Erməni təbliğat maşını artıq 4 gündür bütün diqqətini Lavrovun ağzına dikib: bütün manşetlər, müzakirələr, danışıqlar yalnız Lavrovdan sitatlarla zəngindir.
Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü, o görüşlərdə “xalqa müraciətləri” heç 20-ci dərəcəli məsələ də deyil. Əvəzində Lavrovun çıxışının hər cümləsi bir xəbərə çevrilir…
Lavrov nə deyir?
Ümumilikdə, Azərbaycanın milli maraqlarına zidd olan kəskin açıqlama yoxdur. Lavrov Qarabağın həlli ilə bağlı baza prinsiplərinin qəbul edilməsinin vacibliyini vurğulayır, atəşkəsin dərhal təmin edilməli olduğunu bildirir, münaqişə zonasına Rusiya sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyünü deyir…
Burda bir dayanaq: erməni mediası Lavrovun münaqişə zonasına Rusiya sülhməramlılarının yerləşdirilə biləcəyini yazır, amma heç bir halda qeyd etmir ki, Lavrov bunun üçün “hər iki tərəfin razılığının mütləq olduğunu” elan edir.
İndiki məqamda Azərbaycanın bölgəyə Rusiya sülhməramlılarını yerləşdirməsinə heç bir halda razı deyil və bunu Azərbaycan XİN rəhbəri Moskva görüşündə də elan etdi. Əgər gələcəkdə bu məsələ müzakirə predmeti olarsa, onda “sülhməramlı” funksiyasını yalnız Rusiya yerinə yetirməyəcək, çoxmillətli bir “sülhməramlı” olacaq.
Ümumiyyətlə, erməni mediası və təbliğat aparatı Lavrovun çıxışlarındakı yalnız Ermənistanın birbaşa maraqlarını ifadə edən məqamları tirajlayırlar. Halbuki Rusiya mediasının özünü izləmək kifayətdir ki, Lavrovun “bir qədər başqa cür” danışdığını müşahidə edəsən.
Əlbəttə, Lavrovun ritorikası sərtdir və ümumiyyətlə, diplomat kimi deyil, daha çox arbitr kimi danışmağı sevən bu şəxs hər zaman birtərəfli mövqeyi ilə ermənilərin sevimlisi olub. Ancaq Lavrov bütün hallarda Rusiyanın XİN rəhbəridir və dövlətinin maraqlarını ifadə etməlidir.
Rusiyanın maraqları nədir?
Rusiya faktiki olaraq itirmək üzrə olduğu Ermənistanı geri qaytarmaq üçün mübarizəyə girib və əsl həqiqətdə Dağlıq Qarabağ burda sırf “bəhanə rolunu” oynayır. Prezident İlham Əliyevin də dediyi kimi, Putin növbəti dəfə Ermənistanı və Paşinyanı xilas etməkdədir.
Bəli, məhz Ermənistanı. Söhbət birbaşa Ermənistandan gedir.
Bu ölkədə “narıncı inqilab”dan sonra qəbrmeyilli qüvvələr hakimiyyətə gəlib və Ermənistanda “Ukrayna ssenarisi” deyil, daha fərqli ssenari icra edilir. Faktiki olaraq Ermənistan Rusiyanın təsir dairəsindən çıxmağa başlayıb. Bu xüsusda kimlər rol alıb və hansı supergüclər hansı oyunlar oynayırlar? – bu tamamilə fərqli bir mövzudur.
Fakt odur ki, Fransanın qatı ermənipərəst mövqeyində səbəb Azərbaycanın hədəfə çıxarılması deyil, siyasi orbitindən çıxan və havada fırlanan Ermənistanı təsir dairəsinə salmaqdır.
Əslində, Rusiyanın bu qədər sərt şəkildə prosesə müdaxiləsi, bircə günün içində Moskva görüşünün müəyyənləşdirilməsində də problem Ermənistanla bağlıdır. Yoxsa Rusiya lideri Putin açıq şəkildə Dağlıq Qarabağda baş verənləri “Azərbaycanın daxili işi” olduğunu bir neçə dəfə elan etmişdi və proses bitmişdi.
Vəziyyət isə sürətlə dəyişir: Ermənistana “böyük bacılıq” etmək istəyənlər çoxalır, Türkiyənin Yaxın Şərqdən sonra genişlənən nüfuz dairəsi də çoxlarını narahat edir. Ona görə də Rusiya tələsik və sərt müdaxiləyə ehtiyac hiss edir.
Rusiya isə yekcins deyil, yekrəng də deyil: Rusiyada da maraqlar toqquşması var – biriləri Ermənistan-Azərbaycan konfliktinə sona qədər müdaxilə etməməyi, Ermənistan ordusunun tam geri çəkilməsini, Azərbaycanın ərazi bütövlüyünün tam təminindən sonra onsuz da heç bir xarici ölkə ilə birbaşa əlaqəsi olmayan, Azərbaycan və Türkiyənin iqtisadi blokadasında çabalayan Ermənistanın heç yerə gedə bilməyəcəyini, əvəzində isə bölgədə Azərbaycan və Türkiyə kimi qüdrətli müttəfiqlər qazanmağın tərəfindədir. Digərləri isə Fransanın simasında Avropanın Ermənistanı ala biləcəyindən ehtiyat edir…
Bu xüsusda İranın mövqeyi olduqca diqqət çəkir. İllərlə AB ilə münasibətlərini qoruyan və Ermənistana “nəfəs” verən İran son proseslərdə olduqca pozitiv mövqeyi ilə diqqət çəkir. İran əslində öz oyununu oynayır və ABŞ və AB-ni bütövlükdə regiondan çıxarmaqda maraqlıdır. Bunun üçünsə Suriyada olduğu kimi, Qafqazda da münaqişələrin tənzimlənməsi üçün region ölkələrinin – yəni “Astana formatı”nın tətbiqində maraqlı görünür.
Bu, Azərbaycanın maraqlarına cavab verən formatdır. Ümumiyyətlə, Azərbaycan və Ermənistanla heç bir ümumi sərhədi olmayan Fransa və ABŞ-dan daha çox, Rusiya-Türkiyə-İran formatı münaqişənin daha ədalətli və qısa müddətdə həllini reallaşdıra bilər.
Əlbəttə, əgər Qərb ciddi müdaxilələrini dayandırsa, proses elə bu istiqamətdə də davam edəcəkdi.
Təəssüf ki, AB-nin siyasi lideri prosesləri məcrasından çıxartdı
Oxu24.com
ŞƏRHLƏR