Laçın rayonunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra ermənilər təşvişə düşüb. Erməni teleqram kanallarının yaydığı məlumata görə Qarabağdakı ermənilər əmlaklarını dəyər-dəyməzinə sataraq buralardan çıxıb gedirlər. Lakin, təklif tələbi üstələdiyindən Xankəndi və ətraf ərazilərdəki mənzillər dəyərindən dəfələrlə ucuz qiymətə satışa çıxarılıb.
Bəs, ermənilərin həyata keçirdikləri alqı-satqı əməliyyatlarının nə dərəcə də hüquqi əsası var? Qarabağda bağlanmış alqı-satqı müqavilələri nə qədər legitimdir?
OXU24.COM bildirir ki, Bizim.Media məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin fikirlərini öyrənib.
Ekspert açıqlamasında bildirdi ki, 44 günlük müharibənin yekununda Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa eləmədi, həm də Qarabağda əcnəbilər tərəfindən "özününküləşdirilən" əmlakların geri qaytarılması hüququnu əldə etdi:
"Bildiyimiz kimi işğal dövründə Ermənistandakı və xaricdəki imkanlı ermənilər Qarabağda çox sayda əmlak almışdı. Və yəqin ki, müəyyən sənədləşdirmə prodseduru da keçirilmişdi. Lakin, ərazi bütövlüyümüz təmin edildikdən sonra ermənilərin "özəlləşdirdikləri əmlak" üzərində hüquqları birmənalı şəkildə itirilmiş oldu.
Çünki, həmin əmlaklar Azərbaycanın müvafiq reyestr xidmətində qeydiyyata alınmalı, alqı-satqılar yalnız Azərbaycan bankaları vasitəsi ilə həyata keçirilməlidir. Təsadüfi deyil ki, 2021-ci ilin əvvəllərindən başlayaraq bu reallığı başa düşən ermənilərin çoxu Qarabağdakı, xüsusən də Xankəndindəki əmlaklarını kütləvi şəkildə satışa çıxardılar. Nəticədə, Qarabağdakı əmlaklar dəyərindən 2-3 dəfə aşağı qiymətə təklif olundu".
Elnur Fərzəliyev onu da qeyd etdi ki, indiki halda Qarabağda yaşayan ermənilər öz əmlaklarını satmaq üçün Azərbaycan dövlətindən kömək istəməlidirlər:
"Çünki, Azərbaycanın müvafiq qurumlarından reyestrdən-qeydiyyatdan keçməmiş istənilən əmlakın alqı-satqısı qanunsuzdur. Və belə əməliyyatların heç bir hüquqi əsası yoxdur. Üstəlik, nəzərə almaq lazımdır ki, ermənilərin satışa çıxardıqları əmlakların bir çoxu 1992-ci ilə qədər azərbaycanlılara məxsus olub. Belə olan halda azərbaycanlıların vaxtilə zəbt olunmuş evlərinin hansısa erməni tərəfindən alqı-satqı predmetinə çevrilməsi tamamilə qanunaziddir.
Bununla bağlı son 30 ildə bağlanmış bütün əqdlərin heç bir hüquqi əsasları yoxdur. Bir sözlə istər Xankəndindəki, istərsə də digər ərazilərdəki əmlakların ermənilər tərəfindən satılması və bağışlanması qanunvericiliklə yolverilməzdir".
Ekspertin fikrincə, ermənilərin ən yaxşı halda həmin mənzillərdə müvəqqəti yaşamaq hüququ var:
"Yalnız işğala qədər əmlak hüququ olan ermənilərin mənzilləri özlərinə qala bilər. O da yalnız Azərbaycan qanunvericiliyinə görə yenidən qeydiyyatdan keçəndən sonra. Bir sözlə, qondarma rejim tərəfindən verilmiş istənilən mülkiyyət hüququnu müəyyən edən sənədlər birmənalı şəkildə artıq öz qüvvəsini itirib. Xankəndində və digər məntəqələrdəki əmlaklar indiki halda Azərbaycan tərəfindən sənədsiz və özbaşına sahiblənilmiş əmlak kimi tanınır".
Oxu24.com
ŞƏRHLƏR