Rusiya-Ukrayna müharibəsinin 60-cı günündə gözlər rus qoşunlarının ələ keçirdiyini Mariupol şəhərinə yönəlib. Şəhərdəki mühüm sənaye obyektlərinin və mülki şəxslərin vəziyyətinin narahatlıq doğurduğu məqamda, Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqunu təbrik edərkən lentə alınmış fotosu müzakirələrə səbəb olub.
OXU24.COM xəbər verir ki, fotodakı təfərrüatları araşdıran ekspertlər kritik həqiqətləri üzə çıxarıblar.
Rusiyanın bir neçə gün əvvəl Mariupol şəhərini ələ keçirməsi ilə bağlı açıqlaması həm böyük şok, həm də şübhə doğurub. Müdafiə naziri Sergey Şoyqu Putinə Mariupolun alındığı barədə məlumat verib. Görüş zamanı çəkilən fotolardakı bəzi nüanslar diqqətdən yayınmayıb və bir anda həmin görüntülər dünyada müzakirə predmetinə çevrilib.
Kremlin rəsmi saytında Putin və Şoyqunun masa arxasında üzbəüz əyləşən fotoları təqdim edilib, ardınca müdafiə naziri ilə Rusiya liderinin dialoqunun qısa videosu paylaşılıb.
Yayımlanan görüntülər müharibə başlayandan bəri gündəmdə olan mübahisəni yenidən alovlandırıb.
Belə ki, videoda Putinin çox kefsiz olduğu müşahidə edilib, bu mənada Mariupolda qazanılan qələbənin onu heç də sevindirmədiyi barədə fikirlər səsləndirilib.
Bu da azmış kimi, Rusiya liderinin həm Sergey Şoyqu ilə, həm də Nikolay Tokarevlə görüşündə oturduğu masanın kənarından yapışması onun ağır xəstə olması barədə şayiələrin yayılmasına gətirib çıxarıb.
Putin-Şoyqu görüşünün videosunda Şoyqu Putinə Mariupol şəhərinin “azad edildiyini” deyir. Lakin Putin bu sözləri çökmüş və narahat ifadəsi ilə dinləyir.
Fevralın 24-də müharibə başlayandan bəri Putinin fotolarını və çıxışlarını təhlil edən ekspertlər Rusiya liderinin xəstə olduğunu, səhhətinin günü-gündən pisləşdiyini iddia edirlər.
ÜZ VƏ BOYUN ŞİŞLƏRİ
Uzun müddət görünmədiyi üçün "vəfat etdiyi" barədə xəbərlər yayılan müdafiə naziri Şoyqunun infarktdan sonra tam sağalmadığı görünür. Digər tərəfdən, Putinin üzündə və boynundakı şişkinlik onun steroid müalicəsi aldığına dair şübhələri gücləndirir.
Şayiələrdə deyilir ki, Putin müharibə başlayandan bəri onkologiya (Xərçəng ) üzrə mütəxəssis həkimlər tərəfindən azı 35 dəfə ziyarət edilib. Başqa bir iddiaya görə, Putinin üzündəki bədbəxt ifadə onun Ukrayna müharibəsində istədiyini ala bilməməsi ilə bağlıdır.
Bir neçə günə Kiyevi ələ keçirib, Ukraynanı tamamilə işğal edəcəyinə inanan Rusiya ordusu müharibənin ikinci ayını geridə qoyur. Nəticə odur ki, Putin hələ də hədəfindən çox uzaq bir nöqtədədir.
Bədən dili analizləri Putinin masadan yapışmasının xəstəliklə bağlı ola biləcəyini düşünür. Bildirilir ki, Rusiya lideri öz titrəyişini göstərməməyə və masadan dəstək almağa çalışa bilər. Məlumatlara görə, Putin bədbəxt və qəzəbli halını gizlətmək, özünü və əsəblərini cilovlamaq üçün masadan dəstək almağa çalışır.
Putin parkinson xəstəsi ola bilərmi?
Üzünün şişkin görüntüsü kortizon dərmanı istifadə etdiyinə sübut kimi görünür, davranışındakı qəfil dəyişikliklər onun ölümdən qorxmasına səbəb olan ağır xəstəliyə tutulduğuna dair şübhələr yaradır. Vaxtilə sərt davranışı ilə dünyanı lərzəyə salan Rusiya liderinin indi özünü “qoca və qaşqabaqlı” adam kimi aparması, üstəlik, tələsik davranışları təəccüb doğurur.
Rusiyada yerləşən “Proekt” tədqiqat platformasının dərc etdiyi sənədlər Rusiya mediasında geniş işıqlandırılıb. Nəşr edilən sənədlərə görə, ən azı 5 müxtəlif həkim Putinin qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış otorinolarinqoloq Yevgeni Selivanov Rusiya liderinin yanından heç vaxt ayrılmır.
Oxu24.com
ŞƏRHLƏR