7,6 bal gücündə zəlzələ oldu - Sunami təhlükəsi elan olundu
09 Oktyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
57
09.10.2026, 23:22
Bir tərəfdə həbsxana divarları, digər tərəfdə prezident sarayı...
Vaxtı ilə Britaniya hakimiyyətinə qarşı mübarizəsinə görə həbsə düşən Ənvər Sadat illər sonra Misirin prezidenti oldu. Amma onun həyatının ən maraqlı hekayəsi siyasi kabinetlərdə deyil, ailəsində yazılmışdı.
Sadat gələcək həyat yoldaşı Cihanı ilk dəfə görəndə onun cəmi 15 yaşı vardı. Sadat isə 30 yaşında idi və artıq bir dəfə evlənmiş, üç qız atası olmuşdu.
Aralarında yaranan münasibət illər sonra Misirin birinci xanımı ilə prezidentini birləşdirən 32 illik ailə həyatına çevriləcəkdi. Bu sevginin son şahidi isə 6 oktyabr 1981-ci ildə Qahirədəki hərbi parad tribunası oldu...
Ənvər Məhəmməd əs-Sadat 25 dekabr 1918-ci ildə Nil deltasındakı Mit Əbu əl-Kum kəndində dünyaya gəldi.
Çoxuşaqlı ailədə böyüyən Sadat uşaqlıqdan Misirin Britaniya təsiri altında yaşamasını görürdü.
Ölkəsinin müstəqilliyi onun üçün siyasi şüar deyil, həyat məqsədinə çevrildi. 1938-ci ildə hərbi akademiyanı bitirdi və zabit kimi orduya qoşuldu. Burada onun yolu sonradan Misirin taleyini dəyişəcək Camal Əbdül Nasirlə kəsişdi.
Sadat siyasi mübarizəyə atıldıqca həyatının ən ağır səhifələrindən biri başladı. Britaniya hakimiyyətinə qarşı fəaliyyəti onu həbsxanaya apardı.
1946-cı ildə maliyyə naziri Əmin Osmanla bağlı sui-qəsddə iştirak etməkdə ittiham olunaraq yenidən həbs edildi. İki il sonra bəraət aldı. Həbsxanada keçirdiyi günlər onun xarakterini dəyişdirdi. Çox oxudu, düşündü və siyasi baxışlarını daha da möhkəmləndirdi.
Amma onun həyatını dəyişdirən hadisə həbsxanadan çıxdıqdan sonra baş verdi.
Sadat 1948-ci ildə Cihan Rauf adlı yeniyetmə qızla tanış oldu. Cihanın ailəsi Sadatın artıq evli, üç uşağının olmasını və maddi imkanlarının zəifliyini nəzərə alaraq bu münasibətə isti baxmırdı. Üstəlik, qarşılarında siyasi fəaliyyəti təhlükə ilə müşayiət olunan bir kişi vardı. Buna baxmayaraq, Cihan Sadatı seçdi.
29 may 1949-cu ildə evləndilər. Toy günü Sadat hərbi forma geyinmişdi.
Onların ilk illəri prezident saraylarından çox uzaqda keçdi. Sadat hələ hakimiyyət sahibi deyildi, siyasi gələcəyi də heç də təminatlı görünmürdü.
Cihan isə ərinin siyasi mübarizəsini yalnız kənardan izləmədi. Əksinə, onun ən yaxın sirdaşı oldu.
Maraqlıdır ki, Sadat bir vaxtlar Cihanın atasına siyasətdən uzaq qalacağına söz vermişdi.
Lakin Cihan sonradan ərinə bu sözü yerinə yetirməyə məcbur olmadığını söylədi və onun Misir uğrunda mübarizəsinə davam etməsini dəstəklədi.
Bu ailədə daha sonra üç qız- Lübnə, Nüha və Cihan, bir oğul-Camal dünyaya gəldi. Cihan Sadat isə ərinin həyatının ən təhlükəli illərində onun yanında qaldı.
1952-ci ildə “Azad zabitlər” hərəkatı kral I Faruqu devirdi və Misirdə monarxiya sona çatdı.
Sadat inqilabın əsas iştirakçılarından biri idi. O, radio vasitəsilə inqilabın başladığını elan edən şəxslərdən oldu. Sonrakı illərdə yüksəldi, parlamentə rəhbərlik etdi və Nasirin yaxın siyasi silahdaşına çevrildi.
1969-cu ildə Nasir onu vitse-prezident təyin etdi. Cəmi bir il sonra Nasirin ölümü Sadat üçün yeni qapı açdı.
1970-ci ildə Misirin prezidenti oldu. Həbsxana görmüş keçmiş zabit artıq milyonlarla insanın taleyinə qərar verən dövlət başçısı idi.
Lakin Sadatın prezidentliyi onu rahat həyata yox, daha böyük risklərə apardı.
1973-cü ildə İsraillə müharibədən sonra o, Sinayın geri qaytarılması üçün diplomatik yol seçdi.
1977-ci ildə gözlənilməz addım ataraq Qüdsə getdi və İsrail parlamentində çıxış etdi.
Ərəb dünyasının bir çox hissəsində şok yaradan bu səfər sonradan sülh prosesinin başlanğıcına çevrildi.
1978-ci ildə ABŞ prezidenti Cimmi Karterin vasitəçiliyi ilə Kemp-Devid razılaşmaları əldə edildi.
Sadat və İsrailin baş naziri Menaxem Begin Nobel Sülh mükafatına layiq görüldülər.
Bir il sonra Misir və İsrail sülh müqaviləsi imzaladı. Sadat dünyanın gözündə sülh tərəfdarına çevrilsə də, ölkəsində onun qərarlarına qarşı qəzəb böyüyürdü.
Radikal qrupların təhdidləri artırdı. 1981-ci ildə Sadat ölkə daxilində geniş həbslərə başladı.
Onun düşmənləri artıq yalnız siyasi rəqibləri deyildi. Ölüm təhlükəsi prezidentin həyatının ayrılmaz hissəsinə çevrilmişdi.
Nəhayət, 6 oktyabr 1981-ci il...
Qahirədə 1973-cü il müharibəsinin ildönümü münasibətilə hərbi parad keçirilirdi. Sadat tribunada oturmuşdu.
Cihan da onun yanında idi. Hərbi maşınlardan biri tribunaya yaxınlaşdı. Bir neçə hərbçi maşından düşdü. Əvvəlcə hər şey paradın adi hissəsi təsiri bağışladı. Sonra silahlar işə düşdü.
Qumbara atıldı, ardınca güllələr yağdı. Ənvər Sadat ağır yaralandı. Həkimlərin müdaxiləsinə baxmayaraq, prezident hadisədən təxminən iki saat sonra öldü. Sui-qəsd nəticəsində başqa şəxslər də həyatını itirdi və yaralandı.
Cihan Sadat ərinin ölümünü gözlərinin qarşısında gördü. Bir vaxtlar 15 yaşında ikən tanıdığı həmin kişi ilə 32 il birlikdə yaşamışdı.
O, Sadatın həbsxana illərini, hakimiyyətə yüksəlişini, müharibəni, sülhü və ölüm təhdidlərini onunla bölüşmüşdü. İndi isə bütün bunlar bir neçə dəqiqənin içində sona çatmışdı.
Ənvər Sadatın həyatı qəribə bir tale hekayəsi kimi qaldı, kənddə doğuldu, həbsxanaya düşdü, sevdi, ailə qurdu, inqilab etdi, hakimiyyətə gəldi, İsraillə müharibə apardı, sonra düşməni ilə sülh bağladı və Nobel Sülh mükafatı aldı.
Sonda isə sülh qərarlarına görə onu düşmən sayan radikalların güllələri altında öldü.
Onun həyatında ən böyük paradoks da elə budur. Həbsxanadan çıxıb prezidentliyə qədər yüksələn adam üçün ən ağır həbsxana bəlkə də həyatının son günündə qarşısında açılan ölüm idi.
Ənvər Sadat 63 yaşında öldürüldü. Amma onun həyatının ən yadda qalan görüntüsü prezident kürsüsü deyil, yanında həyat yoldaşı Cihanın olduğu həmin son tribunadır.
Bir vaxtlar 15 yaşında gördüyü qızla başlayan sevgi hekayəsi Misirin siyasi tarixinin ən qanlı səhifələrindən birində başa çatdı...
Cavanşir Abbaslı.
23:57 / 09 Oktyabr 2026
1557
23:54 / 09 Oktyabr 2026
14
23:51 / 09 Oktyabr 2026
20
23:49 / 09 Oktyabr 2026
22
23:44 / 09 Oktyabr 2026
29
23:39 / 09 Oktyabr 2026
58
23:27 / 09 Oktyabr 2026
310
23:25 / 09 Oktyabr 2026
53
23:17 / 09 Oktyabr 2026
51
23:03 / 09 Oktyabr 2026
57
22:57 / 09 Oktyabr 2026
68
22:47 / 09 Oktyabr 2026
70
22:31 / 09 Oktyabr 2026
61
22:27 / 09 Oktyabr 2026
73
22:13 / 09 Oktyabr 2026
92
21:58 / 09 Oktyabr 2026
73
21:54 / 09 Oktyabr 2026
65
21:52 / 09 Oktyabr 2026
78
21:45 / 09 Oktyabr 2026
91
21:33 / 09 Oktyabr 2026
98
21:30 / 09 Oktyabr 2026
75
21:23 / 09 Oktyabr 2026
123
21:15 / 09 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.