Prezidentlərimiz cənab İlhm Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında bu gün ikinci ili tamam olan Şuşa Bəyannaməsini yenidən gündəmə gətirdilər. Digər vurğulanan önəmli bir məsələ isə ölkə başçılarının Zəngəzur dəhlizinin mütləq şəkildə açılması, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşməsi, eyni zamanda Azərbaycanın Türkiyə ilə quru əlaqəsinin bərpa olunması oldu. Fikrimcə, Ermənistanın sözügedən toplantıdan sonra və ötən gün Naxçıvanı atəşə tutmasının səbəbi verilən Zəngəzur mesajlarıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın Naxçıvandakı mövqelərimizi atəşə tutması haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Alim Türkiyənin Moskva və Qars müqaviləsinə görə Naxçıvanın təhlükəsizliyinin qarantı olduğunu vurğulayıb:
"Rəsmi İrəvanın dəhlizin açılmasından narahatlıq duyan İran kimi ölkələrlə məsləhətləşmələr aparması ehtimallar daxilindədir. Lakin hazırda bununla bağlı dəqiq bir məlumat yoxdur. Ermənistanın Naxçıvana hücumlarının beynəlxalq hüquqla doğura biləcəyi nəticələr var. Sözügedən məsələyə tarixi kontektdə qısa toxunmaq istəyirəm. Moskva müqaviləsi 16 mart 1921-ci ildə Türkiyə, RSFSR, Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalanıb. Danışıqlarda Azərbaycanın Türkiyədəki səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinski də iştirak edib. Müqavilədə bir çox maddə var, ən önəmlisi isə üçüncü maddədir. Burada deyilir: "Razılığa gələn hər iki Tərəf bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir..."
Sakarya Meydan Müharibəsindən (23 avqust-13 sentyabr 1921) sonra 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi imzalanıb. Anlaşmanın 5-ci maddəsinə görə, Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar statusu tanınıb və Türkiyənin qarant ölkə statusu təsbit olunub. Sözügedən müqavilədə Türkiyənin Gürcüstandakı xalqlarla bağlı qarant ölkə statusu da öz əksini tapıb".
Polkovnik Türkiyənin Şuşa Bəyannaməsinə görə Azərbaycanın müraciəti əsasında Ermənistanın təxribatlarına birbaşa hərbi cavab vermək hüququnun olduğunu vurğulayıb:
"Bu gün ikinci ilini qeyd edəcəyimiz Şuşa Bəyannaməsi də adi bir sənəd deyil. Sənədin tam adı "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"dir və orada da Qars müqaviləsinə istinad edilib. Sənədin ən önəmli maddəsini bir daha Ermənistana xatırladaq: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".
Yəni Türkiyə ehtiyac yaranacağı təqdirdə Ermənistanın və ya hansısa başqa bir dövlətin Azərbaycana qarşı təxribat və təcavüzünün qarşısını almaq üçün prosesə birbaşa müdaxilə edə bilər. Heç kim də buna etiraz edə bilməz, çünki atılan addımlar beynəlxalq hüquqa uyğundur. Hər kəs bütün bu faktorları nəzərə almalı və geriyə dönüşü olmayan addımları atmadan yaxşıca düşünməlidir".
Sadiq Akyar hələlik Naxçıvanda genişmiqyaslı təlimin keçirilməsinin Ermənistana layiqli cavab ola biləcəyini qeyd edib:
"Fikrimcə, indiki kritik məqamda Türkiyə və Azərbaycanın Naxçıvanda Hərbi Hava Qüvvələrinin də iştirakı ilə keçirəcəyi genişmiqyaslı bir təlimlə Ermənistana gözdağı verilə bilər. Ən son Brüssel və Ankarada ölkələrimiz bölgədə sülh istədiklərini bəyan etdilər. Ermənistan bilməlidir ki, belə təxribatların faydası yoxdur. Zəngəzur dəhlizinin açılması ilə isə Çinin "Bir kəmər, bir yol" layihəsi gerçəkləşəcək və bölgə tamamilə fərqli bir mənzərəyə bürünəcək".
Oxu24.com
ŞƏRHLƏR