Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87576
az

Ali Məhkəmə mübahisəli məsələlərlə bağlı hüquqşünaslara müraciət edib

14:3321 Aprel, 2023
137
CƏMİYYƏT
  • A

Ali Məhkəmə mübahisəli hüquqi məsələ ilə bağlı hüquqşünaslara müraciət edib.

Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.

Məlumatda bildirilib ki, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında təqdimata baxılması ilə əlaqədar ortaya çıxan mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Cinayət kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılmasına əsas yarandığından, Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinin 419-1-ci maddəsinə müvafiq olaraq həmin məsələ üzrə kollegiyanın bütün hakimlərdən ibarət tərkibdə iclası 2023-cü il 28 aprel tarixə saat 15:00-a təyin edilib.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 419-1.1-ci maddəsinə əsasən “Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən, Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hökm və ya digər qərarının əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Cinayət kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

İclasda baxılması nəzərdə tutulan məsələ üzrə işin halları aşağıdakılardır:

Azərbaycan vətəndaşı Rusiyanın müvafiq rayon məhkəməsinin hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin (bundan sonra “RF CM”) 30-cu maddəsinin 3-cü hissəsi, 228-1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhddə təqsirli bilinmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cinayətə cəhdə görə cəzanın təyin edilməsi məsələsini tənzimləyən (RF CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın yuxarı həddinin dörddə üçündən çox olmamaq şərti ilə cəzanın təyin edilməsini tələb edən) RF CM-in 66-cı maddəsinin 3-cü hissəsi nəzərə alınmaqla qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkumun cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycana verilməsi ilə əlaqədar Azərbaycanın Baş prokurorun müavini Cinayət-Prosessual Məcəlləsinin 522.6-cı maddəsinə müvafiq olaraq, Rusiya məhkəməsinin hökmünün tanınması barədə təqdimatla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına müraciət edib.

Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 4 aprel tarixli qərarı ilə təqdimat təmin edilib, RF rayon məhkəməsinin hökmü Azərbaycan ərazisində icraya qəbul edilib leqallaşdırılmaqla (tanınmaqla) və Azərbaycanın qanunvericiliyinə uyğun tənzimlənməklə məhkumun əməli qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhd kimi qiymətləndirilib, Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif edilib, ona həmin maddələrlə CM-in 63.3-cü maddəsinə müvafiq olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınıb.

Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 4 aprel tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti, prokuror tərəfindən isə kassasiya protesti verilib.

Kassasiya şikayətində məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması barədə tələb irəli sürülüb.

Kassasiya protestində irəli sürülmüş dəlillərə görə isə Rusiyanın rayon məhkəməsinin hökmü tanınarkən və məhkumun əməli Azərbaycanın qanunvericiliyinə uyğun olaraq tənzimlənərkən cinayət qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhd kimi Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə deyil, başa çatmış satış məqsədi ilə qanunsuz olaraq bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli idi.

Ali Məhkəmənin Cinayət kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 4 aprel tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və prokuror tərəfindən verilmiş kassasiya protestinə baxaraq 2022-ci il 18 avqust tarixli qərarla kassasiya şikayətini təmin etməyib, lakin kassasiya protestində irəli sürülmüş dəlillərlə razılaşaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 4 aprel tarixli qərarını ləğv edib, materialı apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edib.

Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Azərbaycanın Baş prokurorunun müavinin təqdimatına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin əvvəl çıxarılmış (Ali Məhkəmənin Cinayət kollegiyası tərəfindən ləğv olunmuş) qərarında əksini tapmış hüquqi mövqe ilə üst-üstə düşən nəticəyə gələrək 2022-ci il 24 oktyabr tarixli qərarla yenidən məhkumun əməlini qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhd kimi qiymətləndirib CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə tövsif edib və həmin maddələrlə CM-in 63.3-cü maddəsinin tələbinə müvafiq olaraq ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini qərara alıb.

Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 24 oktyabr tarixli qərarından Baş prokurorun müavini tərəfindən əvvəlki kassasiya protestində göstərilən eyni dəlillərlə kassasiya protesti verilib və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 24 oktyabr tarixli qərarının ləğv edilməsi, materialın yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb irəli sürülüb.

Hazırda həmin kassasiya protestinə baxan məhkəmə tərkibi ilə bu materiala əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibi arasında hüququn tətbiqi, yəni məhkumun əməlinin Cinayət Məcəlləsinə əsasən tövsifi məsələsində yanaşma fərqi olduğundan, məhkəmə tərkibi tərəfindən mübahisəli hüquqi məsələyə CPM-in 419-1-ci maddəsində nəzərdə tutulmuş prosedurda baxılması məsələsi qaldırılıb.

Məlumatda qeyd edilib ki, mübahisəli məsələnin həllinə dair iki fərqli yanaşma əsasən aşağıdakılarla xarakterizə olunur:

"Bir yanaşmanın əsasında belə bir dəlil dayanır ki, Rusiyanın Cinayət Məcəlləsi məhkumun törətdiyi bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınmasını, şəxs iradəsindən asılı olmayan səbəblərə görə satışı həyata keçirə bilmədikdə Rusiya CM-in 15-ci maddəsinin 5-ci hissəsinə əsasən xüsusilə ağır cinayət kimi təsnif edilən CM-in 228-1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndində nəzərdə tutulmuş narkotik vasitənin satışına cəhd, yəni xüsusilə ağır cinayətin tərkib elementləri kimi səciyyələndirir , müvafiq olaraq da əməl RF CM-in 30-cu maddəsinin 3-cü hissəsi və 228-1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə tövsif olunur.

Ümumiyyətlə, Rusiyanın Cinayət Məcəlləsində satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınmasına görə ayrıca olaraq məsuliyyət müəyyən edilməyib. Rusiyanın Cinayət Məcəlləsinə və bu ölkənin məhkəmə təcrübəsinə görə şəxs satış məqsədi olmadan narkotik vasitəni əldə etdikdə, saxladıqda, daşıdıqda əməl CM-in 228-ci maddəsi ilə tövsif edilir. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması isə onun tərəfindən daha ağır cinayət sayılan narkotik vasitənin satışı cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin bir hissəsinin yerinə yetirilməsi kimi qiymətləndirilir və cinayət təqsirkarın iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmadıqda narkotik vasitənin satışına cəhd kimi Rusiya CM-in 30-cu maddəsinin 3-cü hissəsi və 228-1-ci maddəsinin müvafiq hissəsinin müvafiq bəndi ilə tövsif edilir.

Məhkumun Rusiya CM-in 30-cu maddəsinin 3-cü hissəsi və 228-1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə məhkum olunmasına dair Rusiyanın rayon məhkəməsinin hökmündə də satışa cəhd cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlər qismində onun qabaqcadan əlbir olduğu bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması, avtomobildə daşıması və polis tərəfindən saxlanıldığı, narkotik vasitə götürüldüyü üçün cinayəti başa çatdıra bilməyib satışa cəhd etməsi təsvir edilib.

Rusiya CM-dən fərqli olaraq Azərbaycanın Cinayət Məcəlləsində şəxsin qanunsuz olaraq narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması, eləcə də narkotik vasitəni satması, eyni sanksiyaya səbəb olan və eyni təsnifata aid edilən alternativ cinayət tərkibləri kimi eyni bir maddədə (234.2) təsbit edilib. Yəni, Azərbaycan CM-nə görə narkotik vasitənin satışı satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması ilə müqayisədə daha ağır cinayət hesab edilmir və sonuncular özü-özlüyündə müstəqil (başa çatmış) cinayət əməlləri olmaqla, onlardan daha ağır cinayətin (satışın) konstruktiv elementləri kimi çıxış etmirlər.

Eyni zamanda Rusiyanın CM-nə əsasən qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitənin satışına cəhd xüsusilə ağır cinayət hesab edildiyi və Rusiyanın CM-in 66-cı maddəsinin 3-cü hissəsinin tələbi nəzərə alınmaqla 10 ildən 15 ilədək (sanksiyanın yuxarı həddi 20 ildir) müddətə azadlıqdan məhrum etmə cəzası və əlavə cəzalarla cəzalandırıla bildiyi halda, Azərbaycanın CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmaqla həmin əməl xüsusilə ağır deyil, ağır cinayət kimi təsnif edilir.

Odur ki, şərh edilən yanaşmaya uyğun şəkildə əməlin tövsifi məhkumun vəziyyətini ağırlaşdırmadığından, əksinə (cinayətin təsnifatını xüsusilə ağır cinayətlər növündən ağır cinayətlər növünə dəyişdirməklə) yüngülləşdirdiyindən onun Rusiya CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 228-1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə satışa cəhd kimi tövsif edilmiş, qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması əməlləri satışa cəhd kimi CM-in 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə deyil, həmin əməlləri başa çatmış cinayət kimi təsbit edən CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməlidir.

Bu mövqeyə görə, əks yanaşma, yəni əməlin Azərbaycan CM-in 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif edilməsi qabacadan əlbir olan bir qrup şəxsin satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməsinin, saxlamasının, daşımasının cinayət olduğunu nəzərə almır və məhkuma cəzanın CM-in 63.3-cü maddəsinə müvafiq olaraq təyin edilməsini şərtləndirməklə, həm cinayətin faktiki hallarının qiymətləndirilməsi, həm də onlara görə cəzanın müəyyənləşdirilməsi baxımından Rusiya məhkəməsinin hökmü ilə müqayisədə (ona uyğun olmayan şəkildə) məhkumun vəziyyətini yüngülləşdirir.

Digər yanaşma isə ona əsaslanır ki, Azərbaycanın qoşulduğu və 2000-ci il 12 dekabr tarixli 43-IIQ nömrəli Qanunu ilə ratifikasiya etdiyi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasının 10-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən hökmün icrası davam etdirildiyi halda, hökmü icra edən Dövlət əməlin hüquqi tövsifini və cəzanın müddətini hökmün çıxarıldığı Dövlətin müəyyən etdiyi kimi tanıyır. Buna baxmayaraq, əgər cəzanın xarakteri və müddəti hökmü icra edən Dövlətin qanunvericiliyi ilə bir araya sığmırsa və ya bu Dövlətin qanunvericiliyi tələb edirsə, onda hökmü icra edən Dövlət cəzanı analoji hüquq pozuntusuna görə daxili qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalara uyğunlaşdıra bilər.

Bu Konvensiya məhkum cəzanı çəkmək üçün vətəndaşı olduğu dövlətə verildikdə, hökmlə müqayisədə onun vəziyyətinin pisləşdirilməsini istisna etdiyi kimi, "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında" 1994-cü il 26 may tarixli Müqavilənin,"Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzasının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında" 1998-ci il 6 mart tarixli Konvensiyanın müddəaları və Azərbaycan Respublikasının milli qanunvericiliyi də buna yol vermir.

RF rayon məhkəməsinin hökmü tanınarkən şəxsin əməli Rusiya CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 228-1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndindən, yəni qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitənin satışına cəhddən Azərbaycan CM-in 234.4.1, 234.4.3-cü maddələrinə, yəni başa çatmış qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşımaya tövsif edildikdə, faktların hüquqi qiymətləndirilməsi (əməlin hüquqi tövsifi) baxmından məhz belə ağırlaşdırma (məhkumun vəziyyətinin pisləşdirilməsi) baş verir.

Belə ki, Rusiya CM-dən fərqli olaraq Azərbaycanın Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən narkotik vasitənin satışı, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanması, daşınması ilə müqayisədə daha ağır cinayət hesab edilmir və CM-in 234.2-ci maddəsində (eynilə, müvafiq tövsifedici əlamətlərlə müşayiət olunduqda CM-in 234.4.1, 234.4.3-cü maddələrində) eyni sanksiyaya malik olan və eyni təsnifata (ağır cinayətlərə) aid edilən alternativ əməllərdən biri kimi təsbit edilir.

Bu səbəbdən şəxsin əməli başa çatmış cinayət kimi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edildikdə faktiki olaraq bu maddələrlə ehtiva olunan qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitənin satışı da bitmiş, yəni artıq CM-in 63.3-cü maddəsinin tələbi nəzərə alınmadan daha ağır (12 il müddətə) cəzanın təyin edilməsini şərtləndirən cinayət kimi qiymətləndirilmiş olur (eyni zamanda xarici dövlətin məhkəməsinin hökmündə təsvir edilmiş bütöv əmələ deyil, onun tərkib elementlərinə, yəni faktiki halların bir hissəsinə hüquqi qiymət verilməklə, həmin hökm yolverilməz dərəcədə təftiş edilir).

Müvafiq olaraq da yuxarıda qeyd olunan beynəlxalq aktların və milli qanunvericiliyin əməlin hökmü çıxarmış dövlətin cinayət qanununa uyğun olaraq tövsif edilməsinə, şəxsin vəziyyətinin xarici dövlətin məhkəməsinin hökmü ilə müqayisədə pisləşdirilməməsinə dair tələblərin pozuntusu baş verir.

Yuxarıda təsvir edilən mübahisəli məsələnin hüququn tətbiqi ilə bağlı olmaqla onun düzgün həll olunmasının müvafiq sahə üzrə məhkəmə təcrübəsinin formalaşmasında mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq, hüquq ictimaiyyətinin nümayəndələrindən ona münasibət bildirməyi və əsaslandırılmış yanaşmalarını əks etdirən mülahizələri məsələyə Ali Məhkəmənin Cinayət kollegiyasında kollegiyanın bütün hakimlərindən ibarət tərkibdə baxılmasınadək (2023-cü il 28 aprel tarixinədək) yazılı qaydada Ali Məhkəmənin Cinayət Kollegiyasının elektron poçt ünvanına ([email protected]) təqdim etməyi xahiş edirik".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Sovetski"də gecə söküntüsü: Generalın şirkəti evləri dağıdıb? - VİDEO
Gələn il ehtiyac meyarı artırılır -Kimlərə sosial yardım veriləcək?
COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi -QƏTNAMƏ

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi