Zəlzələnin 3-cü günü axtarış-xilasetmə qrupları tərəfindən dağıntılar altından çıxarılarkən ağzında siqaretlə görüntülənən və xəstəxanaya getmək istəməyən Soner Tuğtekin dəhşətli günün təfərrüatı barədə danışıb.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, pensiyaçı Soner Tuğtekin Adıyamanda yaşayış binalarının birinin birinci mərtəbəsində həyat yoldaşı Xədicə və oğlu Dənizlə yaşayırmış. Qızları Bade isə Dənizli Universiteti Tekstil Mühəndisliyi fakültəsinin 2-ci kurs tələbəsi olub.
Zəlzələ zamanı qonaq otağında olan Tuğtekin həyat yoldaşını və uşaqlarını yanına çəkməyə çalışdığını bildirib: "Bina bir anda üzərimizə çökdü. Sütun qızımın üzərinə düşdü. Xanımı özümə sarı çəkmək istədim, qolu çarpayının altında qaldı. Oğlum oturacağımın altında idi, ancaq onu çəkə bildim".
O, zəlzələ zamanı yanında yalnız siqaret və 1,5 litr su olduğunu diqqətə çatdırıb: "Çox siqaret çəkdiyim üçün alışqanımın qazı bitdi. Siqareti yandıra bilmədim. Sonra alışqanı söküb naqillərini bir-birinə vuraraq bu problemimi həll etdim. 3 gün ərzində su və siqaretlə sağ qalmağa çalışdım. Yardım üçün qışqırırdıq. Cavab gələndə bir-birinin ardınca siqaretləri yandırmağa başladım. Ona görə də çıxarılanda əlimdə siqaret var idi. Çölə çıxdım. Məni xəstəxanaya aparmaq istədilər. Xədicəmdən ayrılmamaq üçün xəstəxanaya getmək istəmirdim. Yoldaşımın cansız bədəni çıxarılana qədər səkidə yatdım".
Oxu24.com
ŞƏRHLƏR