Qaynar xətt:

(+99450) 247 90 86

Qanunsuz tikiliyə görə sahibini hansı cəza gözləyir? – Vəkil AÇIQLAMA  

Qanunsuz tikiliyə görə sahibini hansı cəza gözləyir? – Vəkil AÇIQLAMA  

HÜQUQ

28

02.10.2026, 12:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda torpaq sahəsində qanunvericiliyin tələblərinə əməl edilmədən tikinti aparılması və tikinti işlərinin dövlət orqanlarının tələblərinə baxmayaraq davam etdirilməsi ciddi hüquqi nəticələrə səbəb ola bilər. Xüsusilə tikinti üçün hüquqi əsasın olmaması, lazımi icazələrin alınmaması, şəhərsalma və tikinti normalarının pozulması və dövlət orqanının tikintinin dayandırılması barədə qərarının icra edilməməsi hallarında şəxsin həm inzibati, həm mülki, həm də konkret hallardan asılı olaraq cinayət məsuliyyəti ilə üzləşməsi mümkündür.

Vəkil Elcan Həsənli Oxu24.com-a açıqlamasında bildirib ki, ilk növbədə özbaşına tikinti anlayışını düzgün müəyyənləşdirmək lazımdır. Onun sözlərinə görə, bir şəxsin torpaq sahəsi üzərində hüquqi əsasının olmaması və həmin ərazidə tikinti aparmağa başlaması hüquqi baxımdan ciddi problem yaradır.

“İlk növbədə özbaşına tikintinin mahiyyətinə baxmaq lazımdır. Əgər şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət və ya qanunla tanınan digər hüququ yoxdursa və o, həmin ərazidə tikinti işlərinə başlayırsa, bu, ciddi hüquqi risk yaradır. Eyni zamanda tikintinin aparılması üçün tələb olunan icazələrin olub-olmaması, tikintinin hansı ərazidə və hansı məqsədlə həyata keçirilməsi də ayrıca araşdırılmalıdır”, – deyə vəkil bildirib.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normaları və qaydaları ciddi şəkildə pozulmaqla inşa edilmiş yaşayış evi, digər tikili və qurğu özbaşına tikinti hesab edilir. Belə tikintini aparan şəxs avtomatik olaraq həmin tikiliyə mülkiyyət hüququ əldə etmir və tikili üzərində sərəncam vermək imkanına malik olmur.

Mütəxəssis qeyd edib ki, burada torpaq üzərində hüququn rəsmiləşdirilməsi məsələsi də xüsusi əhəmiyyət daşıyır. Torpaq sahəsinin hüquqi statusu müəyyən edilmədən onun üzərində tikinti aparılması sonradan həm tikilinin qeydiyyatı, həm də həmin əmlak üzərində sərəncam verilməsi baxımından problemlər yarada bilər.

“Vətəndaş ilk növbədə torpaq üzərində hüququnu rəsmiləşdirməlidir. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan istifadə edilməli, müvafiq sənədlər əldə olunmalı və hüquq dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı həmin hüquqların dövlət tərəfindən tanınması və təsdiq edilməsidir. Qeydiyyata alınmış hüquq isə yalnız məhkəmə qaydasında etibarsız hesab edilə bilər”, – deyə Elcan Həsənli vurğulayıb.

Vəkilin sözlərinə görə, torpağın və tikilinin hüquqi vəziyyətini bir-birindən ayırmaq lazımdır. Torpaq sahəsinin sənədinin olması həmin ərazidə istənilən formada tikinti aparmağa avtomatik icazə vermir. Eyni zamanda tikilinin sənədsiz olması da hər vəziyyətdə eyni hüquqi nəticəni doğurmur. Tikintinin hansı torpaqda aparıldığı, tikinti üçün icazənin tələb olunub-olunmadığı, tikinti və şəhərsalma normalarının pozulub-pozulmadığı və digər hallar ayrıca qiymətləndirilməlidir.

Mülki Məcəllənin 180-ci maddəsinə görə, müəyyən şərtlər daxilində özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilər. Bunun üçün, xüsusilə, tikintinin aparıldığı torpaq sahəsinin şəxsin mülkiyyətində olması mühüm şərtlərdəndir. Lakin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya insanların həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, mülkiyyət hüququnun tanınmasına yol verilmir. Qanunsuz tikilmiş bina və qurğunun sökülməsi də müəyyən hallarda məhkəmə qərarı əsasında mümkün ola bilər.

Elcan Həsənli xüsusilə dövlət orqanının tikintinin dayandırılması barədə qərarından sonra şəxsin davranışının hüquqi baxımdan əhəmiyyətli olduğunu bildirib.

“Əgər müvafiq dövlət orqanı qanunvericiliyin pozulması ilə aparılan tikintinin dayandırılması barədə qərar qəbul edibsə, həmin qərara əməl etmək lazımdır. Şəxsə rəsmi şəkildə tikintinin dayandırılması bildirildiyi halda fəaliyyətini davam etdirirsə, artıq məsələ daha ciddi müstəviyə keçir. Burada söhbət sadəcə sənədsiz tikintidən yox, dövlət orqanının qanuni qərarının qərəzli şəkildə icra edilməməsindən gedə bilər”, – deyə vəkil qeyd edib.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarının qərəzli olaraq icra edilməməsinə görə ayrıca məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsinin 222-3-cü maddəsinə əsasən, belə əməl iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Bununla yanaşı, qanunsuz tikinti ilə bağlı hər bir hal avtomatik olaraq 222-3-cü maddə ilə cinayət məsuliyyəti yaratmır. Burada dövlət orqanının tikintinin dayandırılması barədə qərarının olması, həmin qərarın şəxsə münasibətdə qüvvədə olması və onun qərəzli şəkildə icra edilməməsi kimi hallar araşdırılmalıdır.

Mütəxəssis həmçinin tikinti zamanı insanların həyat və sağlamlığı üçün real təhlükənin yaranmasının da cinayət məsuliyyəti baxımından əhəmiyyət daşıdığını bildirib. Cinayət Məcəlləsinin 222-1-ci maddəsində lazımi icazə olmadan özbaşına bina və qurğular tikilməsi, konstruksiyada dəyişikliklər edilməsi və digər tikinti işlərinin insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdığı hallar ayrıca nəzərdə tutulur. Bu hallarda azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə də daxil olmaqla cəzalar müəyyən edilib. Nəticə daha ağır olduqda məsuliyyət də ağırlaşa bilər.

“Burada vətəndaşın bir məsələni də bilməsi vacibdir: torpaq sahəsində qanunsuz tikinti aparılması ilə dövlət orqanının tikintinin dayandırılması barədə qərarına tabe olmamaq eyni hüquqi məsələ deyil. Birinci halda tikilinin statusu, onun qeydiyyata alınıb-alınmaması və sökülməsi kimi məsələlər ortaya çıxa bilər. İkinci halda isə artıq dövlət orqanının qərarının qərəzli şəkildə icra edilməməsi ilə bağlı cinayət məsuliyyəti gündəmə gələ bilər”, – deyə Elcan Həsənli bildirib.

Vəkilin sözlərinə görə, özbaşına tutulmuş və ya zəbt edilmiş torpaq sahələri ilə bağlı da qanunvericilikdə ciddi tələblər mövcuddur. Torpaq Məcəlləsinə əsasən, torpaqların özbaşına tutulması qadağandır. Belə torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpağın əvvəlki vəziyyətə gətirilməsi, o cümlədən həmin ərazidəki bina, tikili və qurğuların sökülməsi də torpağı zəbt etmiş şəxsin hesabına həyata keçirilə bilər.

Bu səbəbdən vətəndaş torpaq sahəsini və ya tikilini əldə etməzdən əvvəl yalnız “bu ərazi mənimdir” və ya “burada ev tikilib” ifadəsinə əsaslanmamalıdır. Torpaq üzərində hüququn hansı sənədlə təsdiqləndiyi, həmin hüququn dövlət qeydiyyatında olub-olmaması, tikilinin hüquqi statusu, tikinti üçün tələb olunan sənədlərin mövcudluğu və obyektə dair hər hansı məhdudiyyətin olub-olmaması araşdırılmalıdır.

Elcan Həsənli qeyd edib ki, xüsusilə hazırda sənədsiz və ya hüquqi statusu tam aydın olmayan ev və torpaq sahələrinin alqı-satqısı zamanı vətəndaşlar daha diqqətli olmalıdırlar. Çünki tikilinin faktiki olaraq uzun illər mövcud olması onun avtomatik olaraq qanuni tikili statusu qazanması demək deyil.

“Bəzən vətəndaş deyir ki, bu ev 10-15 ildir mövcuddur, hamı burada yaşayır və heç kim problem yaratmayıb. Amma tikilinin uzun müddət mövcud olması onun avtomatik şəkildə qanuni olması anlamına gəlmir. Hüquqi status ayrıca müəyyən edilməlidir. Əgər tikili qanunsuz inşa olunubsa, onun qeydiyyatı, satılması, bağışlanması və digər əqdlərlə bağlı problemlər yarana bilər”, – deyə vəkil əlavə edib.

Mütəxəssis bildirib ki, qanunsuz tikinti aparan şəxsin məsuliyyətinin konkret forması isə tikintinin xarakterindən və pozuntunun nəticələrindən asılıdır. Bəzi hallarda məsələ tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə nəticələnə, bəzi hallarda isə inzibati məsuliyyət yarana bilər. İnsanların həyatı və sağlamlığı üçün real təhlükə, ağır nəticələr və ya dövlət orqanının tikintinin dayandırılması barədə qərarının qərəzli şəkildə icra edilməməsi kimi hallarda isə cinayət məsuliyyəti də gündəmə gələ bilər.

Ona görə də tikinti aparmaq istəyən şəxsin ilk addımı tikintiyə başlamaq deyil, torpaq sahəsinin hüquqi statusunu və tikinti üçün tələb olunan sənədləri müəyyənləşdirmək olmalıdır. Çünki sonradan “sənədləşdirərəm” düşüncəsi ilə aparılan tikinti həm maddi itkilərə, həm tikilinin sökülməsi riskinə, həm də konkret hallarda daha ağır hüquqi nəticələrə səbəb ola bilər.

Vəkil sonda bildirib ki, tikinti ilə bağlı problem yaşayan şəxslər konkret sənədləri araşdırmadan ümumi məlumatlara əsaslanaraq qərar verməməlidirlər. Torpağın sənədi, tikintiyə dair icazələr, dövlət orqanının qərarları və tikilinin texniki vəziyyəti birlikdə qiymətləndirilməlidir. Xüsusilə tikintinin dayandırılması barədə rəsmi qərar təqdim edilibsə, həmin qərarın hüquqi əsasını və ona əməl edilməməsinin mümkün nəticələrini hüquqşünasla əvvəlcədən araşdırmaq daha təhlükəsiz yanaşmadır.

Turan Etibaroğlu