Belarus Prezidenti Aleksandr Lukaşenko ötən gün İranda səfərdə olub. Səfər çərçivəsində həmkarı İbrahim Rəisi ilə görüşən Belarus prezidenti qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Ukraynadakı müharibəni müzakirə edib.
İddialara görə, dövlət başçıları həmçinin, İranın Belarusa "Şahed" PUA- larını satması barədə danışıblar. Qeyd edək ki, Lukaşenko bundan əvvəl Çinə gedərək həmkarı Si Cinpinlə görüşmüşdü. Qarşıdakı günlərdə isə Si Cinpinin Rusiyaya səfəri planlaşdırılır.
Sözügedən görüşlərin pərdəarxasında nələr var?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Moskva-Pekin-Tehran üçbucağında əməkdaşlıq güclənir və Minsk bu üçbucaqda daha çox vasitəçi kimi istifadə olunur:
“Rusiya Prezidenti Vladimir Putin xeyli vaxtdır müharibəyə qoşulmaq üçün Lukaşenkoya təzyiq edir. Belarus hələ ki, Rusiyaya müqavimət göstərir. Lukaşenko başa düşür ki, müharibəyə qoşularsa, Qərbin sanksiyaları ilə üzləşəcək. Əlbəttə, bu sanksiyalara tab gətirmək üçün Minskin resursları Moskdan daha azdır. İkinci bir tərəfdən, Lukaşenko bilir ki, hansısa formada Putinin işinə yaramalıdır. Əks halda, Belarus bu dəfə Rusiyanın “məngənəsində sıxıla bilər””.
Müsahibimiz son vaxtlar Rusiyanın İran, Çin və Şimali Koreyadan silahlar almasına dair iddiaların artdığını da xatırladıb:
“Dünyanın ikinci böyük ordusuna sahib dövlət indi başqa ölkədən silah alırsa, deməli, durumunun ağır olduğunu etiraf edir. Əgər adıçəkilən dövlətlərdən silahları Belarus alar və sonra Rusiyaya ötürərsə, bu zaman Kreml üçün problem xeyli dərəcədə aradan qalxmış olar. Beləliklə, Lukaşenko Putinin maraqlarını təmin etməklə yanaşı, həm də canını müharibəyə birbaşa qoşulmaqdan qurtara bilər. Yəqin ki, yaxın gələcəkdə dörd dövlət arasında təmaslar intensivləşəcək. Belarus Rusiya, İran və Çin arasında vasitəçilik missiyasını uğurla yerinə yetirməklə “yaxasını kənara çəkə bilər”
Oxu24.com
ŞƏRHLƏR