Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90929
az

Şuşada “Qurtuluşdan Zəfərə” adlı beynəlxalq konfrans keçirilib - FOTO

21:2015 İyun, 2023
113
CƏMİYYƏT
  • A

İyunun 15-də Şuşa şəhərində "Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş "Qurtuluşdan Zəfərə" adlı beynəlxalq konfrans keçirilib.

Yeni Azərbaycan Partiyasından Milli.Az-a bildirilib ki, əvvəlcə konfrans iştirakçıları Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra "Qurtuluşdan Zəfərə" adlı film nümayiş etdirilib.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Tahir Budaqov bildirib ki, 2023-cü il bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə üçün olduqca əlamətdardır: "Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. "Heydər Əliyev İli" çərçivəsində müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri, Türk dünyasının böyük oğlu, dünyanın ən nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiq olunması, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması istiqamətində istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda, o cümlədən qardaş Türkiyədə silsilə tədbirlər həyata keçirilir. Eyni zamanda, bu il dünyada nüfuzlu və qüdrətli dövlət, müasir və demokratik ölkə kimi tanınan, davamlı yüksəlişi və möhtəşəm uğurları ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edilməkdədir".

YAP Sədrinin müavini qeyd edib ki, anadan olmasının 100-cü ildönümünü qürurla və minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir: "Müdrik dövlət xadimi iki fərqli dövrdə - istər SSRİ dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra respublikamıza uğurla rəhbərlik edərək xalqımız və dövlətimiz üçün taleyüklü məsələlərin həllinə nail olmuş, Azərbaycan xalqının parlaq gələcəyini təmin etmişdir. Xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm ki, ötən əsrin 90-cı illərinin əvvəlində siyasi təlatümlər, iqtisadi böhran, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən, Ermənistanın işğalçı siyasəti nəticəsində ard-arda əzəli torpaqlarını - doğma yurdlarını itirən Azərbaycan xalqı ciddi sınaq və tarixi seçim qarşısında idi. Belə bir taleyüklü mərhələdə xalqımız çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət, vətənpərvər lider Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü. Ümumxalq etimadının təzahürü kimi 91 nəfər ziyalının müraciətinə Ümummilli Liderin razılıq verməsi nəticəsində 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya Sədr seçilməsi müasir müstəqillik tariximizin dönüş nöqtəsi oldu. Eyni zamanda, həmin vaxt ölkəmiz olduqca mürəkkəb vəziyyətlə qarşıya-qarşıya olarkən - 1993-cü ilin iyun hadisələri zamanı xalq Ulu Öndərə Azərbaycanın xilası naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etdi. Heydər Əliyev bundan öncə dəfələrlə olduğu kimi, öz həyatını belə riskə ataraq, böyük fədakarlıq və vətənpərvərlik nümunəsi ortaya qoyaraq tarixi-siyasi məsuliyyəti üzərinə götürdü. 30 il bundan əvvəl - 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü olaraq yazıldı".

Tahir Budaqov vurğulayıb ki, Ümummilli Liderin müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanı Qurtuluşdan tərəqqiyə aparan möhtəşəm dövr kimi tarixə əbədi həkk olundu. Heydər Əliyev siyasəti xalqımıza ən dəyərli milli sərvətimiz olan Azərbaycanın dövlət müstəqilliyini bəxş etmiş, ölkəmizin siyasi, demokratik və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu subyektinə, sözünə etibar edilən və mövqeyinə hörmətlə yanaşılan güclü dövlətə çevrilməsini şərtləndirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir".

Tahir Budaqov söyləyib ki, 44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında qardaş Türkiyənin Azərbaycana yüksək mənəvi-siyasi dəstəyinin müstəsna rolu var: "Müharibənin ilk dəqiqələrindən etibarən "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deyən Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş dövlətin və Türkiyə xalqının Azərbaycana inamlı dəstəyi böyük mənəvi-siyasi stimul kimi bu tarixi qalibiyyətə güclü təkan oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim müştərək şanlı tariximizdir. Çoxəsrlik tarixi köklərə, milli-mənəvi dəyərlərə əsaslanan və müasir tariximizdə Ümummilli Liderimizin təşəbbüsü əsasında Araz çayı üzərində inşa olunaraq əzəli Azərbaycan torpağı - qədim türk yurdu Naxçıvanla Türkiyəni birləşdirən "Ümid" körpüsü ilə yeni məzmun alan Azərbaycan-Türkiyə münasibətləri 44 günlük Vətən müharibəsindən sonra hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində tamamilə yeni bir səviyyəyə qalxmış, iki il bundan əvvəl - 15 iyun 2021-ci il tarixində Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Hazırda milli maraqlara və müasir çağırışlara əsaslanan birgə fəaliyyətimiz və ortaq təşəbbüslərimiz ölkələrimizə inkişaf, regiona isə firavanlıq və sabitlik vəd edir, Türk dünyası üçün parlaq perspektivlər yaradır. Bütün bu reallıqlar Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır".

Çıxış edən Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib ki, bu gün biz Şuşada 15 İyun - Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünü qeyd edirik. "Qurtuluşdan Zəfərə" adlı beynəlxalq konfransda iştirak etməkdən qürur duyduğunu söyləyən Binəli Yıldırım "Dəvət üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edirik. Türk dünyasının seçilən iki dövləti - Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələr daim zirvədə olacaq" ,- deyə vurğulayıb.

Binəli Yıldırım qeyd edib ki, Bursadan sonra Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bu gün Şuşada bir araya gəlməyimiz qürurvericidir: "Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı zaman keçdikcə daha da dərinləşir. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan ilə Türkiyə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qarabağın yenidən qurulmasında Türkiyənin yaxından iştirak etməsindən məmnunluq duyuruq".

AK Parti Sədrinin birinci müavini vurğulayıb ki, Azərbaycanın müstəqil və güclü dövlət kimi formalaşmasında böyük xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi qürurla qeyd edilir: "Məhz Ulu Öndər Azərbaycan xalqı üçün çətin dövrdə öz siyasi iradəsini ortaya qoydu. O, ölkədə xaos olduğu bir dövrdə xilaskarlıq missiyasını yerinə yetirdi, Azərbaycanın bölgədə müstəqil və güclü dövlət olmasının əsaslarını yaratdı. Heydər Əliyevin arxalandığı ancaq xalq oldu, xalq da ona arxalandı. Ümummilli Lider Azərbaycanın müstəqilliyinin əbədi olduğunu dünyaya bəyan etdi".

Heydər Əliyevin Azərbaycanda reallaşdırdığı neft strategiyasından bəhs edən Binəli Yıldırım qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər layihələrin əsası məhz Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə qoyulub. Bu gün Azərbaycanın Türkiyə ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.

O bildirib ki, əlaqələrimizin daha da dərinləşməsində Türk Dövlətləri Təşkilatının (TDT) rolu böyükdür. 2021-ci ildə keçirilən tarixi İstanbul Zirvəsi ilə təşkilat yeni mərhələyə qədəm qoydu. Təşkilatın adı dəyişdirildi və Türkmənistan TDT-yə müşahidəçi üzv kimi qoşuldu: "İstanbul zirvəsi bir neçə aspektdən önəmlidir. Bu toplantıda TDT-nin 2040-cı ilədək konsepsiyası hazırlandı. Həmçinin Türk İnvestisiya Fondunun yaradılması qərara alındı. İstanbul Zirvə görüşündə diqqətçəkən məqamlardan biri də TDT-nin Ağsaqqallar Şurasının yaradılması oldu".

TDT-nin Səmərqənd Zirvə görüşünün əhəmiyyətinə də toxunan Binəli Yıldırım onun ən mühüm nəticələrindən biri kimi Şimali Kipr Türk Cümhuriyyətinin quruma müşahidəçi statusunda qəbul edilməsini xüsusi qeyd etdi. Digər tərəfdən, Türkiyə İnvestisiya Fondunun 2022-2026-cı illər üçün Fəaliyyət Planının qəbul edilməsinin önəmini vurğulayan Binəli Yıldırım bildirib ki, ticarətin asanlaşdırılması diqqət yetirilən prioritet məsələlərdən biri olub: "800 milyard dollarlıq xarici ticarət həcmi, 160 milyonluq əhalisi, 5 milyon kvadrat kilometr ərazisi olan bu təşkilat və onun 8 üzvü, şübhəsiz ki, dünya iqtisadiyyatında və regional iqtisadiyyatda çox mühüm yer tutur. Bu ölkələrin xarici ticarətə malik olmasına baxmayaraq, bu 8 ölkə arasında ticarət cəmi 24 milyard dollardır. Bu baxımdan, təşkilatın üzvləri arasında ticarətin inkişafı və qarşılıqlı investisiyaların artırılması üçün daha çox səy göstərilməsinə ehtiyac var. Xüsusən də əsrlər boyu insanların xidmətində olan tarixi İpək Yolunun bərpa edilməsi çox mühüm önəm daşıyır".
Ətraflı
Ad - 00:05

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışan Binəli Yıldırım "Ermənistan Qarabağın artıq Azərbaycanın əzəli tərkib hissəsi olduğunu qeyd-şərtsiz qəbul edib. Qarabağda yaşayan ermənilərin inteqrasiyası artıq başlayıb. Bu ərazilərdəki separatçı qüvvələr öz fəaliyyətini dayandırmalı və Azərbaycana təslim olmalıdır. Azərbaycan rəhbərliyi hər zaman humanist addımlar atır", - deyə bildirib.

Binəli Yıldırım Ermənistanın Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması prosesini ləngitdiyini deyib. Qeyd edib ki, Ermənistan bununla özünə ziyan edir. Vurğulayıb ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türkdilli dövlətlər arasında əlaqələr daha da möhkəmlənəcək: "Bizim məqsədimiz aydındır. Hədəfimiz bölgədə rifahı və hüzuru artırmaq, sülh və sabitliyə nail olmaqdır. TDT hansısa ölkəni təhdid edən təşkilat deyil, amma bizə qarşı hər hansı haqsızlıq olarsa, cavab verməyə hazırıq".

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi, ölkənin parlaq gələcəyinin təməlinin qoyulduğu 15 İyun - Milli Qurtuluş Gününü qardaş Türkiyədən olan hörmətli qonaqlarla müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının iftixar nöqtəsi adlandırdığı Şuşada qeyd etmək qürurvericidir: "Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd edilir. Heydər Əliyevin sarsılmaz təməllər üzərində qurduğu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə davam etdirdiyi daxili və xarici siyasət, güclü iqtisadiyyat və ordu quruculuğu işinin məntiqi sonluğu olaraq biz indi Şuşada, Azərbaycan xalqı üçün böyük mənəvi dəyəri olan mədəniyyət paytaxtımızdayıq. Prezidentin Ulu Öndərimizin anadan olduğu gündə - 10 may tarixində Şuşanın mərkəzi meydanından xalqa müraciət etməsi də Şuşanın bizim üçün, bütün türk dünyası üçün dəyərindən xəbər verir. Bugünkü təqvim, eyni zamanda, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması ilə tarixə düşmüşdür. İki qardaş dövlətin qarşılıqlı münasibətlərini bütün sahələrdə ən yüksək səviyyədə bəyan edən bu sənədin Şuşada imzalanması da torpaqlarımızın işğaldan azad edilməsinin türk dünyası üçün əhəmiyyətindən xəbər verir".

"Bildiyiniz kimi, ötən il TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Xoş təsadüfdür ki, bu qürurverici estafet məhz Türkiyənin qədim tarix və mədəniyyətə malik Bursa şəhərindən Şuşaya ötürülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması münasibətilə müvafiq tədbirlər planı hazırlanmış və tədbirlərin artıq bəziləri müvəffəqiyyətlə icra edilmişdir",- deyə Aydın Kərimov söyləyib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi qeyd edib ki, Şuşa işğaldan azad olunduqdan dərhal sonra beynəlxalq müstəvidə dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində mühüm addımlar atılıb: "Belə ki, müxtəlif ölkələrin 9 şəhəri ilə qardaşlaşma və tərəfdaşlığa dair protokol imzalanmışdır ki, bunlardan ikisi məhz Türkiyənin Ərzurum və Kayseri şəhərləridir. Həmçinin Türk dövlətlərindən Qazaxıstanın Türküstan, Özbəkistanın isə Xivə şəhərləri ilə də qardaşlıq münasibətləri qurulmuşdur. Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulan Macarıstanın Veszprem şəhəri də Şuşa ilə əməkdaşlıq əlaqələri quran şəhərlər sırasındadır".

Aydın Kərimov vurğulayıb ki, torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şərqi Zəngəzur və Qarabağda aparılan bərpa-quruculuq işləri fonunda Şuşada da bir çox məsələlər öz həllini tapmış, iri layihələr həyata keçirilmiş və bu istiqamətdə işlər sürətlə, mütəşəkkil qaydada davam etdirilməkdədir: "Qısa zaman kəsiyində Şuşada 13 abidə, o cümlədən 2 məscid tam bərpa edilib. Şəhərin kommunal və yol infrastrukturunun yenidən qurulması istiqamətində bir çox işlər görülüb".

Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala növbəti dəfə Şuşada olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib. "Şuşa sözlə ifadə olunmayacaq bir şəhərdir",- deyən AK Parti Sədrinin müavini konfransın əhəmiyyətindən bəhs edib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdıran Efkan Ala qeyd edib ki, 2021-ci il 15 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdik: "Münasibətlərimiz xalqlarımızın birliyini ifadə edən möhkəm təməl üzərində qurulub. Bu ilin fevralında ölkəmizin yaşadığı zəlzələ fəlakətində bizə yardım edən ölkələr sırasında Azərbaycanı xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan yardım üçün bütün imkanlarını səfərbər etdi. Var gücü ilə Türk qardaşlarına kömək etməyə çalışan Azərbaycan xalqının dəstəyi həmrəyliyimizin simvoluna çevrilib. Təxminən bir ay əvvəl zəlzələnin episentri olan Kahramanmaraşda Azərbaycanın maliyyələşdirdiyi 1000 mənzil tikintisi layihəsinin təməli qoyulub".

AK Parti sədrinin müavini diqqətə çatdırıb ki, münasibətlərimizin bu cür yüksək səviyyəyə gəlib çatmasında Prezidentlərimizin dostluğunun böyük rolu var. Dövlətlərimiz arasında qardaşlıq anlayışı iki ölkənin hakim partiyaları olan AK Parti ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin möhkəmlənməsinə də öz töhfəsini verir. 2021-ci il iyunun 2-də Ankarada partiyalar arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolu da bu məqsədə xidmət edir.

"Ölkələrimizin həyata keçirdiyi və bundan sonra da reallaşdıracağı layihələr regionda sabitliyə və xalqların rifahına yönəlib. Türkiyə və Azərbaycan beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləyir. Eyni zamanda, xaricdəki diasporlarımız birlikdə fəaliyyət göstərirlər. Ölkələrimiz arasında əməkdaşlığın regionumuzda sülh və rifah üçün nə qədər əhəmiyyətli olduğu aydın görünür. Bilirsiniz ki, Vətən müharibəsində bütün Türkiyənin ürəyi qardaş Azərbaycanla birlikdə döyünürdü. İki il öncə Prezidentlərimizin azad Şuşada imzaladığı müttəfiqlik Bəyannaməsi isə əlaqələrimizi ən yüksək zirvəyə yüksəltdi",- deyə Efkan Ala vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Ramil Həsən isə çıxışında bildirib ki, Qurtuluşdan Zəfərə gedən yol heç də asan olmayıb. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə eyni kökə malik iki dövlətin tarixində yeni səhifə açılıb: "Həm 44 günlük Vətən müharibəsində Zəfərimizin qazanılmasında, həm də ondan sonrakı proseslərdə Türkiyə Azərbaycanın yanında olub və bu gün də yanındadır. Biz bu dəstəyi Türkiyə Böyük Millət Məclisindən də görürük. Parlamentlərimiz birgə əməkdaşlıq çərçivəsində ölkələrimizin haqq səsini dünyaya çatdırırlar. Parlamentlərimizin başlatdığı birgə dəstək layihəsinə artıq digər türkdilli dövlətlərin parlamentləri də qoşulublar. Türkdilli Dövlətlərin Parlament Assambleyası, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk İnvestisiya Fondu, Beynəlxalq Türk Akademiyası və digər təşkilatların səmərəli fəaliyyət göstərməsi Azərbaycan və Türkiyə liderlərinin birgə səylərinin nəticəsidir. Azərbaycan və Türkiyə türkdilli ölkələri bir araya gətirən lokomotiv rolunda çıxış edirlər. Şuşa Bəyannaməsi isə iki ölkənin birliyinin və qardaşlığının təntənəsidir".

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım qeyd edib ki, bu gün Türkiyə Böyük Millət Məclisinin üzvü olaraq müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğu 44 günlük Vətən müharibəsi nəticəsində şəhidlərimizin qanı bahasına azad edilmiş Qarabağ torpaqlarında, Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi, TÜRKSOY tərəfindən 2023-cü ildə Türk Dövlətləri Təşkilatının Mədəniyyət paytaxtı elan edilmiş Şuşada olduğu üçün xoşbəxtdir: "Beynəlxalq konfransı yüksək səviyyədə təşkil etdiyi üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edirəm. Bu gün tarixi bir gündür. Bildiyiniz kimi, iki gün bundan əvvəl hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ənənəsinə sadiq qalaraq ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətindən sonra can Azərbaycana etdi. Burada rəsmi görüşlərində və mətbuata açıqlamasında ciddi mesajlar verdi. Bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında dostluğumuz və müttəfiqliyimiz ən ali səviyyəyə yüksəlib. Bundan sonrakı hədəfimiz isə Türk dünyasında münasibətlərimizi daha da inkişaf etdirməkdir".

Şamil Ayrım bildirib ki, Azərbaycan ilə Türkiyə regionda və dünyada sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarıdır: "Bu mənada, iki dövlət arasında iki il əvvəl imzalanmış Şuşa Bəyannaməsi bir manifestdir. Bəyannamənin əsas mahiyyəti regionda dostluq və tərəfdaşlığın, dayanıqlı sülhün bərqərar edilməsi, kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması kimi məsələləri ehtiva edir. Mən uşaqlığımda həmişə xəyal edərdim ki, görəsən nə vaxtsa müstəqil Azərbaycanın paytaxtı Bakını görə biləcəmmi? Allaha şükür, bu, bizə nəsib oldu. Xəyal etmişdim ki, Şuşaya gedə biləcəmmi? O da qismət oldu. İndi arzu edirəm ki, övladlarımla birlikdə öz avtomobilimlə İstanbuldan çıxıb Zəngəzur dəhlizindən keçərək Şuşaya gəlim. Allah o günü də biz qismət edəcək. Bəli, biz bir yumruğuq, tək canıq, tək millətik!".

Daha sonra konfrans öz işini panel iclası ilə davam etdirib.

Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan, Azərbaycan Respublikasının energetika nazirinin müavini Samir Vəliyev, Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi Dövlət Təşkilatı sədrinin müavini Mustafa Murad Şeker, Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov, SETA Strateji Araşdırmalar Mərkəzinin elmi araşdırmaçısı Ferhat Pirinççi və digərləri çıxışlarında qardaş ölkələrimiz arasındakı münasibətlərdən, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, eləcə də dövlət başçılarımızın rəhbərliyi ilə günbəgün inkişaf edən əlaqələrdən danışıblar.

Konfrans iştirakçıları Şuşa şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Daha sonra Yuxarı Gövhərağa məscidi və Saatlı məscidini ziyarət edib, Ümummilli Liderimizin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev və Qarabağ" fotosərgisinə və XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgiyə baxış keçiriblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi