"Əgər hər hansı ölkənin xalqı öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar".
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Nahaqqa haqq donu geydirən, yalanı həqiqət qiyafəsində bizə təbliğ edən, əyrilər zəmanəsini yaşantı modelinə çevirən rus imperiyası siyasətinin qorxu kabusu mənəvi həyatımıza ağır zərbə vurmuşdu. Yaşanmış bu ağrıları, sarsıntıları aradan qaldırmadan halalımız olan mənəvi dünyamızı bərpa edə bilməzdik. Bu son dərəcə mürəkkəb sosial-siyasi problemlərin həllini tələb edirdi. Bu işdə Ümumilli Lider Heydər Əlirza oğlu Əliyevin xidməti əvəzsiz və təkrarolunmazdır.
Çağdaş Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi sistemin, mədəni-mənəvi həyatın son 30 ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi dərin zəkaya, ensiklopedik biliyə və qurucu kimi tarixi təcrübəyə malik fenomen bir şəxsiyyət olan dahi Heydər Əliyevin fövqəladə əməli fəaliyyəti ilə bağlıdır. 1993-cü ilin təlatümlü yay günlərində Yeni Azərbaycan qurmaq amalı ilə Ümumilli Liderin respublika rəhbərliyinə qayıdışı tariximizdə yeni bir səhifə açdı. Bu qayıdışın başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, mənəvi dəyərlərin bərpası və qorunub saxlanılmasına xidmət edən bir strategiya təşkil edirdi. Ümumilli Lider Heydər Əliyevin fəaliyyətində iqtisadi və siyasi islahatların reallaşdırılması bir başlıca amala, eyni zamanda Azərbaycan dövlətinin atributlarının yaradılmasına, bunların ümumdünya siyasi dəyərlərə qovuşmasına və bu zaman Azərbaycan gercəkliyinin özünə məxsusluğunun qorunub saxlanmasına xidmət edirdi. Məhz belə bir strategiyanın reallaşdırılması nəticəsində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında əsl dönüş yaradılıb, beynəlxalq norma və prinsiplərə uyğun yeni dövlət quruculuğu prosesi başlanmışdır.
Azərbaycan Respublikasının siyasi həyatında yeni mərhələ 1993-cü ilin 15 iyununda Ümumilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən Azərbaycana hakimiyyətə gəlməsindən başlandı. Ölkədə köklü ictimai, siyasi və iqtisadi dəyişikliklər baş verdi. O, dərhal ölkə qarşısında duran problemləri həll etməyə çalışdı. Gəncə hadisələri, Cənub bölgəsində və «Sadval»çıların separatizminin qarşısını çox bacarıqla aldı. Ayrı-ayrı silahlı qruplaşmalar ləğv edildi. Xalqın siyasi sabitlik və əminamanlıq arzuları reallaşmağa başladı. 1988-ci ildən başlayan Ermənistan Azərbaycan müharibəsində atəşkəsə nail oldu-1994-cü ildə «Atəşkəs» elan olundu.
Bütün bunlar Azərbaycan iqtisadiyyatının mahiyyətini dəyişdirməyə münbit şərait yaratdı və ölkə azad bazar iqtisadiyyatının prinsipləri əsasında inkişaf etməyə başladı. Xarici siyasətdə də böyük nailiyyətlər əldə edildi. 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi» adlandırılan müqaviləni imzalamaqla Azərbaycanın yeni neft strategiyasını müəyyən etdi. Ümumilikdə dünyanın 10 ölkəsinin (1+10 müqaviləsi adlanır) şirkətləri ilə imzalanan bu müqavilə ilə Azərbaycan Respublikasının suveren hüquqları bərpa olundu. Azərbaycanın tam müstəqil dövlət olduğunu bütün dünyaya bir daha bəyan etdi.
Təsadüfi deyil ki, 1993-cü ildə Ulu Öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir". Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan Ulu Öndər 1997-ci ildə deyəcək: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, qanunun aliliyinin təmin olunması əsas vəzifəmizdir".
Demokratik hüquqi dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi.
Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi Öndərimiz bununla bağlı xüsusi yaradılmış komissiyaya şəxsən rəhbərlik etmişdir.
"Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik" - deyən Ulu Öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosoflarının elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Bu böyük tarixi işin memarı da Heydər Əliyev oldu. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi xalqımızın həyatında, həm dövlətçiliyimiz, həm də cəmiyyətin ayrı-ayrı üzvlərinin mənafeləri baxımından böyük içtimai-siyasi hadisəyə çevrildi.
Bu hadisə Azərbaycanın dünya birliyində mövqelərinin möhkəmləndirilməsinə doğru atılmış önəmli bir addım oldu. Azərbaycan xalqının tarixində ilk demokratik, tərəqqipərvər, beynəlxalq hüquq normaları və prinsiplərini özündə əks etdirən əsas qanuni memar da Heydər Əliyev oldu. Həqiqətən də, bu sənəd dünyanın mütərəqqi konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.
Bunu ardınca, Ümumilli Lider Heydər Əliyevin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi Ulu Öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.
Ümummilli Liderimiz 3 fevral 1998-ci il tarixli müraciətində deyirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Bir qədər sonra, həmin ilin dekabrında BMT-nin Ümumdünya insan hüquqları bəyannaməsinin 50 illik yubileyi tədbirində bu addıma qiymət verərək, o demişdi: "Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir".
Daha sonrakı illərdə, onun gərgin fəaliyyəti nəticəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsi”, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsi”, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi”, “Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.
Ümumilli Lider Heydər Əliyev azərbaycanı öz milli mədəniyyəti, elmi, ədəbiyyatı və musiqisi ilə dünyaya qəbul etdirmiş, çoxşaxəli fəaliyyət istiqamətlərini asanlıqla yürütmək iqtidarında olan bir şəxsiyyət və böyük azərbaycanlı idi.
Ulu Öndər Heydər Əliyev yeni əsrin ilk illərində dövlət dilinin – Azərbaycan dilinin inkişafına və tətbiq edilməsinə xüsusi diqqət yetirərək, 2001-ci ilin avqustun 9-da “Azərbaycan əlifbası” və “Azərbaycan dili gününün təsis edilməsi haqqında” sərncamlar imzalamışdır. Bu Ümumilli Lider Heydər Əliyevin hələ 1978-ci ildə təzyiqlərə baxmayaraq «Azərbaycan dili Azərbaycan SSR-in dövlət dilidir» maddəsinin Azərbaycan SSR-in Konstiusiyasına salmasının bəhrəsi idi. Belə ki, vaxtilə Şah Xətainin “Azərbaycan dili dövlət dilimdir, Mənəvi varlığım, qeyrət dilimdir” kimi arzuları böyük Azərbaycan oğlu Heydər Əliyevin fəaliyyəti və dəyanəti ilə reallığa çevrildi.
Təbii ki, Ulu Öndər Heydər Əliyev tərəfindən görülən işləri sadalamaqla bitməz. Mənə görə onun xalqımız qarşısında ən böyük əməyi özünün layiqli davamçısını bir lider və dğvlət xadimi kimi yetişdirərək dövlətə və millətə bəxş etməsi olmuşdur. Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciət edərkən “Mən inanıram ki, mənim sona kimi başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları İlham Əliyev sizin dəstəyiniz və köməyinizlə axıra qədər başa çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” demişdi. 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevə böyük etimad və dəstək göstərərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Bunlarla yanaşı, həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənməkdədir.
Bütün bunların fonunda, Vətətn müharibəsində əldə olunan zəfər də məhz Ulu Öndər Heydər Əliyevin ideyalarınını təntənəsi idi. Onun müəyyənləşdirdiyi modern ordu quruculuğu konsepsiyası, Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin dahi intelekti, yüksək hərbi strateqliyi zəfəri reallaşdırdı. İkiəsirlik münaqişəyə, 30 illik savaşa, 1 milyondan artıq məcburi köçkünün yurd həsrətinə son qoyuldu.
Bu gün azərbaycançılıq və dövlətçilik kimi amalları ilə xalqımız dünya xalqları arasında öz layiqli yerini şərəflə tutur və bu böyük quruculuq işinin memarı adını əbədiyyətə yazmış Heydər Əliyev oldu!
İsmayıl Əliyev
Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə müşaviri
Oxu24.com
ŞƏRHLƏR