Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73633
az

Ukraynanın əks-hücum planı: rusları aldadaraq... - Hərbi ekspert detalları açıqladı

21:3010 Sentyabr, 2022
161
DÜNYA
  • A

"Ukrayna ordusunun əks-hücumu davam edir. Məncə, bu prosesə iki aspektdən yanaşmaq lazımdır. Bunu hərbi və hərbi-siyasi baxımdan qiymətləndirsək gerçək mənzərə yarada bilərik. Hərbi baxımdan bu, Ukrayna ordusunun ilk sürətli və geniş çaplı əks-hücum kampaniyasıdır. Buna oxşar, amma yüngül formada Ukrayna ordusu Kiyev ətrafında müqavimət göstərib. Kommunikasiyaları məhv etməklə rus ordusunu məcbur etdilər ki, geri çəkilsin. İndi isə əsl mənada döyüşə-döyüşə torpaqlarını azad edirlər. Amma rusların kifayət qədər ehtiyatda qüvvələri var və onlar azca zəif xətt tapan kimi əks-hücuma başlaya bilərlər. Ruslar hazırda təzə korpus formalaşdırıb və çalışırlar ki, onu döyüşə atsınlar. Amma bu korpus hərbi baxımdan hazır deyil. Əsasən məhbuslardan və müqavilələri hərbçilərdən ibarətdir. İstisna etmirəm ki, Ukrayna ordusu bu hücumu dəf edə və əks-hücum əməliyyatını davam etdirə bilər".

OXU24.COM teleqraf.com-a istinadən bildirir ki, bunu hərbi ekspert Azad İsazadə deyib.

O əlavə edib ki, Ukrayna ordusunun fəallıq göstərməsinə həm də hərbi-siyasi baxımdan yanaşmaq lazımdır:

"Sözsüz ki, bu çox böyük əhəmiyyət kəsb edir, istər Rusiya, istərsə də Ukrayna cəmiyyəti üçün. Moskva bu torpaqlarda referendum keçirmək, yerli seçkilər təşkil etmək niyyətində idi. Hazırda məcbur olub bu ərazilərdən qaçıblar. Ukrayna bu hücumla göstərdi ki, təşəbbüs Rusiyanın əlində deyil. Xüsusilə Avropa və Qərb tərəfdaşları üçün. Bu mesajdır ki, biz təslim olmuruq, köməyi davam etdirsəniz torpaqlarımızı azad edərik. Məncə, Rusiya əks-hücuma keçməyə çalışacaq. Amma biz bunu başa düşürüksə, deməli, Ukrayna Baş Qərargahı da bu məsələləri bilir və hansısa tədbirlər hazırlayır".

Ekspert əlavə edib ki, Ukrayna əks-hücum etsə də, ordusunu qoruyur:

"Bəzi hallarda təhlükə gördükdə ordunu geri çəkir. Prinsip belədir ki, ərazi vacib deyil, ordu vacibdir. Əgər ordu qorunsa və saxlanılsa, ərazilər azad edilə, ordu olmasa isə digər ərazilər də işğala məruz qala bilər. Əsas prinsip ordunu qorumaqdır. Ruslar isə ordunu qorumur və döyüşə göndərir. Bu səbəbdən də həm itkiləri çox olur, həm də ehtiyatı sürətlə azalır.

İkinci məqam odur ki, Ukrayna gözlənilməz hücum qurub. Məsələn, Ukrayna ordusu Balakleya şəhərini azad edib. Halbuki, ruslar hücumu cənubdan gözlədiyi halda Ukrayna ordusu şəhərə şimaldan daxil olub. Deməli, manevr edərək rusları aldadıblar. Yaxın saatlarda Kupyansk şəhərini Ukrayna ordusu götürməyə çalışır. Əgər buna nail olsalar, Şərqi Ukraynada rus ordusunun təminatı pozulacaq. Çünki əsas dəmiryolu xətti buradan gedir, logisitka mərkəzidir. Kupyanski Ukrayna ordusunun atəşi altına düşsə, Luqanksi və Donetskdə rus ordusunun təminatında problem ortaya çıxacaq. Odur ki, hazırda Ukrayna ordusu sürətli şəkildə vacib istiqamətlərdə irəliləməyə çalışır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO
Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib