xatırladaq ki, layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində birinci oxunuş üçün müzakirə olunub, ardınca bir sıra qanunlara müvafiq dəyişikliklər nəzərdən keçirilib. Konstitusiya ilə təminat verilən fundamental hüququn daha səmərəli reallaşdırılması məqsədi daşıyan bu sənəd dövlət hesabına hüquqi yardımın əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirir. Lakin cəmiyyətdə ən çox sual doğuran məqamlardan biri məhz bu xidmətdən kimlərin yararlana biləcəyi və dövlət hesabına vəkilin hansı şərtlərlə təyin olunmasıdır. Vətəndaşların ədalət mühakiməsinə real çıxış imkanlarının təmin edilməsi baxımından qanunun tətbiqi xüsusi əhəmiyyət kəsb edir. 

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənova qanun layihəsinin detalları, həmçinin vətəndaşlar üçün yaradacağı imkanlar barədə ətraflı danışıb.

Kimlər pulsuz vəkil xidmətindən yararlana bilər?

Vəkilin sözlərinə görə, qanun layihəsi ilə bağlı açıqlanmış rəsmi məlumatlara əsasən, bu hüququn əhatə dairəsinə yalnız aztəminatlı şəxslər deyil, həm də xüsusi sosial müdafiəyə ehtiyacı olan geniş kateqoriyadan olan vətəndaşlar daxil edilir. Buraya aşağıdakı qruplar daxildir:

•Şəhid ailələrinin üzvləri və veteranlar

•Qaçqınlar və məcburi köçkünlər

•Valideyn himayəsindən məhrum olmuş uşaqlar və yetkinlik yaşına çatmayanlar

•İnsan alverindən və məişət zorakılığından zərər çəkmiş şəxslər

•Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri

•Qanunla müəyyən ediləcək digər həssas kateqoriyadan olan şəxslər

İlhamə Həsənova bildirib ki, pulsuz hüquqi yardım yalnız cinayət məsuliyyətinə cəlb olunan şəxslərin müdafiəsi ilə məhdudlaşmır. Mülki, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrdə (məsələn, qanunsuz işdən çıxarılma, aliment tələbi, sosial təminat hüququnun pozulması) də vətəndaşların peşəkar yardıma ehtiyacı ödəniləcək.

Dövlət hesabına vəkil hansı hallarda təyin oluna bilər?

Vəkil vurğulayıb ki, mövcud qanunvericiliklə yeni layihəni fərqləndirən əsas məqam hüquqi yardımın iki əsas istiqamətdə təşkil edilməsidir:

1.İlkin hüquqi yardım: Vətəndaşlara hüquq və vəzifələrinin izah edilməsi, qanunvericilik barədə məlumat verilməsi, ərizə, şikayət və digər hüquqi sənədlərin hazırlanmasına kömək göstərilməsi.

2.Peşəkar hüquqi yardım: Cinayət işlərində müdafiəni, mülki və inzibati mübahisələrdə, habelə dövlət orqanları qarşısında şəxsin qanuni maraqlarının peşəkar səviyyədə təmsil olunmasını əhatə edir.

Yeni layihəyə əsasən, pulsuz hüquqi yardımın təşkili Vəkillər Kollegiyasına həvalə olunur. Eyni zamanda, paraleqallar institutunun yaradılması və vəkillərin ictimai fayda naminə ildə azı 30 saat ödənişsiz (pro bono) hüquqi yardım göstərməsi də nəzərdə tutulur.

Bu mexanizm vətəndaşların məhkəməyə çıxışını necə asanlaşdıra bilər?

Vəkil qeyd edib ki, hüquqi yardım mexanizminin genişləndirilməsi maddi vəziyyətindən asılı olmayaraq hər kəsin hüquqlarını bərabər səviyyədə müdafiə etməsinə şərait yaradır. Çox vaxt vətəndaş hüququnun pozulduğunu bilsə də, iddia ərizəsini necə tərtib etməyi, hansı sübutları toplamağı və prosessual müddətlərə necə riayət etməyi bilmir.

İlhamə Həsənova əlavə edib ki, qanunun praktiki səmərəliliyi yalnız hüququn kağız üzərində təsbit olunmasından deyil, onun həyata keçirilmə mexanizmlərindən asılıdır:

"Aztəminatlı şəxslərin hüquqi yardım alması üçün mürəkkəb bürokratik prosedurlardan keçməsinə yol verilməməlidir. Müraciət qaydalarının sadəliyi və operativlik təmin edilməlidir ki, yardıma ən çox ehtiyacı olanlar bu imkandan rahat yararlana bilsinlər”.

Nəticə etibarilə, qanunun qəbul edilməsi insanın maddi imkansızlıq səbəbindən ədalət mühakiməsindən kənarda qalmasının qarşısını alacaq və real hüquqi bərabərliyi təmin edəcək.

Çimnaz Telmanqızı