Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69423
az

Rusiya Ukraynada artıq məğlub oldu: lend-liz Moskvaya sarsıdıcı zərbə oldu

14:4813 May, 2022
423
DÜNYA
  • A

ABŞ Prezidenti Co Baydenin imzaladığı "Ukraynanın müdafiəsi üçün lend-liz qanunu"na (Ukraine Democracy Defense Lend-Lease Act) görə, Vaşinqtonun Kiyevə hərbi-texniki yardımları maksimum sadələşib.

Konqresin hər iki palatasının (Nümayəndələr Palatası və Senat) təsdiqlədiyi qanun əsasında Ukraynaya hərbi yardımlar artıq dəfələrlə artıb.

Eyni zamanda, ABŞ bu ilin sonunadək Ukraynaya 33 milyard dollarlıq yardım yollayacaq. Həmin yardım paketinin 20,4 milyard dolları "hərbi sahədə və təhlükəsizlik sektorunda əlavə yardım", 8,5 milyard dolları isə sırf iqtisadi-maliyyə yardımlarıdır.

Bəs yaxşı, nədir bu lend-liz və Ukrayna üçün hansı əhəmiyyəti kəsb edir?

İngilis dilindəki "Lend" (faizlə borc vermək) və "Lease" ("icarəyə vermək") sözlərinin birləşməsi olan "Lend Lease" əslində ABŞ-ın dəstəkləmək niyyətində olduğu ölkəyə ayırdığı faizsiz kreditdir. Həmin kredit çərçivəsində ölkəyə hərbi texnika, silah, sursat, avadanlıq, nəqliyyat vasitələri, xammal, metallar, ərzaq, dərman preparatları və s. verilir.

Ukraynanın lend-liz çərçivəsində artıq almağa başladığı hərbi texnikanın döyüşlərdə məhv olan və ya sıradan çıxan qisminə, habelə hərbi əməliyyatlarıın gedişatında istifadə edilmiş sursat, silah, ərzaq və s. üçün Kiyev Vaşinqtona heç bir ödəniş etməyəcək.

Yalnız müharibə bitəndən sonra normal vəziyyətdə qalan və dinc məqsədlərlə istifadə oluna biləcək materiallar, texnika və s. üçün Ukrayna tam yox, qismən ödəniş edəcək.

Bundan başqa, ABŞ tələb edərsə, həmin materiallar, avadanlıq və ya texnika geriyə, Birləşmiş Ştatlara qaytarılmalıdır.

ABŞ tarixində ikinci dəfədir ki, lend-liz əməliyyatını gerçəkləşdirir.

İlk dəfə Birləşmiş Ştatlar bu əməliyyatı İkinci Dünya Müharibəsində etmişdi.

Məhz ABŞ-ın lend-lizi və Britaniyanın yardımları sayəsində Sovet İttifaqı nasist Almaniyasının qarşısında duruş gətirə bilmiş, sonra da əks-hücuma keçərək Adolf Hitlerin qoşunlarına qalib gəlmişdi.

SSRİ dönəmində sovet ideologiyası, daha sonra isə Rusiyada hakimiyyətin propaqandası və saxta "tarix elmi" ABŞ-ın lend-lizinin "faşizm üzərində qələbədə əhəmiyyətli rol oynamıdığını" deyirdi.

Halbuki müharibə illərində ABŞ və Britaniya SSRİ-yə sadəcə, nəqliyyat vasitələri olaraq 401400 (!) avtomobil vermişdi.

ABŞ prezidenti Franklin Delano Ruzveltin 1941-ci ilin martın 11-də imzaladığı "Birləşmiş Ştatların müdafiəsinin təminatı haqqında qanun"a (An Act to Promote the Defense of the United States) görə, amerikalılar Sovet İttifaqına savaş üçün gərəkli hər şeyi (!) yollayırdılar.

Sadəcə, bir fakt: İkinci Dünya Müharibəsi başlanandan az sonra, nasistlər Ukraynanı ələ keçirəndə Moskva barıt istehsalından məhrum oldu. Barıtla yanaşı, partlayıcı maddələr qıtlığı da vardı. Eyni zamanda alüminum, çuqun, polad və s. təminatında faciəli qıtlıq yaranmışdı.

Birləşmiş Ştatların yardımı sayəsində Sovet İttifaqı qoşunlarını güllələr, patronlar, tüfənglər, ən nəhayət, tanklar və təyyarələrlə təmin edə bildi.

 

Rəqəmlərə nəzər salaq.

1940-cı ildə ABŞ-ın ümumdaxili məhsulunun həcmi 101,4 milyard dollar idi.

İkinci Dünya Müharibəsi illərində amerikalılar lend-liz çərçivəsində SSRİ-yə 11,36 milyard, Britaniyaya isə 31,4 milyard dollar həcmində yardımlar yolladılar.

Kanada da Britaniya və SSRİ-yə 4,7 milyardlıq lend-liz yardımları yollamışdı.

Qərb ölkələrinin müharibə illərində Sovet İttifaqına lend-liz çərçivəsində etdikləri yardımlar SSRİ-nin ÜDM-nin illik həcminin 78,4 faizini təşkil etmişdi.

ABŞ-ın yolladığı benzin, barıt, alüminium, əlvan metallar, radiostansiyalar, təyyarələr, yük maşınları və s. olmasaydı, SSRİ çətin ki, faşist Almaniyasının hücumlarına sonadək davam gətirə biləydi.

Əvvəllər sovet tarixçiliyinin dandığı, indisə Rusiyanın rəsmi propaqandasının qətiyyətlə təkzib etdiyi gerçəklər, faktlar var.

Onların əsasını sadə həqiqət təşkil edir: nasist Almaniyasının quru qoşunlarının 28 faizi, hərbi-hava qüvvələrininsə 57 faizi ABŞ və Britaniya ilə döyüşlərə cəlb edilməsəydi, SSRİ mütləq şəkildə Hitler ordularına məğlub olacaqdı.

Onillər boyu Moskvanın propaqandasında yer almayan, unudulmağa çalışılan bir fakt da var: İkinci Dünya Müharibəsi illərində SSRİ-nin ən məşhur döyüş pilotu olmuş 3 dəfə Sovet İttifaqı Qəhrəmanı Aleksandr Pokrışkin uğurlu uçuşlarının tam əksəriyyətini ABŞ istehsalı olan, amerikalıların lend-liz əsasında verdiyi "Bell P-39 Airacobra" təyyarəsinə borclu idi.

ABŞ istehsalı olan "Sherman M4A2" və Kanada istehalı olan "Valentine MK-9" tankları döyüşlərdə sovet tankçılarının çox böyük həvəslə, rəğbətlə yararlandıqları zirehli texnika idi.

Amerikalıların və britaniyalıların yardımları olmadan SSRİ nə tanklar, nə təyyarələr, nə artilleriya qurğuları istehsal edə bilərdi.

Məsələn, zireh üçün istifadə olunan xüsusi poladın istehsalında legirləmə əlavələri mütləqdir. Həmin əlavələrin 100 faizini SSRİ ABŞ və Britaniyadan lend-liz əsasında yardım kimi alıb.

İkinci Dünya Müharibəsi illərində Sovet İttifaqında hərbi məqsədlər üçün istifadə edilmiş partlayıcı maddələrin 53 faizi, sənayeyə yönəldilən alüminiumun 55 faizi, misin isə 82,5 faizi, aviasiya benzinin 57,8 faizi lend-lizlə alınmışdı.

ABŞ lend-liz proqramı çərçivəsində SSRİ-yə 35800 radiostansiya, 5899 hərbi radioqəbuledici, 348 radiolokasiya qurğusu, 32200 motosikl (müharibə illərində SSRi-də istehsal edilmiş motosikllərdən 1,2 dəfə çox) və 409500 avtomobil yollamışdı.

Müharibə illərində sovet ordusunun artilleriya qurğularını dartan yük maşınların və məşhur "Katyuşa"  (BM-30, BM-30M) reaktiv artilleriya sistemlərinin şassilərinin 100 faizi ABŞ istehsalı olan "Studebaker" idi.

Bundan başqa, müharibə illərində SSRİ-də magistral parovozlar və teplovozların istehslı faktiki olaraq dayandırılmışdı. ABŞ-ın lend-lizlə yolladığı 1900 parovoz və 66 dizel-elektrovoz, habelə minlərlə yük vaqonu olmadan Sovet İttifaqında dəmiryol nəqliyyatı faktiki iflic vəziyyətinə düşərdi.

Xatırladım ki, 1916-1917-ci illərdə Çar Rusiyasında dəmiryol relsləri, parovozlar və vaqonların istehsalı yetərincə olmadığından nəqliyyat böhranı yaranmış, o da Fevral Çevrilişinə təkan vermişdi.

Lend-liz çərçivəsində SSRİ-yə 607 milyon dollarlıq mexanizm və avadanlıq göndərilmişdi ki, onların arasında 46241 metalkəsici dəzgahlar vardı.

Sonda gələk ərzaq məsələsinə.

 

İkinci Dünya Müharibəsi illərində lend-liz çərçivəsində ABŞ SSRİ-yə 610 min ton şəkər, 664600 ton ət konservləri, 268500 ton donuz piyi, 219 min ton lyard (suiti yağı), 105 min ton melanj və s. göndərmişdi ki, bu da sovet ordusunun ərzaq təminatının 67,2 faizini təşkil edirdi.

Yekun olaraq yazım ki, lend-liz olmasaydı, İkinci Dünya Müharibəsi illərində SSRİ-nin döyüş təyyarələrinin yarısı, tanklarının 48,5 faizi, döyüş sursatlarının 56,4 faizi, radiostansiyalarının 82,1 faizi və s. olmazdı.

Bəs yaxşı, SSRİ müharibədə uduzsaydı, Qərbdəki müttəfiq ölkələr Hitleri məğlub edə bilərdilər?

Bilərdilər, amma bu, həmin ölkələrə nəhəng insan itkiləri hesabına başa gələcəkdi.

Və o alterneativ ssenaridə amerikalılar təxminən 1945-ci ilin payızında Almaniya ərazisinə 10-15 nüvə bombası atmalı olacaqdılar.

Təbii ki, o illərdə olduğu kimi, indi də lend-liz heç bir halda ABŞ-ın xeyriyyəçiliyi deyil.

İkinci Dünya Müharibəsi illərində nasist Almaniyası ilə döyüşlərdə SSRİ-yə yardım etmiş ABŞ və Britaniya indi də Rusiya qoşunlarına sinə gərməkdə Ukraynanı dəstəkləyir.

Tarix təkrarlanır və bu səbəbdən Ukraynadakı müharibədə Rusiya artıq məğlub sayıla bilər.

 

Səbəblər bəsitdir: 77 gündən bəri davam edən hərbi əməliyyatlar nəticəsində Rusiya Federasiyasının hərbi birləşmələri müharibənin məcrasını, gedişatını və taleyini dəyişə biləcək heç bir əhəmiyyətli uğura nail ola bilməyiblər.

Tam əksinə, Ukrayna ordusunun şiddətli müqaviməti və ukraynalı hərbçilərin çox yüksək döyüş hazırlığı ilə mübarizə əzmini görən rusiyalı hərbçilər məruz qaldıqları böyük itkilərdən də ruh düşkünlüyünə qapılıblar.

Əsas döyüşlərin getdiyi şərq vilayətlərində Rusiya qoşunları ciddi irəliləyişlər nümayiş etdirə bilməyiblər.

Bütün bunlar Ukrayna ordusunun mövcud hərbi texnika və silahlarının olduğu şəraitdədir.

Lend-lizin işə düşdüyünü nəzərə alsaq, ukraynalı hərbçilərin təyyarələr, haubitsalar, zenit-raket və reaktiv yaylım atəşi sistemləri, artilleriya və hava hücumundan müdafiə vasitələri, raketlər. tank əleyhinə qurğular və s. ilə təminatı dəfələrlə güclənəcək.

Elə tək lend-liz bunu təmin edən əsas səbəblərdən biri sayıla bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

NATO ölkələri Baltik dənizində təlimlər keçirib
Norveç ABŞ-dan 363 milyon dollar dəyərində raket alacaq
İsrail Tehranda daha bir hərbi zavoda hücum etdi

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı