Azərbaycan–Türkiyə qardaşlığı və doğmalığı bəd niyyətlərin fövqündədir
Bütün dinlərdə insanların arasına nifaq toxumu səpmək böyük günah sayılır. Amma sentyabrın 27-dən Ermənistanın ölkəmizə genişmiqyaslı hücumu nəticəsində başlanan Vətən savaşında qardaş Türkiyənin dövlətimizə güclü siyasi və mənəvi dəstəyi işğalçı qüvvələrin havadarlarını bu günaha batmaqdan çəkindirmir.
Azərbaycanla Türkiyənin nümayiş etdirdikləri birlik və həmrəyliyin onları necə qəzəbləndirdiyini və qıcıqlandırdığını görmək üçün Fransa və Rusiya mediasını izləmək kifayətdir.
Əslində, müharibə başlanandan bəri Azərbaycanın yanında olduqlarını birmənalı şəkildə bəyan edən təkcə islam dövlətləri olan Türkiyə və Pakistan deyil. Rəsmi Bakının uğurlu xarici siyasəti sayəsində belə ölkələrin arasında İsrail, İtaliya, Ukrayna, Gürcüstan, Latviya, Litva, Estoniya, Macarıstan və sair bu kimi yəhudi, xristian dövlətlər də var.
Amma erməni havadarlarının gözünə daha çox canımızla, qanımızla, dilimizlə və dinimizlə bağlı olduğumuz Türkiyənin siyasi və media dəstəyi batır. Onların sifarişlərini yerinə yetirən “ekspert”, “politoloq”lar və “jurnalistlər” də kütləvi informasiya vasitələrində və ya Azərbaycan Prezidenti ilə müsahibələrində Türkiyənin ünvanına iftiralar yağdırmaqla iki ölkənin arasına nifaq toxumu salacaqlarını güman edirlər.
“Le Figaro” qəzeti əməkdaşının “Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsində diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasətini dayandırar?” və ya “Россия” telekanalında bədnamlıqla tanınmış Vladimir Solovyovun başına topladığı xəstə təfəkkürlü “ekspertlər”in Türkiyə Prezidentinin Azərbaycanı satacağı barədə “əndişələri” çox gülünc səslənsə də, həmçinin təhlükəli niyyətdən xəbər verir. Onlar Türkiyənin regionda gücə çevrilməsini pantürkizmin və panislamizmin sərhədlərinin genişlənəcəyi, neoosmanizm baxımından Azərbaycan variantını Ukraynada və digər ölkələrdə də tətbiq ediləcəyi barədə illüziyalarla ictimaiyyəti qorxutmağa və ictimai rəyi bu istiqamətdə formalaşdırmağa çalışırlar.
Fransanı qoyaq bir kənara, zatən onların ermənipərəstliyi cümlə cahana məlumdur. Bir zamanlar slavyan qardaşlığının güclənməsindən, ermənilərin xristian olduqları üçün müdafiə olunmasının vacibliyindən danışan, amma kefləri istəyəndə bu dəyərlərin daşıyıcılarını aşağılayan, alçaldan Rusiya KİV-lərinə nəzər salaq.
Bu, istər slavyan və xaçpərəst Belarusa, Ukraynaya, istərdə də xristian Gürcüstana və Moldovaya münasibətdə belə olub. Rusiya ilə guya eyni ittifaqda olan Belarusun məhsullarının idxalına vaxtaşırı qadağalar qoyulub, vacib məqamda kredit verməkdən imtina olunub, prezident Aleksandr Lukaşenko federal tv-lərdə ən kobud şəkildə təhqirlərə məruz qalıb, iki ölkə arasında nifaq salmaq üçün bütün əməllərə əl atılıb. Dövlət müstəqilliyini qorumağa, demokratik dəyərlərə sadiq qalmağa cəhd edən Ukraynanın başına gətirilənlər, ukraynalı hərbçiləri alman əsirləri kimi Donbasda kütlənin qarşısına çıxarmaları, ümumiyyətlə, slavyan qardaşlığına tamamilə zidd hərəkətlərdir.
Xristian Gürcüstanın, Ukraynanın və Moldovanın ərazi bütövlüyünü kobudcasına pozaraq torpaqlarını işğal edərkən, gürcüləri, ukraynalıları və moldavanları öz vətənlərində məcburi köçkün durumuna salarkən də dini inanc və dəyərlər yada düşməyib.
Amma islam ölkəsi olsa da, sözün əsl mənasında, dünyəvi dəyərlərə sadiq qalan Azərbaycan nə edir? Ən çətin məqamlarında slavyan və xaçpərəst Belarusa, Ukraynaya, xaçpərəst Gürcüstana dəstək olub. Ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq, heç kimin maliyyə baxımından kömək etmədiyi Belarusa 200 milyon ABŞ dolları məbləğində kredit ayırdı. Nə üçün? Slavyan və xaçpərəst qardaşı Rusiyaya olan qaz borcunu ödəməsi üçün. Belarus prezidenti Aleksandr Lukaşenko bu faktı dəfələrlə minnətdarlıqla etiraf edib.
Gürcüstanın keçmiş prezidenti Mixel Saakaşvili dəfələrlə xatırladıb ki, ölkəsinin ən çətin zamanında Azərbaycan gürcü xalqını soyuqdan donmaqdan xilas edib. Bu il Tovuz hadisələri baş verərkən Azərbaycanın İctimai Televiziyasına müsahibəsində tanınmış siyasətçi ölkəmizin Gürcüstana yardımlarını sadalamışdı: “Azərbaycan bizə çox yardım edib. İlk növbədə 2005-ci ili yada salmaq istərdim. O zaman bizdə böyük enerji böhranı var idi. Gürcüstana daxil olan qaz boruları və elektrik xətləri kəsilmişdi. Azərbaycan bizi – milyonlarla gürcüstanlını – soyuqdan qurtardı. Hətta, deyərdim, aclıqdan, ölümdən xilas etdi. Bu, bir neçə həftə davam edirdi. Həm mən, həm Gürcüstan xalqı bu köməyi heç vaxt unutmarıq. 2008-ci ildə ölkəmiz təcavüzə məruz qaldıqda Azərbaycan iqtisadi müstəvidə enerji hasilatı yönündə bir sıra tədbir gördü ki, bunlar Gürcüstan üçün həyati əhəmiyyət daşıyırdı. Bu, əsl dost, əsl qardaş dəstəyi idi. Heç də hər qardaş Azərbaycanın göstərdiyi köməyi göstərməzdi. Belə məsələlər nəsillər, yüzilliklər boyu yaddaşlarda qalır”.
Azərbaycanın yəhudi dövləti ilə münasibətləri isə bütün dünyanın gözü qarşısındadır. Əgər yəhudi qardaşlarımız İsraildə və başqa ölkələrdə “Qarabağ Azərbaycandır!” şüarını gur səslə hayqırırlarsa, Qərbdə, o cümlədən Avropa ölkələrində İsrail bayrağına bürünüb azərbaycanlılarla birlikdə yürüş və mitinqlərdə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını tələb edirlərsə, bu, xalqımıza baş ucalığı gətirmirmi? Əlbəttə gətirir və biz İsraillə dostluğumuzdan qürur duyuruq.
Yalnız xəstə təfəkkürlü qüvvələr ayrılmaz can olan Azərbaycanla Türkiyənin münasibətlərinin korlanmasına ümid bəsləyə bilərlər. Amma buna nail ola bilməzlər! Əslində, qardaş ölkələrimiz arasında dəfələrlə nifaq salmağa cəhdlər olub.
Ölkələrimiz arasında bayraq nifaqı salmaq istədilər – alınmadı. Bursada Azərbaycan bayrağına qarşı törədilmiş təxribata 2011-ci ildə “Evrovision” mahnı müsabiqəsində qalib gələn ifaçılarımızdan Nigar Camal səhnəyə Türkiyənin dövlət bayrağı ilə çıxmaqla cavab verdi. Bununla da Azərbaycanla Türkiyənin arasına nifaq salmağın qeyri-mümkün olduğu nümayiş etdirildi. Azərbaycan və Türkiyə azərbaycanlı ifaçının bu səmimi addımını ayaqüstə alqışladılar. Ermənistan və onun kimi naqislər isə növbəti dəfə xar oldular.
Qarsda erməni–türk qardaşlıq abidəsi ucaltmağa, bu vilayət tərəfdən Türkiyə–Ermənistan sərhədlərinin açılmasına cəhd edən qüvvələrin də niyyəti baş tutmadı. Qeyd edək ki, bu məsələ zamanı Azərbaycanın Qarsdakı Baş konsulu Həsən Zeynalovun yerli ictimaiyyətlə bərabər atdığı mühüm addımlar bu təxribatın qarşısının alınmasında müstəsna rol oynadı. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində “erməni qardaşlığı” abidəsi tarixin zibil qutusuna göndərildi və Dağlıq Qarabağ münaqişəsi həll olunanadək Ermənistanla sərhədlərin açılmayacağı bir daha, birrmənalı şəkildə və xüsusi qətiyyətlə bəyan edildi.
Azərbaycan və Türkiyə xalqları təkcə canı, qanı, dili eyni olduğu üçün xoşbəxt deyil. Ona görə xoşbəxtik ki, ölkələrimizdə yaşayan hər bir millətə, onların inancına, dilinə, yaşamaq haqqına hörmətlə yanaşırıq.
Bu gün Azərbaycan bölgələrində aparılan Vətən müharibəsində yəhudi, talış, rus, avar, ləzgi, tat və digər millətlərin nümayəndələri iştirak edirlər. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi üçün canından keçən və şəhidliyə ucalan rus, talış, ləzgi, yəhudi əsilli azərbaycanlılar var. Onların hamısı son mənzilə Azərbaycan bayrağına bükülərək yollanırlar. Çünki hamımız Azərbaycanıq və suyunu içdiyimiz, çörəyini yediyimiz, havasını udduğumuz Vətənimizin 27 ildir pozulan haqqının bərpa olunmasını tələb edirik!
Belə xalq və ölkə xoşbəxt deyilmi?! Təbii ki, xoşbəxtdir! Azərbaycan və Türkiyə qardaşlığı və doğmalığı isə bütün bəd niyyətlərin fövqündədir. Onu sarsıtmaq qeyri-mümkündür. İyulun 12-dən başlanan proseslər buna daha bir sübutdur.
Oxu24.com
ŞƏRHLƏR