"Ən çox saxta diplom Müəllimlər İnstitutunun Gəncə filialında qeydə alınıb. Bu ali təhsil müəssisəsinin adı ilə alınıb, təhsil sistemində işlənilən diplomlar 600-dən çoxdur".
OXU24.COM xəbər verir ki, bunu valyuta.az-a təhsil eksperti Kamran Əsədov elm və təhsil naziri Emin Əmrullayevin "nə qədər ki, saxta diplomu olan adamlara hörmətlə yanaşacağıq, təhsilimiz irəli getməyəcək" fikirinə münasibətində deyib.
Ekspert bildirib ki, saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var:
"Saxta diplomların əsasən köçürmələrlə bağlı olduğunu da qeyd etmək lazımdır. Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur. Sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa qəbul köçürülürdülər".
Ekspert hesab edir ki, saxta diplom məsələsinin başlıca səbəbi cəzasızlıqdan qaynaqlanır:
"Hər hansı universitetin rektoru və ya nazirlikdən kimsə mövcud səbəbə görə cəza aldığı ilə bağlı konkret rəsmi məlumat verilməyib. Məhz "cəzasızlıq sindromu"na görə bu kimi hallar baş verir. Sovet dövründə Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlama İnstitutu var idi, sonradan bu İnstitutun xarakteri dəyişilərək Azərbaycan Müəllimlər İnstitutu statusu aldı. Bu azmış kimi institutun bölgələrdə 11 filialı yaradıldı, o cümlədən də Gəncədə. Bir müddətdən sonra burda böyük korrupsiya faktları aşkarlandı, bir neçə filiallar bağlandı və belə bir mənzərə ortaya çıxdı. Təhsil Nazirliyində nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik hansısa bir xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır, institutun lisenziyası yoxdursa və ya nostrifikasiyadan keçməyibsə, saxta hesab olunur".
Ekspertin sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin sosial-iqtisadi sahəsində olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar əmələ gəlib:
"Təhsil qanununun qəbul olunması 15 ilə qədər ləngidi. Digər normativ hüquqi baza yaradılması istiqamətində lazımi iş aparılmadı. Fürsətdən istifadə olunub, 70-dən artıq ali və orta təhsil müəssisələri yaradıldı və bu müəssisələrin əksəriyyəti özəl oldu. Onların hər hansı bir bazası formalaşmadı. Ona görə də qanunvericilikdə olan müəyyən boşluqlar və bu təhsil müəssisələrində saxtarkarlıq elementlərinin baş verməsinə səbəb yaratdı. Özəl ali məktəblərdə islahatlara start verilidi. Bir neçə universitet - Azərbaycan Beynəlxalq Universiteti, Təfəkkür Universiteti, Moskva Açıq Univeristeti bağlandı. Bir sıra universitetlər bağlanır, digərləri birləşir, kolleclər universitetlərin nəzdinə verilir. Bu hərəkətlilik və dəyişikliklər müəyyən vaxtlarda boşluqlar yaradır və bundan istifadə edənlər sxta diplomlar hazırlayıb kimlərəsə verirlər".
Kamran Əsədovu bildirib ki, elektron baza yaradılmalıdır:
"Hər bir işə götürən işçini qəbul etdikdən sonra rahatlıqla portal daxil olub verilmiş diplomin həqiqi yoxsa saxta olduğunu yoxlamalıdır".
Oxu24.com
ŞƏRHLƏR